Demokratiya, liberalizm, söz azadlığı, tolerantlıq, dini dözümlülük və sairə bu tipli temalarda söz düşəndə çox işlənilən, bəzən də boş yerə işlədilən və nəticədə mitili çıxmış bir aforizm var: “Mən sənin fikrinlə razı deyiləm, ancaq bu fikri ifadə eləmək azadlığın uğrunda canımı verərəm”.
Belə variantda da işlənir: “Sizin bir sözünüzü də bölüşmürəm, ancaq bu sözləri demək hüququnuz uğrunda ölməyə hazıram”.
Adətən bu fikrin müəllifi kimi Volter-in adı çəkilir, ancaq məsələ ondadır ki, dahi fransız mütəfəkkiri (şablona ehtiyac var bəzən – təhsil sistemimiz üzündən) heç vaxt bu sözü deməyibdir. Heç bir əsərində də yoxdur. O üzdən bu fikri deyənlər adətən əsərin adını çəkə bilmirlər. Düzdür, Volterin “Dözümlülük haqda oçerklər” əsərində “Fikirləşin və başqalarına da fikirləşməyə imkan verin” cümləsi var, zahirən xeyli dərəcədə yuxarıdakı aforizmə bənzəyir, ancaq mənaca tamam başqa söhbətdir.
Doğrudan da, insan axı nəyə görə razılaşmadığı fikrə görə ölümə getməlidir? Bu, liberallara hər cür axmaq fikir uğrunda can qoymaq təklifidir, belə getsə hamısı qırılar, insan azadlığını müdafiə eləməyə bir köpəyoğlu tapılmaz. Aforizmin müəllifi isə 1906-cı ildə Volterin bioqrafiyası kitabını – kitab “Volterin dostları” adlanırmış – yazmış ingilis yazıçısı Evelin Holl-dur. Özü də sonralar etiraf edib ki, bu fikri Volterin adından yazıbdır.
Ümumiyyətlə, dünyada belə yanlış müəllifli aforizmlər çoxdur, hətta Oksford Universitetinin professorları Boller və Corc 1989-cu ildə bu temada “Onlar bunu heç vaxt deməyiblər” adlı kitab-araşdırma da yazıblar. Yəqin bizdə də belə araşdırmaya ehtiyac var, çünki çox zaman müəllifləri qəsdən səhv yazırlar. Misal olaraq “Bir millət, iki dövlət” söhbətini göstərə bilərik. Yaxud, deyirlər iqtidar təzə çəkdiyi “Əli və Nino” filmində Rəsulzadə düşmənçiliyini davam etdirib və onun məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrini Fətəli xan Xoyski-nin adından veribdir.
“Tankın qabağında dayanan oğlanlar, pulun qabağında dayana bilmədi” fikri var, bunu Elçibəyin adına çıxırlar. Keçən aylarda bu temada yazmışdım, bir az şübhəmi bildirmişdim, yazıdan sonra Elçibəy dövrünün kadrlarından İsa Bağırov zəng vurdu, dedi o fikir həmin dövrdə Gömrük Komitəsinə başçılıq etmiş İbrahim Vəliyevə məxsusdur, iclasda deyibmiş.
Ancaq köhnə kişilər kimi söhbəti belə uzaqdan fırladıb gətirməyimin mənası var. (Elə bunun özü də araşdırılasıdır, bəlkə köhnə kişilərdən qabaq kimsə belə edirmiş, bu hərəkət də plagiatdır? Bəlkə köhnə qadınlar belə olublar?) Zarafat edirəm, mənası-zadı yoxdur, sütun boş qalmasın deyə yazdım. Əsas məqsədim bir ideoloji sarsıntımı sizlərlə bölüşmək idi. Yazım bilin, çox kədərlənmişəm bu xırda kəşfimə.
Böyük qəhrəmanımız (bu da şablon oldu, ancaq orta məktəbdə ondan danışanda “lənətullah” ifadəsi işlədən tarix müəllimləri yetişdiyini bilirdinizmi?) Babəkin adından yayılmış çox məşhur bir aforizm var: “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”. Əladır. İstənilən xalq üçün qürur mənbəyi olacaq sözlərdir. Ancaq təəssüflər olsun, Babək heç vaxt belə söz deməyib!
Həmin fikrin orijinalı 9-10-cu əsrlər ərəb islam salnaməçisi, “müsəlman tarixçiliyinin atası” ləqəbli Əbu Cəfər ət-Təbəri-nin “Tarix ər-rusul və-l-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərində yazılıb və bu şəkildədir: “… qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır”. Orada Babək bunu Afşindən məktub gətirən, xəyanətkar saydığı doğma oğluna cavabında yazır. Gördüyünüz kimi, burda “azadlıq” sözü yoxdur. Deyilə bilər “ağa kimi yaşamaq” da o mənanı verir, ancaq mən bununla razılaşmıram. Babəkin aforizmindəki yüksək mənəvi dəyər mənim üçün əbədilik itmişdir. Ağa kimi yaşamaq heç də həmişə azad yaşamaq deyil. Ümumiyyətlə, kiməsə ağalıq eləmək elə qul olmağın bir növüdür – ağa məcburdur quluna uyğun yaşasın, onu “saxlasın” və sairə. Bu tema ilə dərindən maraqlanan varsa Corc Oruell-in “Filin ölümü” essesini oxumağı məsləhət görürəm.
Maraqlıdır ki, sovet dövründə çəkilən (1979) “Babək” filmində də sitatı başqa cür təhrif ediblər. Orda Rasim Balayevin qəhrəmanı deyir: “Bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən yaxşıdır”. Bir növ, təhrifi poetik şəkildə ört-basdır ediblər. Məlum məsələdir, sovet hökuməti “ağa kimi yaşamağı” təbliğ edə bilməzdi, o mənada sitatın dəyişilməsi səbəbini anlayıram. Ancaq istədim gec də olsa həqiqəti biləsiniz. Qəhrəmanımız komfort aşiqi çıxdı, azadlıq yox.