Gənc və istedadlı azərbaycanlı dizayner, Gasanova brendinin əsasını qoyan Elvira Həsənova Kiyev şəhərində yaşayır və artıq bir neçə ildir ki, Ukraynanın moda bazarını fəth edir. Onun kolleksiyalarında dəbdəbəli geyimlərə, kombinezonlara, krujeva əşyalara, eleqant klassik ayaqqabılara və bir çox başqa aksessuarlara rast gəlmək olar. Ancaq Gasanova brendi üçün əsas trend denimdir. Əl işi olan printlə cins gödəkcələr moda həvəskarlarının sevimli əşyasına çevrilib.
Elvira Həsənova Buro 24/7 Azerbaijan saytına müsahibəsində yaradıcılığı, moda və gələcək planları haqqında danışıb.
– Geyim dizayneri olmaq istəyi sizdə necə yarandı?
– Mən yaradıcı uşaq idim və həmişə böyük təşkilatçılıq bacarığına sahib olmuşam. 6 yaşımdan rəsm məktəbinə gedirdim, 11 yaşımdam isə məktəb və universitetdə KVN komandasının aparıcısı və kapitanı idim. Ancaq bütün bunlarla mən əlavə olaraq məşğul olurdum, çünki oxumağa tibb universitetinin stomatologiya fakültəsinə getdim və buranı qırmızı diplomla bitirdim. Bundan əlavə, magistr dərəcəsini aldım. Dizayner karyerası isə ilk Donetsk moda həftəsində könüllü olmaq istəyindən başladı. Başa düşdüm ki, özümü dizayner olaraq yoxlaya bilərəm və hazırlığa başladım.
– Yeni başlayan dizayneri hansı çətinliklər gözləyir?
– Çətinliklər öz üzərində çalışmaqla bağlıdır. Hazırda qohumluq əlaqələrindən istifadə edən və populyarlığı bir günə pulla ala bilən çoxlu sayda dizaynerlər var. Mən bu məsələdə prinsipial olduğum üçün ilk kolleksiyamı ancaq öz puluma – rektor təqaüdü və şəxsi ehtiyatlarım hesabına tikdim. İndi nə valideynlərin, nə də sponsorların mənim fəaliyyətimə heç bir aidiyyatı olmaması ilə fəxr edirəm.
– Hansısa əşya və ya kolleksiyanın hazırlanması prosesi necə keçir? Zəhmət olmasa, yaradıcı prosesi təsvir edin.
– Hər dəfə fərqli olur. Bəzən həqiqətən də hansısa ideya ilə yuxudan oyanıram və onu həyata keçirənə qədər sakitləşə bilmirəm. Bəzən isə sadəcə bilirəm ki, yeni mövsüm yaxınlaşır, qarşıda moda nümayişləri var və kolleksiya hazırlamaq zamanıdır. Bir qayda olaraq, ilham axtarmaqdan və öz komandam ilə çalışmaqdan başlayıram.
– Yeni kolleksiyaların hazırlanması zamanı ilhamı nədən alırsınız?
– Filmlər, təbiət, ünsiyyət qurduğum insanlar və əlbətə ki, valideynlərim də mənə ilham verir. Həmişə ideyalardan bol olan çox yaradıcı anam var. Onun yüzlərlə parlaq ideyasından mənə yaxın olanları seçirəm.
– Gasanova geyimi başqa brendlərdən nə ilə fərqlənir? Öz stilinizi necə xarakterizə edərdiniz?
– İntellektual seksuallıq. Biz üzərində düşünməyə dəyən, brend və onu daşıyan insan haqqında danışan əşyalar yaradırıq. Mühafizəkar deyilik, ancaq gündəlik geyimi xüsusi etməyə çalışırıq.
– Gasanova brendinin əsas alıcıları kimlərdir?
– Kolleksiyalarımız özünə arxayın, müstəqil və məqsədyönlü, daxilən güclü, geyimlə isə onu tamamlayan kəslər üçün nəzərdə tutulub.
– Öz brendinizi Azərbaycanda təqdim etməyi planlaşdırırsınızmı?
– Bəli, artıq uzun müddətdir ki, öz kolleksiyalarımı vətəndə nümayiş etməyi arzulayıram, ancaq bəyənilib-bəyənilməyəcəyimlə bağlı narahatam.
– Bizə məlumdur ki, siz Ukraynada yaşayırsınız. Azərbaycan və Ukrayna modası arasında oxşarlıq və fərq nədədir?
– Mənə görə, moda arasında fərq ola bilməz və olmamalıdır, stil ya var, ya da yoxdur. Yəqin ki, qlobal fərq şərq modasına xas geyimlərin ciddilik və sadəliyidir. Kolleksiyalarımıza gəlincə, bizim kifayət qədər ciddi stildə əşyalarımız var.
– Sizcə, hazırda Azərbaycan modasında nə çatışmır?
– Moda yerində dayanmır. Düşünürəm ki, Azərbaycanda çoxlu sayda gənc dizaynerlər çatışmır. Kiçik bir sirr açım: Azərbaycan milli geyimlərindən ibarət kolleksiya yaratmaq istəyirəm.
– Modada müəllimləriniz və ya işinə hörmət etdiyiniz şəxslər kimlərdir?
– Müəllimlərim stilistlərdir. Hörmət etdiklərimin arasında isə bütün dünyada tanınan Maison Margela, Stella McCartney-nin adlarını çəkə bilərəm.
– İnsanın geyiminə görə onun barəsində nə öyrənmək olar?
– Onun əhval-ruhiyyəsi, həyata və özünə münasibəti.
– Gələcək planlarınız?
– Planlarımda ən yaxşı və konseptual geyim mağazalarında satılmaq, dünya moda həftələrində nümayiş olunmaq və moda ikonaları ilə çalışmaqdır.
– Gasanova əşyalarını harada və necə əldə etmək olar?
– Hazırda brendimizin əşyaları Kiyev, Odessa, Mayamidə satılır, Yekaterinburq, Moskva və Sankt-Peterburqda satışlar başlamaq üzrədir. Bundan başqa, Gasanova əşyalarının Bakıda satışı üzərində çalışıram.
http://s018.radikal.ru/i514/1610/8a/a01a3686af2b.jpg
http://s018.radikal.ru/i520/1610/81/56cd7893bdb4.jpg
http://s020.radikal.ru/i709/1610/c8/da0ce1fa374c.jpg
http://s020.radikal.ru/i704/1610/e4/d0adf67f4e2d.jpg
http://s06.radikal.ru/i179/1610/68/2a6bcb61fe3c.jpg
http://s05.radikal.ru/i178/1610/a2/723da23895ec.jpg