Bu yaxında müsavatçılar Avropada toplantı keçirdilər, şəkillərinə gözucu baxdım, salonda, necə deyərlər, iynə atsan yerə düşməzdi – o dərəcə çox adam gəlmişdi. Demək hazırda mühacirətdə olan müsavatçı sayı vətəndə qalan müsavatçı sayından çoxdur. Buna yalnız təəssüf eləmək olar.
Görünür, müsavatçılar uzun illərin repressiyalarına dözmədilər və başqanları İsa Qəmbərin qabaqlar dediyi “Bizim taleyimizdə dustaqlıq və öldürülmək də ola bilər, yalnız mühacirət heç vaxt olmayacaq” sözlərini unutdular. Hər halda, müsavatçılar Azərbaycan xalqının mübariz, siyasi cəhətdən fəal, dünyagörüşlü hissəsidir, onların vətəni tərk etməsi şəxsən mənim üçün böyük itkidir.
Gedənlərin yeri dolmur, hərçənd bir məşhur məsəl var, deyir müqəddəs yer boş qalmaz. Yəqin biz tərk edərkən öz yerlərimizi murdarlayıb getməyə alışdığımızdan həmin yerlərə sonra kimsə gəlmir. Bu xüsusən siyasi partiyaları tərk edənlərə aiddir. Hər kəs sanki daha çox biabırçılıq törədib getməyə çalışır. O cümlədən, hər kəs mühacirətə gedəndə vətənlə körpüləri yandırıb darmadağın etmək istəyir.
Gedənlər o tərəfdə söyür, qalanlar bu tərəfdə. Yazıq vətən, yazıq Azərbaycan… Burda qalanlar deyirlər ki, kaş gedəydik, filan fürsətləri itirməzdik. Ancaq bir az artıq danışdıranda görürsən ki, bu adam bu “potensialla” Avropaya gedib hansısa alim, ziyalı, cəmiyyətə xeyirli şəxs olmayacaq. Hətta mümkündür Avropanı da batırsın. Terrorçu olsun, yaltaqlıq və yalançılığı, alçaqlıq, satqınlıq və dəyyusluğu orda da davam etdirsin. O qədər belə tiplər görmüşük…
Azərbaycan ayıbını örtənlər varmış, Avropa şəffaflığı sayəsində adam olur sabun köpüyü. Partlayır, tüpürcək kimi hər yana yayılır. Avropa bu tiplər üçün lakmus kağızı, özünəməxsus sosial indikator rolunu oynayır. O sağlam mühitə düşən kimi bu virusların iç üzü açılır, aqressivləşir, hər yana, xüsusən vətəndə qalanlara ağız atırlar. Təəssüf ki, media sahəsində də belə tiplərdən vardır.
Mühacirət ümumən çox ağır hadisədir, anlayan üçün. Vətəni itirmək, doğma cəmiyyətdən uzaqlaşmaq sosial varlıq olan insan üçün sağalmaz faciədir. Təəssüf ki, çoxları bunu gec başa düşür. Mən Qərbə mühacirəti “cənnətə düşməklə” ifadə edənlərə yalnız bir xatırlatma edərdim: cənnətə düşmək üçün öncə ölməyin lazım olduğunu unutmayın. Kim ölüb dirilməyi göz altına alırsa, buyursun, uğurlu yol diləyirik.
Yazını bir qrup oxucudan aldığım məktubla bitirirəm: “Biz Tibb Universitetini (ATU) bitirən, Türkiyədə uzmanlıq üzrə təhsil ala bilmək üçün TUS imtahanına hazırlaşan 500-600 nəfər tələbəyik. Gündə 9-10 saat oxuyan bir kütləyik. Çoxumuz işləyirik. İşdən çıxıb axşam saat 10-11-ə kimi oxuyuruq. TUS ttps://www.facebook.com/hashtag/tus?source=feed_text&story_id=1296554767029676 imtahanı dünyanın ikinci çətin imtahanı seçilib. Xalqımız üçün çətin bir yola qədəm qoymuşuq. Oxuyub, savadlı həkim olub, qayıdıb bu millətə xidmət eləmək istəyirik. Bizlər gələcəyin ziyalı təbəqəsini yaratmağa çalışan, getdikcə sayı azalan toplumuq. Tək istəyimiz isə Bakıda axşam saat 10:00-11:00-a kimi işləyən bir KİTABXANANIN olmasıdır.
Bu ilin fevral ayından AMEA-nın oxu zalında şərait yaradılmışdı. Gedib təmənnasız oxuyurduq. Ancaq təəssüf ki, bu şərait də rəsmi yaradılmamışdı. Xahiş, minnətlə icazə verilmişdi ki, oranın oxu zalından istifadə edək. İndi isə saat 17:00-dan sonra bağlamağa qərar veriblər. Səbəb – ayrılan maddi vəsaitin bizə görə ikinci növbə işləyən kitabxananın kommunal xərclərini ödəyə bilməməsidir. AMEA-nın kitabxanasının rəhbərliyi bunu deyir. Bu boyda Bakıda bir kitabxana tapa bilmirik ki, gedib axşam 10-11-ə kimi oxuyaq. Bu gün rəhbərliyin qəbulunda olduq. Dedilər, gedin yuxarı instansiyalara müraciət edin. Rəsmi icazə ala bilsəz, gəlin oxuyun. Bu mövzunu ictimailəşdirməklə bizə kömək etməyinizi istəyirik. Niyə Türkiyənin kitabxanaları 24 saat fəaliyyət göstərir, bizim kitabxanalar yox!? Axundov kitabxanasına yazılı, şifahi müraciət etdik. Sözləri bu oldu ki, uzatmırıq vaxtı, yaxşı eləyirik”.
Məncə, dövlət bu gənclərə şərait yaratsın, əks halda, sabah elə o məmurlar özləri də həkim tapa bilməyəcəklər, xarici xəstəxanaların yollarında öləcəklər. Burdakı “həkimlər” isə onların sağ ayağı yerinə, başını kəsəcək. Axı 21-ci əsrdə paytaxtında kitab oxumağa salon olmayan dövlət mağara quruluşu kimi bir şeydir.