Bizdə orta təhsilin guya pulsuz, dövlət hesabına olması əfsanəsinə indi heç kimi inandırmaq mümkün deyil. Hər kəs uşağına əlavə müəllim, repetitor tutur, əks halda, uşağın məktəbdə elementar savad qazanması ciddi şübhə altındadır. Burda müəllimləri, məktəbi qınamaq fikrim yoxdur, 200-300 manat maaşla kim başını xarab edib başqasının uşağına bilik öyrədər? Özü də 20-30 nəfərə eyni vaxtda!
Nəticədə biz ikiqat, səmərəsiz ödəmə ilə məşğuluq. Həm maaşımızdan vergi verib dövlət büdcəsi xətti ilə məktəbi maliyyələşdiririk, həm də repetitor üçün pul veririk. Əli aşından da oluruq, Vəli aşından da. O təhsil sisteminin yetirdiyi bisavad insanlara isə demokratiyanı izah eləmək çox çətindir. Burdan da qapalı dairə yaranır, çıxış yolu görünmür.
Elm öyrətmədikləri cəhənnəm, uşaqların baş-beynini cürbəcür sarsaq fikirlərlə də doldururlar. Məktəb sanki poliqondur, kimin ağlına nə gəlsə, orda sınaqdan çıxarır. Dünən xəbər lentində gördüm: ASAN-xidmət, FHN, Səhiyyə Nazirliyi və başqa idarələrlə birgə “Məktəblinin dostu” adlı proje başlayıblar. Təhsil Nazirliyi buna niyə icazə verib? Guya 21-30 yaş arası seçilmiş (ASAN-xidmət seçir) gənclər məktəblilərə təhlükəsizlik, səhiyyə, psixoloji yardım və sairə şeylər öyrədəcəklər. Bakıda 30 məktəb artıq bunun üçün seçilib. Kimdir bu gənclər? Pedaqoji və tibbi təhsili olmayan bu adamlar niyə məktəbin işinə qarışmalıdır? Bəs Təhsil Nazirliyinin “Həyat bilgisi”, “Bədən tərbiyəsi”, “Əmək təlimi” kimi dərslərində müəllimlər nə edəcəklər – burunlarını qurdalayacaqlar? Səhiyyə Nazirliyi hələ əvvəlcə getsin xəstələrin sağ və sol ayaqlarını fərqləndirməyi öyrənsin, sonra məktəblərdə dəlləklik edərlər. O cümlədən, hər məktəbdə psixoloq ştatı var. Bunu fəallaşdırmaq yerinə, düşük işlərlə, görüntü, reklam xarakterli əməllərlə Təhsil Nazirliyi nəyə nail olmaq istəyir?
Ta keçib, məktəblinin dostu sırasına polisi də qatın. O cümlədən, dönər satanlar, manikürçülər, dəlləklər, avtobus sürücüləri, reket jurnalistlər də prosesə qoşulsun. Onsuz bu bilik və mərifətlə bu yazıq uşaqların axırda yol qırağında bir deşik tapıb əlində qayçı orda müştəri gözləməkdən başqa perspektivi qalmır.
Bir-iki həftə qabaq təsadüfən söhbət eşitdim, məktəbli uşaqlar danışırdılar, deyirdilər, onların məktəbində zərdüştilik dinini yayan adamlar peyda olub, valideynlər şikayətlənib, televiziyadan gəlib çəkiblər, nazirlik direktoru danlayıb və sairə. Google yaradanın canı sağ olsun, bu xəbər məndə maraq yaratdığından kökünü axtardım, internetdə həmin telekanalizasiya süjetini tapdım. Süjetə görə hadisə bu ilin oktyabrında Binəqədi məktəblərindən birində olub. Kimlərsə “məktəbdə uşaqlar arasında zərdüştilik dininin qanunsuz təbliğatını aparıblar, buna görə cinayət məcəlləsində 2 il həbs var, direktor yanlışa görə üzr istədi və sairə” – süjetin qısa xülasəsi bu idi. İdiot müxbir o qədər qısır süjet hazırlamışdı ki, hətta qapalı otaqda yuxarı sinif şagirdləri ilə keçirilən görüş haqda… həyətdə tutduğu 1-ci sinif şagirdlərini danışdırmışdı.
Əlbəttə, bunlar detallardır, vətəndaşı aldatmaq üçün efirə basılan mənasız zir-zibildən qısa epizoddur. Mən araşdırdım, xəbər tamam yalan idi. Birincisi, zərdüştilik dinini Azərbaycanda təbliğ eləmək haçandan qadağan edilib ki? Bu, axmaq yalandır. Əksinə, elə məktəb dərsliklərində də zərdüştiliyin qədim Azərbaycan ərazisində yaranması ilə fəxr duyulan mətnlər var. Biz özümüzü Odlar yurdu adlandırır, Atəşgah məbədini qoruyur, işığa, Günəşə, oda and içirik.
Cinayət Məcəlləsinə gələndə, orda da “dini təbliğatı zorla aparmaq, kiməsə istəmədən din yeritmək” qadağan olunub. Bu halda zorakılıqla üzləşən, şikayət ərizəsi yazan şəxslər var idimi? Yox idi.
Nəhayət, mən dəqiqləşdirdim, orda heç zərdüştiliyi də yayanlar yox, Asif Ata Ocağı adlanan sektanın nümayəndələri olublar.
Əlbəttə, məktəbdə belə kənar görüşlər, tədbirlər ciddi nəzarət altında olmalıdır. Ancaq təbliğata gələndə, məktəbi yalan, yaltaqlıq, seçki saxtakarlığı yuvasına çevirmək bəyəm zərdüştilik təbliğatından, lap elə Asif Ata Ocağına salon ayırmaqdan yaxşıdır? Məktəbə məktəb, müəllimə müəllim, şagirdə şagird gözüylə baxın, ondan sonra danışın. Elm, bilik məbədini murdarlayarsan, ondan sonra hamı qoxuya gələr, təyinatın dəyişdiyini düşünər.