ABŞ-da prezident seçkilərinə olduqca az bir zaman qalıb.
Namizədlər hər gün seçicilər qarşısına çıxaraq öz proqamlarını və vədlərini durmadan təkrarlayırlar.
Hər bir namizədin iqtisadi proqram və seçki platforması təmsil etdikləri partiyanın ideoloji zəmininə uyğun hazırlanaraq seçicilərə təqdim olunur.
Hamıya bəllidir ki, Demokrat partiyasından olan namizədlər bir qayda olaraq sosial proqramlara daha çox xərclərin ayrılmasından, bundan irəli gələrək isə vergilərin artırılmasından, iqtisadiyyata dövlət tərəfindən fəal müdaxilə edilməsindən yana olublar. Bu cəhətdən ABŞ Demokrat partiyası əslində Avropadakı klassik Sosial-demokrat partiyasını xatırladır.
Respublikaçılar isə mərkəz-sağ, mühafizəkar görüşlərə, proqramlara daha çox üstünlük verirlər. Onlar görə ABŞ federal hökumətinin iqtisadiyyata daha az müdaxilə etməsinə tərəfdar olduğunu bildirir, habelə vergilərin azaldılaması yolu ilə iqtisadiyyatın stimullaşdırılacağını düşünürlər.
Musavat.com xarici mətbuata istinadən həm Hillari Klinton, həm də Donald Trampın iqtisadi vədlərindən bəzilərini oxuculara çatdırır.
Xanım Klinton qalib gələcəyi təqdirdə maliyyə sektorunu sabitləşdirəcəyini bildirir.
“Hillari Klintonun planı nizamlayıcılara daha çox səlahiyət verilməsini nəzərdə tutur ki, bu da riskli şirkətlərin, habelə bankların və digər maliyyə müəssisələrinin yenidən qurulmasına və ixtisar edilməsinə gətirib çıxaracaq. Hillari Klinton bank sistemində HEC-fondların, sərmayə banklarının və digər maliyyə şirkətlərində şəffaflığın artırılmasına çalışacaq”, – namizədin press-relizində yazılır.
The Wall Street Journal-ın yazdığına görə, demokrarlar 4 yaşına qədər uşaqlı ailələrə əlavə güzəştlər vəd edir.
Klintonun gətirəcəyi yeni sistem bir uşağa görə vergi yükünün 2 min dollara qədər azaltmağı nəzərdə tutur.
Bundan başqa, aşağı gəlirli insanlar üçün vergilərin azaldılması da proqramda yer alıb.
Hillari Klintonun komandası nəzərdə tutulan bu vergi güzəştlərinin büdcə üçün 150-200 milyard dollar məbləğində qiymətləndirib.
Qeyd etmək lazımdır ki, Klintonun proqramında bu böyüklükdə maliyyə yükünün imkanlı vətəndaşların üzərinə yıxılması nəzərdə tutulur. Daha doğrusu, onların ödəyəcəkləri vergilərin artırılması planlaşdırılır.
“Varlılıar daha yüksək vergilər ödəməlidirlər. Bu ölkəmiz üçün daha ədalətli və dürüst davranış olar”,- xanım Klinton bəyan edib.
Klintonun proqramında ABŞ-ın imkanlı vətəndaşlarından alınacaq böyük vergilərin büdcə gəlirlərini 1,4 trln dollara qədər çıxaracağı düşünülür. Bu ABŞ-da varlı təsərrüfatların 1%-nin hazırkı ilə nisbətən 117,5 min dolllar daha artıq pul ödəməsinə gərtirib çıxaracaq.
Vergilərin yüksəldilməsi ABŞ-da illik gəlirləri 143 min dollardan artıq olan daha imkanlı əhalisinin 20%-nə toxunacaq.
Bundan başqa, demokrat namizədin proqramında orta və böyük yaşlı uşaqlara malik ailələr üçün vergi kreditlərinin artırılması, habelə aşağı gəlirli işçilərə daha böyük güzəştlərin verilməsi nəzərədə tutulub.
Klinton tibbi xərcləri yüksək olan ailələrə, habelə yaşlı valideynlərinə və qohumlarına qulluq edən şəxslərə də vergi güzəştləri təqdim olunacağını vəd edib.
Klintonun planlarında ailənin xəstə üzvünə yardım edəcək şəxsə 12 həftəlik tibbi məzuniyyətin verilməsi də yer alıb.
Olduqca cazibəli görünən vədlərə rəğmən plan ABŞ-da iqtisadçı ekspertlər tərəfindən ciddi surətdə tənqid olunur.
Əsas vergi yükünün varlıların üzərinə qoyulmasının yollarından biri də daşınmaz əmlakla bağlı vergilərin cari 40%-dən 45%-ə qədər artırılmasıdır. Bu isə 2009-cu ilin səviyyəsinə geri qayıtmaq deməkdir. Klinton dəyəri 500 milyon dolları ötən ən iri daşınmaz əmlak obyektlərinə qoyulacaq vergilərin 65%-ə qədər artırmağı planlaşdırır.
Hillari Klintonun rəqibi Donlad Tramp isə uşaqlara qulluq üçün yeni federal subsidyaları gətirəcəyini, habelə aşağı gəlirli alələrə güzəştlər tətbiq olunacağına söz verir. Bundan başqa, Tramp bütün işləyən qadın vətəndaşlara ödənişli doğum məzuniyyətini vəd edib.
Trampın planında 6 həftəlik ödənişli məzuniyyətin verilməsi, habelə valideynlər üçün işsizlik yardımlarını da təqdim olunması nəzərdə tutulur.
The Wall Street Journal-ın hesablamalarına görə, Trampın layihəsi xəzinəyə hər il 2,5 milyard dollara başa gələ bilər. Ödənişlərin sığorta proqamlarının və işsizliyə görə ayrılan yardımların kəsilməsi hesabına həyata keçririlməsi planlaşdırılır.
Bununla bərabər vergi ödəyicilərinə standart vergi çıxarışlarına icazə veriləcək. Tramp vergi güzəştlərinin ildə 250 min dollardan çox gəliri olan insanlara şamil edilməyəcəyini bildirb.
Bununla bərabər Donlad Tramp korporativ vergilərin 35%-dən 15%-ə qədər azldılacağına söz verib. Donlad Tramp fərdi vergi qoymalarının da 39,6%-dən 33%-ə qədər endiriləcəyini bildirib.