Türkiyədə çevrilişə cəhd edənlər arasında yer aldıqdan sonra Türk Silahlı Qüvvələrindən xaric edilib tutulan pilot növbəti dəfə ifadə verib.
Musavat.com-un məlumatına görə, ifadəsində prezident kompleksinin qarşısını bombaladığını etiraf edən pilot Müslim Macit bu dəfə FETÖ-yə necə qoşulduğunu etiraf edib.
Ankara Prokurorluğu Macitin ilk ifadəsini incələyərkən əskik məqamların olduğu qənaətinə gələrək ondan yenidən izahat alıblar.
Macit ifadəsində hadisənin çevriliş olduğunu əvvəlcədən bildiyini dilə gətirib: “Hadisə günü Hasan Hüsnü Balıkçı hökumətin bizi bir-bir vəzifədən uzaqlaşdıracağını, hətta bəzi generalların işdən çıxarıldığını dedi və bildirdi ki, “bu işi” görməliyik. Bu zaman çevriliş olacağını anlamışdım. Cevriliş baş tutmadı və mən 14 gün boyunca tutulmadım. Televizorda atdığım bombalardan insanların öldüyünü gördüm, lakin bu barədə heç kimə demədim”.
FETÖ təşkilatına necə qoşulduğunu bildirən pilot deyib: “Alparslan, Ramazan, Mehmet adlı şəxslərlə 2005-ci ildə tanış olmuşam. Soyadlarını, ünvan və iş yerlərini bilmirəm. Mən litseydə oxuyurdum və universitet tələbəsi olan bu şəxslərin yanına hazırlığa gedirdim. Mən hərbi məktəbə hazırlaşırdım. O zaman Gazi Universitetində oxuyan Mehmet hazırlaşdırdığı hər kəsin hərbi məktəbə getməsini istəyirdi. 2005-ci ildə imtahana girdim və hava qüvvələri bölümünü qazandım. Sonralar da Mehmetlə görüşməyə başladım və o, məni Mustafa adlı “cemaat” üzvü ilə tanış etdi. Mustafa həftədə bir dəfə İstanbula gəlir, mənimlə fərqli ünvanlarda görüşürdü. Dini kitablar oxuyub Fətullah Gülənin dini videolarını izləyirdik. 4-cü kursa qədər bir çox FETÖ üzvü ilə tanış oldum. Məzun olub təyinat aldıqdan sonra isə maaşımızın 15 faizini “cemaat”ə verirdik.
2011-ci ildə zabit olmaq üçün akademiyə imtahanına girəcəkdim. Yeni tanış olduğum Mahmud adlı şəxs bir SD gətirdi və diqqətli şəkildə izləməyimi istədi. İmtahan suallarının hamısı SD-də yer alırdı. Nəticədə yüksək balla imtahandan keçdim. Bizə dedilər ki, bu yaxşılığımızın əvəzini qaytarmalısınız”.