Bu yazının yazıldığı vaxt (gündüz saat 11) gündəlik qətl statistikası belədir: iki kişi öz ömür-gün yoldaşlarını amansızlıqla öldürüb. Hadisənin biri Bakıda, o biri Zərdabda baş verib.
Öldürülən qadınların biri gəncdir (23), digəri orta yaşın gəncidir (37).
Zərdabda baş verən qətl qısqanclıq zəminində olub, Bakıdakı ailə-məişət zəminində.
Zatən, qadınların (bəzən də kişilərin) qətli ilə nəticələnən qovğalar məhz bu iki zəmində olur. Bu ölkədə arvadını siyasi baxışlarına görə öldürən olmayıb. Hərçənd həmin motivlə döyən başıxarablar ola bilər.
Bəzi jurnalist dostlar hesab edirlər ki, media belə xəbərləri verməməlidir, çünki bu kimi xəbərlər, eləcə də qoşulub qaçmalar, xəyanətlər, ailəiçi zorakılıqlar “sarı mətbuat”a aid xəbərlərdir.
Amma elə deyil. Dünyanın hər tərəfində, xüsusilə də mədəni ölkələrdə bu cür xəbərlər qəzetlərin manşetinə çıxır, telekanalların xəbərlər bülletenində yer alır, tok-şoularda müzakirə olunur.
Məsələn, qardaş Türkiyədə (arvad öldürməkdə onların da üzü ağdır) demək olar ki, hər gün “daha bir (hərdən iki) qadın kişi terrorunun qurbanı oldu” kimi xəbərlər gedir, ardınca buna etiraz edən ictimai fəalların aksiyasını göstərirlər. Fəallar bu cür transparantlar qaldırırlar: “Qadına şiddətə hayır!” “Kahr olsun erkək terroru” və s.
Özü də Türkiyədə kişilər çox vaxt boşandıqları qadınları öldürürlər. Yenə qısqanclıq zəminində. Sual çıxa bilər ki, adam boşandığı qadını niyə qısqansın ki. Amma bu, bir Şərq kişisi. Hər zaman qısqancdır, ölümünə qısqanar və deyər, “kimsəyə yar etməm səni”.
Əvvəllər elə bir ritorika bizdə də vardı, maniakalcasına sevən biri öz nazlı yarını hədələyirdi ki, ya mənim olassan, ya da qara torpağın. Başqa variant yoxdur. Sanki bu 7 milyard əhalisi olan dünyada cəmi bir qız var və adam onu almasa, ömürlük bədbəxt olacaq.
Əlbəttə, bu, yumşaq desək, dəlilikdir. Adama deyərlər, rəhmətliyin oğlu, bir qadın səni istəmirsə, məsələ bitmişdir, özünü zorla sevdirəcəksənmi, rədd ol o tərəfə, get, anqır, tayını tap.
Son illərdə bu cür ailəiçi zorakılıqların, qətllərinin artmasının səbəbini psixoloq və sosioloqlar daha yaxşı bilər. Kriminalistlik iş deyil bu.
Çünki qatilə baxırsan ki, ömründə bir toyuq başı kəsməmiş adamdır, fağırın biridir, avtobusda yol gedəndə qəza vəziyyəti yaradaraq sərnişinləri qırmaq üzrə olan sürücüyə belə “ay qardaş, maşını ehtiyatlı sür” deyəcək qədər cəsarətə malik deyil, səhər işinə, axşam evinə gedən zəhmətkeşdir, amma gəlib arvadını baltalayıb.
Bu qətl barədə telekanallara danışan qonşu xalalar və ağsaqqallar adətən deyirlər: “Sakit ailəydi, kişi də sakit adam idi, heç gözləməzdik ki, belə bir hadisə olsun”.
Demək, başqa səbəblər varmış. Sosioloqları dindirsən, deyəcəklər ki, qətlin gizli motivi kasıbçılıqdır, ailə maddi sıxıntı çəkməsə, belə hadisə baş verməzdi. Təbii ki, onlar xeyli dərəcədə haqlıdırlar. 15-20 illik ailələrdə kişilər arvadları daha çox maddi sıxıntılar və qarşı tərəfin tələbkarlığı, deyingənliyi üzündən öldürürlər.
Gənc ailələrdəki qətli şərh edən psixoloqlar isə ön yerə “qısqanclıq zəmini”ni qoyur, bu xüsusda intensivləşmiş ünsiyyət vasitələrinin (çatlaşma, mesajlaşma və s.) rolunu qeyd edirlər. Gerçəkdən də son vaxtlar gənc kişilər arvadlarını nəyə görə öldürdüklərini izah edərkən, “telefonunda yad kişinin mesajını gördüm” deyirlər.
Bu paraleldə belədir: “yad kişilərin mesajları” çox təhlükəlidir, qətlə səbəb ola bilir. “Yad qadınların mesajları” isə o qədər də qorxulu deyil, ən pis halda üzütüpürcəkli olmaqla və normalda yeyilməsi mümkün olmayan qida məmulatlarını yediyini etiraf etməklə məsələni bağlamaq mümkündür.
Amma çox paradoksaldır, 3-5 il əvvəl “Vağzalı” sədaları ilə, biri bir qəpiyə düşən “Allah xoşbəxt eləsin”, “qoşa qarısınlar”, “min budaq olsunlar” alqışları ilə ailə quran, toy günü bir-birinə sevgi dolu baxışlarla tamaşa edən cütlüklər necə olur ki, qatilə və qurbana çevrilirlər?
Bax, əsas məsələ, savadlı adamlar demişkən, bu metamorfoza prosesini öyrənməkdir.