Əkin-biçinlə bağlı bugünkü kampaniyaçılıq məni çox narahat edir. Payızın yarısı geridə qalıb, ancaq hələ də ölkədə torpaq müzakirələri gedir. Yaxın bir-iki ayda da yararlı torpaqlar əkilməsə, gələn il durum yaxşı olmayacaq. İllərdir bu mövzuda danışılır, amma hələ ki, Azərbaycan özünü taxılla təmin edə bilmir, “quş yemi” istehsal edir.
Müsbət hal budur ki, neftin dəyərdən düşməsindən sonra artıq ölkədə hər kəs qəbul edir ki, torpağı əkib-becərmək lazımdır. Əslində xeyli öncə, heç olmasa 2008-ci ildəki qlobal böhranın Azərbaycandan yan keçdiyi deyildiyi vaxtlarda görülməli idi. Yadımdadır, bir dəfə deputat Miri Qəmbərov parlamentin iclasında hazır mətni oxuyurdu. Birdən “böhran” ifadəsini işlətdi, dərhal dayanıb “nə böhran əəə, bunu bura kim yazıb” deyə, “düzəliş” verdi.
O zaman gərək böhranın Azərbaycana təsiri nəinki təkzib olunmamalıydı, hətta etiraf edilməli, lap kreditlər istənilməli, əlavə borclar alınmalı, kənd təsərrüfatı, yüngül və ağır sənayeyə vəsaitlər ayrılmalıydı. Yoxsa böhranın təsir etdiyi sahələri neft gəlirləri ilə “yemləməyə” ehtiyac yox idi. Ünvanlı sosial yardım əslində yardımçı təsərrüfatın yaradılması formasında olsaydı, daha çox faydası dəyərdi, nəinki pul şəklində.
Ölkə prezidentinin mövcud durumla əlaqədar çox mühüm sərəncamları, ciddi tapşırıqları var. Amma nədənsə bu işə cavabdeh olan qurumlar ləng davranır, necə deyərlər, zamanın nəbzini tuta bilmir. Bəzən də yanlış anlaşılır. Prezident əkilməyən torpaq sahələrindən danışırsa, bu, o demək deyil ki, imkansızlıqdan pay torpağını əkə bilməyən kəndlidən həmin torpağın geri alınmasına göstəriş verir. İlk növbədə dövlət başçısı məmurlara kəndliyə əkib-biçmək üçün dəstək verilməsini, texnika ayrılmasını tövsiyə edir. Ancaq məmurlar ən asan və vətəndaşı narazı salan üsula əl atırlar. Hansı ki, yüz hektarlarla əraziləri qəsb edən məmurların hasarladığı yerlər yaddan çıxır.
Azərbaycanda torpaqların ciddi şəkildə qiymətləndirilməsi işi həyata keçirilməli idi. Əgər Yardımlıda kəndli 1 hektar ərazidən cəmi 500 kq taxıl götürürsə, orda üzüm əkmək daha faydalıdır, nəinki buğda. Pambıqçılığın inkişaf etdirilməsi barədə tapşırıq verilib və işlər gedir. Olsun! Amma ucdantutma hər yeri də pambıq sahəsinə çevirməsinlər. O gün bir əli və bir ayağı olmayan şəxslərin pambıq yığmasını nümunə göstərirdilər. Bu insanların pambıq sahəsinə aparılması belə ayıbdır. İcra başçıları bilməlidir ki, ölkə rəhbəri onlara həkimləri və müəllimləri pambıq yığmağa çıxartmaq tapşığı verməyib. Onlar öz yerlərində lazımdır. Yetər ki, pambıqçılığa stimul verilsin, qonşu rayonlardan da adamlar gəlib işləyəcək. Bu cür ifrata varılması gül kimi ideyaları da məhv edir.
Az qalır hamı pambıq əksin. O qədər başqa sahələr var ki. Prezident də dedi, Azərbaycan xaricdən zeytun alır. Amma ökəmizdə bu məhsulu yetişdirmək, onun məhsullarını satmaq üçün həm ənənələr var, həm də geniş imkanlar. Bakı ətrafındakı badam bağları məhv edilib, amma bu sahəni də dirçəltmək böyük valyuta qazandırar. Bu ölkə zəfərəndan tutmuş çəltiyə qədər hər şey yetişdirir. Özü də gəliri pambıqdan çox, zəhməti az…
Ölkə ərazisində süni göllərin qurudulması prosesinə də start verilib. Gərək burada da elə davranılsın ki, sonra balığı xarici ölkələrdən idxal eləməyək. Yəqin ki, imkanlı adamların göllərinə toxunulmayacaq. Bu da faktdır ki, balıq yetişdirilməsi ilə məşğul olanlar illərdir həm özünə iş yeri qazanıb həm də balıq bolluğu yaradıblar. Adi yanlışlıq bu sahəni iflic edə bilər.
Özü də ölkədəki bütün balıq göllərini yığsaq, Qubada zəbt olunan münbit torpaq sahələrinin ərazisinə çatmaz. Bəlkə əvvəlcə həmin hasarlar dağıdılsın.
Daha yaxşı olar ki, balıqçılara vergilər qoyulsun və onlar üzərində nəzarət artırılsın. Onsuz da çaylarla zəngin, Xəzər dənizi sahilində olan bu ölkənin vətəndaşlarının qida rasionunda balıq üstünlük təşkil eləmir. Könlü balıq istəyən… ucdantutma balıq vətəgələrini torpaqla doldurmaz. O göllərin yerində əkin əkmək elə də rentabelli deyil. Məmurların xalqı “ekoloji təmiz” balıqla təchiz etmək istədiyinə də inanmağım gəlmir. 10 ildən çoxdur ki, prezident Hövsan istiqamətində Xəzərə axıdılan çirkab və tullantı suların təmizlənməsi barədə sərəncam verib, indiyə qədər bir iş görülməyib. Nəticədə həm dəniz çirklənir, həm də ordakı balıqlar məhv olur. Kürüsünün şan-şöhrəti dünyanı dolaşan Xəzərin nərəsinə də qiymət qoymurlar…