Dünən Aşuraydı, matəm idi. İslam peyğəmbərinin nəvəsi İmam Hüseynin və onun ailə üzvlərinin qətlinin növbəti ildönümünü qeyd edən minlərlə insan məscidlərdə keçirilən təziyə məclislərində toplaşmışdılar.
Bu il qələbəlik keçənilkinin yarısı qədər də deyildi. Hiss olunurdu ki, hakimiyyətin həyata keçirdiyi preventiv tədbirlər öz nəticəsini verib, minlərlə insan bu matəmi ictimai toplantı yerlərində yox, öz evlərində keçirməyi üstün tutub.
Hər kəsə aydındır ki, 14 əsr öncə baş vermiş bu tarixi hadisənin ildən-ilə artan bir qələbəliklə keçirilməsi, hər il faciənin ilahiləşdirilməsi təmayülünün qarşısı bu il inzibati resurslar hesabına alındı.
Əgər təziyə məclislərinə qatılan insanların meydanlarda zəncir vurmaqdan, sinə döyməkdən, baş çərtməkdən imtinası maarifçilik işi əsasında baş tutsaydı, bu, başqa məsələ demək olardı. Nə yazıq ki, minlərlə insan bu hərəkətlərdən etdiklərinin mənasızlığını anladıqları üçün yox, hökumətdən çəkindikləri üçün imtina etdilər.
Bir daha sübut olundu ki, dini-ruhani sektor özbaşına qoyulduqda, boş buraxıldıqda bir-birinə zidd təriqətlər o boşluqları asanlıqla doldurur, böyük təbliğat-təşviqat mexanizmi quraraq kütləviləşir, üstünlük qazanmağa çalışırlar, amma nəzarət olduqda, radikal çağırışlara, çıxışlara imkan verilmədikdə, situasiya daha idarəolunan hala gəlir.
Aşuranın təşkili ilə bağlı ölkəmizdə normal olmayan hallardan biri də Kərbala çölündə şəhid olanlara İran dövlətinin rəsmi kursunun prizmasından yanaşılmasıdır. Hər il məhərrəm və səfər aylarında ölkəmizin cənub bölgələri de-fakto İranın əyalətlərinə çevrilir, İran saatı ilə işləyir, İrandan yayılan elektron medianın təsir dairəsinə girir, hətta İrandan gələn matəm musiqisi dinləyir.
Aydın məsələdir ki, 14 əsr davam edən və artıq mədəniyyət hadisəsinə çevrilmiş bu təziyə ənənəsini inzibati resurslarla unutdurmaq mümkün deyil. Ancaq yaxşı olardı ki, bundan sonra bu cür dini səciyyəli təziyə məclisləri təşkil olunarkən hər hansı bir xarici dövlətin rəsmi siyasi kursunun tələb etdiyi qaydalar tətbiq edilməsin, o dövlətlərdən gələn emissarlar burada moderatorluq, rejissorluq etməsinlər.
Daha bir problem matəmin müddəti ilə bağlıdır. Bizim xalqımızın qan yaddaşına həkk olunmuş ən faciəvi günümüzün, ən böyük matəmimizin ömrü bir gündür – hər il yanvarın 20-də qeyd edirik. Dünyada elə bir mədəni dövlət yoxdur ki, onlarda tarixi faciələrin ildönümündə matəm bir gündən artıq olsun. ABŞ-da da elədir, İsraildə də, Almaniyada da, İngiltərədə də. Hətta il on iki ay ağlaşma quran, öz faciəsini ilahiləşdirib ərşə-gürşə çıxaran ermənilər də yalnız aprelin 24-də işi-gücü bir kənara qoyub matəm tədbirləri keçirirlər.
Bizdə isə matəm havası 40 gün, əslində isə düz iki ay sürür. İslam təqviminin iki ayı – məhərrəm və səfər ayları bütövlükdə Kərbəla faciəsinə həsr olunur.
Bildiyiniz kimi, bu aylarda şənliklər keçirilmir, toy-nişan büsatları qurulmur. Ölkənin iaşə industriyası əsasən dayanır. Bəzən elə qələmə verirlər ki, guya bu, iki aylıq fasilə yalnız müğənnilərə, çalğıçılara, bir də şadlıq evlərinin sahiblərinə ziyandır.
Elə deyil. Bu iki ayda dövlət büdcəsinə milyardlarla manat həcmində vergi daxil olmur. Onsuz da aylıq qazancı çox olmayan on minlərlə adam (günəmuzd işləyən ofisiantlar, aşpazlar, şadlıq evlərini ərzaq və tərəvəzlə təchiz edənlər, “toy sənayesi”nin digər qara fəhlələri) evlərinə çörək apara bilmir, maddi sıxıntı çəkirlər.
Bu durum sahibkarlara o qədər də ziyan deyil. Toy edənlər onsuz da sonrakı aylarda toylarını edəcək, şadlıq evlərinə ətək-ətək pul ödəyəcək, beləcə, sahibkarların matəm aylarında düşdüyü zərər kompensasiya olunacaq. Amma “toy fəhlələri”nin cibinə 5 manat qoyan olmayacaq.
İqtisadçılar əllərindəki statistik göstəricilərə dayanaraq, bu iki ayda dövlətin və camaatın düşdüyü maddi ziyanı, itkiləri hesablayıb ortaya ciddi nəticələr qoya bilərlər.
İnkişaf etmək istəyən dövlət bayram və qeyri-iş günlərinin sayına görə Avropanın firavan dövlətləri ilə yarışa çıxmamalıdır. Onlar iqtisadiyyatlarını qurublar, cəmiyyətin bütün sferalarında işlək mexanizm əmələ gətiriblər, hər şey saat kimi işləyir. Biz isə yeni ildə, Novruzda, o biri rəsmi, milli, dini bayramlarda uzun müddətli tətillər etməklə kifayətlənmir, ildə iki ay da ölkənin ən mənfəətli industriyasını qapadırıq.
Uzun sözün qısası, qoy bayramlarımız da bir gündən artıq olmasın, matəmlərimiz də. İşləmək, çalışmaq, inkişaf etmək gərəkdir.