İnternet şəbəkəsində Youtube adlı resurs var, bazasında milyonlarla videolar, süjetlər, filmlər saxlayır. O videosüjetlərdən bir xeylisi müxtəlif ölkələrdə tətbiq edilən nou-haulara, istehsalat texnologiyalarına dairdir.
Məsələn, videosüjetlərdən biri Seneqalda bananın elmi-texniki tərəqqi məhsulu olan modern avadanlıqlarla yetişdirilməsini, dərilməsini, qablanmasını göstərir. Baxırsan ki, əl əməyi demək olar ki, sıfıra endirilib, xırda-para “bunu götür, ora qoy” işləri var.
Hollandiya gülçülərinin ucu-bucağı görünməyən plantasiyalarda müxtəlif traktor və texnikanın köməyi ilə gül toxumu əkmələrini, gübrəylə becərmələrini, damcı üsuluyla suvarmalarını, bir sözlə, yetişdirilib başa gəlməsini, qablaşdırılıb, alıcıya göndərilməsini göstərən kadrlar da var. Əl əməyi kombinozonlu sürücülərin sükan tutmasından ibarətdir. Hər şeyi texnika edir.
Almaniyada ağacların nəhəng traktorlarla kökündən çıxarılıb başqa yerlərə daşınmasını, başqa bir texniki vasitəylə yenidən əkilməsini göstərən süjetlər də var. Videokadrlarda adam görünmür, bütün işləri texnika görür.
Fransada su hövzələrini, arx və kanalları təmizləyən, hər cür əlverişsiz relyefdə işləyə bilən texnikaların iştirakı ilə çəkilmiş videoları da izləmək olar.
Dünyada elə bir meyvə-tərəvəz növü yoxdur ki, onun becərilməsini, dərilməsini, qablaşdırılmasını təmin edən spesifik və çeşidli texniki vasitələr olmasın.
Pambıqyığan kombaynlar da hələ ötən əsrin ortalarından ölkəmizin kollektiv təsərrüfat vahidlərində tətbiq olunmağa başlayıb. Bu gün-sabah o texnikanın ölkəmizə gətirilməsinin və istehsalatda tətbiq edilməsinin 60 ili tamam olacaq.
Ancaq işə baxın ki, gözünü açıb tarlada kombayn, aqreqat, traktor görmüş adamlar bu gün plantasiyalarda əl əməyinin tətbiqinə keçiblər.
Ən pisi budur ki, 21-ci əsrin bu vədəsində insanları 200 il əvvəlin ABŞ-ında, Meksikasında olduğu kimi tarlada işlədirlər.
Daha pisi odur ki, 200 il əvvəl insanlar dolanışıq üzündən könüllü şəkildə qul, kölə olmağa razıydılarsa, indi könüllü deyillər, amma durumlarından narazı qalsalar da, pambıq plantasiyalarında işləməyə məcburdurlar.
Çünki onları, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən şəxsləri iş, çörək təhdidi ilə buna vadar edən vəzifəli şəxslər var.
Sovet dövründə bu vəzifəli şəxslər büdcədən maaş alan adamları dövlətin təsərrüfatlarında işləməyə məcbur edirdilərsə, indi vəziyyət bir az fərqlidir, insanları ayrı-ayrı fermerlərin özəl təsərrüfatlarında işlədirlər.
İlk baxışda sual çıxır: dövlətin təmsilçisi olan yüksək vəzifəli şəxslər nəyə görə dövlətin qulluqçularını özəl sahibkarların təsərrüfatında işə cəlb etməlidirlər?
Ancaq burda sirr-filan yoxdur. Bu ölkədə sahibkarlar və məmurlar bir bədəndə iki başdır, eyni adamlardırlar. Dövlət məmurlarının başqalarının adına rəsmiləşdirdikləri böyük təsərrüfatları, biznes strukturları var.
Bəs 21-ci əsrin bu vədəsində müstəqil və demokratik ölkədə tətbiq edilən “qul əməyi”ndən istifadə halları nə dərəcədə qanunidir?
Məsələ orasındadır ki, bu qətiyyən qanuni deyil, hətta açıq-aşkar cinayətdir, bu cür hərəkətlər mövcud Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqib olunur.
Fəqət bu, məmurların vecinə də deyil. Ona görə ki, onları konstitusiyanın, CM-in və sair qanunların çoxlu müddəalarını pozur və buna görə cəzalanmırlar.
Bəs çıxış yolu nədir? Heç bir halda çıxış yolu xəstələrinin başı üstündən ayrılmalı olmayan tibb işçilərini, şagirdlərinə bilik verməli olan müəllimləri, eləcə də digər büdcə təşkilatlarının işçilərini plantasiyaya aparıb zorla işlətmək deyil.
Çıxış yolu bu yazının başlığında göstərilib. 21-ci əsr texnika əsridir. Qoy məmurlar və onların sahibkar dost-qardaşları yüz min dollarlıq avtomobil alıb balalarına peşkəş etməkdənsə, elə o qiymətə kombaynlar, traktorlar tədarük etsinlər.