Növbəti dəfə ədəbiyyat üzrə Nobel mükafatını ala bilməyən yaponiyalı yazıçı Haruki Murakaminin “Norveç meşəsi” romanında xırda bir detal var: əsərin əsas personajlarından birinin kitab mağazasının sahibi olan atası Yaponiyadan Uruqvaya köçməyi xəyal edir.
Yaponiya və Uruqvay. Bizə və bir-birinə uzaq iki ölkə. Biri dünyanın ən inkişaf etmiş, ən varlı 10 ölkəsindən biri, o biri dünyanın ən kasıb 10 ölkəsindən biri. (Təsəvvür edin ki, hazırda Yaponiyanın ÜDM-nin həcmi 5 trilyon, Uruqvayınkı isə 3 milyard dollardır).
Sözü gedən əsərdə söhbət 45-46 il öncənin Yaponiya və Uruqvayından getsə də, hazırda olduğu kimi, o vaxtlar da Yaponiya iqtisadi rifaha, əhalinin firavanlığına və hərtərəfli inkişafa görə Uruqvaydan dəfələrlə üstün və bir neçə onillik öndə olub. Amma işə baxın ki, adam çiçəklənən Yaponiyanı, abad Tokionu, demokratik rejimdə yaşamağı qoyub Uruqvaya, aqrar ölkəyə, o zamanlarda diktatura tərəfindən idarə olunan bir yerə getmək istəyir.
Ötən il “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun Hindistan səfərinə dair qeydlərində də belə bir epizod vardı: gənc hindli ondan yapışır, dil tökür və “xaraba” adlandırdığı bu ölkədən köçüb getməsinə, başqa bir ölkəyə sığınmasına yardımçı olmağı xahiş edir.
Durum budur: hazırda hər il minlərlə uruqvaylı Braziliyaya köçür və ya köçmək istəyir, on minlərlə braziliyalı ABŞ-a və Almaniyaya köçür və ya köçməyi xəyal edir, minlərlə alman ABŞ-a köçməyi planlaşdırır, on minlərlə rusun ürəyi Almaniyadadır, yüz minlərlə azərbaycanlının, erməninin, özbəkin, tacikin fikri Rusiyaya yerləşməklə məşğuldur.
Milyonlarla çinlinin arzusu dünyanın başqa, əhalisi seyrək olan ölkəsinə getməkdir. Benqallar üçün heç fərqi yoxdur, dünyanın yerdə qalan 200 ölkəsindən birinə getmək istəyirlər, təki öz ölkələrindən çıxsınlar, xaricdə olsunlar. Müharibə gedən Yaxın Şərq ölkələrinin əhalisi də canlarını xilas etmək üçün sığınacaq verən istənilən ölkəyə getməyə hazırdırlar. Lap uzaq Avstraliya, Yeni Zelandiya, İslandiya olsun, onlara fərqi yoxdur.
Adıçəkilən bu ölkələrdə isə ABŞ-a, İngiltərəyə köçmək arzusu şiddətlidir. Dünyanın mərkəzi yerləri daha cazibədardır.
Deyəsən, təkcə ABŞ camaatı öz 50 ştatından başqa bir yerə köçmək istəmir, çünki amerikalılar bütün dünyanı özlərindən geridə və ucqarda hesab edirlər, düşünürlər ki, dünyanın mərkəzi ABŞ-dır. Bununla belə, ABŞ-da da bir ştatdan o biri ştata köçmək dəbi var. Hər il minlərlə adam cənub ştatlarından şimala, şimaldan cənuba, qərbdən şərqə, şərqdən qərbə və digər variasiyalar üzrə köçhaköçdədir.
Yəni köçmək insan oğlunun stixiyasıdır, dünya binnət olandan bəri insanlar ən primitiv nəqliyyat vasitələri ilə, hətta pay-piyada ölkədən-ölkəyə, qitədən qitəyə köçüblər. “Verməzlər aman bizə, köçək gedək buralardan” ritorikası qədimlərdə də aktualmış.
Əlbəttə, bu cür köçlərin həmişə tutarlı, həyat əhəmiyyətli səbəbləri olub. İnsanlar ya xroniki aclıqdan, səfalətdən, ya da kütləvi qırğından qurtulmaq üçün öz daimi yaşayış yerlərini tərk edib uzaqlara gediblər. Eyni motiv günümüzdə də keçərlidir. Hamı başqa ölkəyə ya yaxşı yaşamaq, ya da ümumiyyətlə yaşamaq, sağ qalmaq üçün gedir.
Azərbaycan da ümumdünya köçünün yolunun üstündədir. Bura köçənlər də var, köçmək istəyənlər də. Burdan köçmək istəyənlər isə qat-qat artıqdır.
Bu baxımdan, köç havasına köklənənlərə anlayışla yanaşmaq lazımdır. Bəziləri onları az qala vətənə xəyanətdə, satqınlıqda suçlayır. Hətta o gün bir sosial şəbəkə fəalı yazmışdı ki, köçmək istəyib köçə bilməyənlər köçüb getsəydilər, ölkəni qurmaq olardı. Bu xanım köçənlərin vətəndaşlığının və seçki hüququnun ləğv edilməsini məqsədəuyğun saydığını yazırdı.
Sanki öz ölkəmizdəki vətəndaşların seçki hüququnun olması nəyisə həll edir və guya ki, vətəndən köçmək istəyənlər qalanlara “ölkə qurmaqda” mane olurlar. Absurd.