Binəqədini su basandan sonra, camaatı fövqəladə halların əməkdaşları bellərində daşıyandan çox-çox sonra rayon icra başçısı Xaləddin müəllim də, pis manıslar demişkən, “efirlərdə” göründü, özü də ayağında uzunboğaz çəkmə ilə. Çəkmə də var çəkmə də – Xaləddin müəllim ovçuların alıb qış aylarında Ağ göldə ördək vurmağa getdiyi, uzunluğu adamın boğazına çatan çəkmələrdən geymişdi.
Uca millətimizdə – su boğazlarına çıxdıqca ucalıblar – belə bir sual yarandı ki, görəsən Xaləddin müəllim yağışlar zamanı harda imiş, niyə rayon camaatını yetim qoyub getmişdi, nə üçün Təmiz Binəqədi projesi başsız qalmışdı. Deyəsən bir yox, bir neçə sual oldu, ancaq vecinizə almayın, onsuz suala cavab verən-zad yoxdur, media aləmimiz o dərəcədə hörmət yiyəsinə dönübdür. Hətta jurnalistlər hansısa nazirin müavininin katibəsinin manikürçüsünün sürücüsünə sual vermək istəyəndə mütləq o sürücünün təkər yamayanı ilə əlaqə saxlamağa borcludurlar. Təkər yamayan da sualı əvvəlcə soxur su dolu vannaya, deşikləri tapır, yamayır, verir. Bəzən də deyir bu sualı at getsin, bunun keçəli çıxıbdır, cındırından cin ürkür. Təzə sual almağa pulun yoxdursa, verirlər. Bunun üçün Dövlət Jurnalistlərə Sual Verməyə Yardım Fondu yaradılmışdır, buna görə əlaqədar təşkilatlara dərin minnətdarlığımızı bildiririk. Öncə vətəndir! Ya Qarabağ, ya ölüm! Nəsə, mövzudan çox uzağa getməyək, qayıdıb tapa bilmərik.
Mövzumuz isə Xaləddin müəllimin sapoqları idi. Kənd uşaqları demişkən, potuları. Potu – botinka sözünün qısaldılmış, nəvazişli formasıdır, ən çox Qarabağ ləhcəsində işlənir. Biz Qarabağı həm də buna görə almağa borcluyuq! Bunu xüsusi yazdım ki, məni sapoq və potu sözlərinə görə cərimə eləməsinlər. Eşitdiyimə görə təzə qanun qayırırlar, dilimizdə təmiz danışmayan cərimə ediləcəkdir. Bir dəfə uje dedin, ver bura 20 manatı. İkinci dəfə temboli, cərimə qalxır 60 manata.
Üçüncü dəfə, znaçit, təkrarlananda dili kəsəcəklər. Zarafat edirəm, bizim hökumət humanistdir. Sadəcə, cərimə çoxalanda adamın ağzını evakuatorla… Yenə yanlış yazdım. Ağzını skotçla yumacaqlar, danışa bilməyəcəksən. Ola bilər uzağı dildə deşiklər açsınlar. Dırakolla. Klyanus çestni slova. (Qanun çıxana qədər dedim bir az kef eləyim). Dövlət büdcəsini doldurmaq lazımdır, neft pulu azalıbdır.
Lənət şeytana, deyəsən mən bu gün Xaləddin müəllimin potularını heç cür vəsf edə bilməyəcəyəm. Şeytanın, türkün məsəli, qılçını qıraq.
Belə versiya var ki, Xaləddin müəllim rayon küçələrini su basanda məhz uzunboğaz çəkmə almağa getdiyi üçün hadisə yerinə gec gəlmişdir. Yəqin ki. Yoxsa rayonu sevən adamdır. Heç başqa rayonlar Təmiz olmayanda Binəqədi Təmiz Binəqədi olmuşdu. Ümumiyyətlə, bu rayonun başı bəlalıdır, icra başçısının heç bir günahı yoxdur. Əsl mistik rayondur. Özünüz baxın: keçən il də bu rayonda bina yandı, çoxlu adam öldü. Gah yanır, gah su basır. Burda orta hədd yoxdur.
Özü də işin tərsliyindən yanğın olanda su tapılmır, su basanda qaz gəlmir. Sanki Merfi qanunları bu rayon üçün yazılıbdır. Niyə başqa rayonlarda belə olmur? Misal üçün, Yasamalda həmişə ev yananda yağış yağır, söndürür. Nəsimidə qaz gəlməyəndə gün çıxır, camaat asfaltın üstündə qayğanaq bişirir. Nizami rayonunda hamı şeir yazır. Sabunçuda… Nəsə, uzun söhbətdir.
Məncə Binəqədinin daim fəlakətlə üzləşməsinin idarəçiliklə qəti əlaqəsi yoxdur, bu, rayonun qədimliyinə görədir. Rayonun adı elə bineyi-qədim söz birləşməsindən yaranıbdır. Çox köhnəlib, buna nəsə yenilik lazımdır. Təklif edərdim rayonun adını dəyişək, Binəyeni qoyaq. Ya da Yenibinə. Nyu Binə variantı da var.
İndi söz əlaqədar təşkilatlarındır – bəs siz özünüzə potu almısınızmı?