Hamarmeşə kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki saxlanc quyusunda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan olduğunu görüb.
ARB TV xəbər verir ki, Qadir Rzayaev əvvəl onun tülkü balası olduğunu zənn edib. Kənd sakinlərinə tutduğu heyvanı göstərəndə yaşlı insanlar bunun el arasında “ala boyun” adlandırılan heyvan olduğunu, ancaq çox nadir hallarda gözə göründüyünü bildiriblər.
Bir qədər araşdırdıqdan sonra həyətdə aşkar olunan bu xəzdərili heyvanın latınca adının “Martes” olduğu müəyyənləşib. Yırtıcılar dəstəsinin dələkimilər fəsiləsinə aid edilir. “Martes” kiçik canlılarla, quşlarla qidalanır. Hətta sürətli qaçmaq və cəldlik bacarığı olduğundan dovşanı belə rahat ovlaya bilir.
Bu yırtıcı əsasən meşəlik ərazilərdə yaşayır. Bir neçə növü var. Çox güman ki, son günlər yağan güclü leysan yağışları nəticəsində kəndin ərazisinə gəlməsinə səbəb olub.
Qadir Rzayev həyətində rastlaşdığı heyvanın xəstə olduğunu və bir qədər qulluq etdikdən sonra meşəyə buraxacağını bildirib.
Qadir Rzayev: “Bu özünə yığılıb titrəyirdi. Ola bilsin soyuqdan və ya xəstələnib. Əgər problemi olmasa idi bunu tutmaq mümkün olmazdı. Yırtıcı heyvandı və hiss edir ki, əldədir bu səbəbdən özünü sakit aparır”.