Bir ermənilərlə biz deyilik, Afrikanın mərkəzi hissəsində yerləşən Ruanda dövlətində yaşayan xutular və tutsilər də bir-birinə şiddətli şəkildə nifrət edirlər.
Axtarsan, dünyanın dörd bir tərəfində bir-birini çəkə bilməyən, yola getməyən qonşu xalqlar, dövlətlər var. Düzdür, artıq onların çoxu bir-biri ilə qanlı müharibələr aparmırlar, amma daima çəkişirlər.
Bu baxımdan ermənilərlə bizim aramızdakı münaqişə və düşmənçilik xüsusi bir şey deyil. Düşmənlər heç yerdə bir-birinə qarşı hörmət-izzətli, sayğılı olmurlar, həmişə didişirlər.
İntəhası, bu məsələdə elə bir xüsusat var ki, imkan olsa, adam araşdırıb öyrənərdi ki, xutularla tutsilər necə edir, onlar da “dolma sənin, dolma mənim, dolma heç kimin” davası edirmi, hansısa qara gəlinə həsr olunmuş (“ay nənən ölsün, qara gəlin” tipli) mahnıya görə savaşırlarmı? Kim bilir, bəlkə də xutular toya güllü tumuş geyməyi ilk olaraq özlərinin icad etdiyini deyir, tutsilər də buna etiraz edirlər?
Yəni onlarda da belə şeylər ola bilər. Düşmən oldunsa, gərək axıradak və bütün məsələlərdə çəkişəsən, “filan məsələdə siz haqlısız” söhbəti ola bilməz.
Ermənilər bu işdə çox qabağa gediblər. Onlarla bizim aramızdakı Qarabağ, Göyçə gölü, “Sarı gəlin”, dolma, lavaş davalarına hər gün yeniləri əlavə olunur.
Axırıncı dəfə ermənilər Moskvada bir kafe açaraq Anadolu türklərinin mətbəxinin yeməyinə – lahmacuna kürəkeş uzadıblar, türkün sözü, fırından çıxarıb deyiblər, bu, bizim qədim yeməkdir, adı da lamadjodur.
Əgər bu işi edənlərin fantaziyası bir az geniş olsaydı, “lahmacun”un adını dəyişib ona yaxın “lamadjo” qoymazdılar, məsələn, “turdacum” (bu sözün ilk hecasının mənasını erməni dili bilənlərdən soruşun) qoyardılar. Amma bunun üçün beyinə əziyyət vermək lazımdır, ən yaxşısı, yeməyi götürüb mənimsədiyin kimi adını da bir azca erməniləşdirirsən, qurtarıb gedir.
O gün bu barədə süjet hazırlayan türk televiziyasında türklər hiddətlənib eləmədən deyirdilər ki, ermənilər lahmacun bişirə bilərlər, amma bizim kimi ləzzətli bişirə bilməzlər. Bir ağsaqqal isə söhbəti tarixi aspektdən xırdalayırdı: “Əslində lahmacun ərəb mənşəli kəlmədir, ”lahm” ət deməkdir, “acin” isə xəmir, yəni ətli xəmir”.
Hiss olunurdu ki, ermənilərin “lamadjo” bişirərək, “bizim yeməkdir” deməsi Anadolu türklərinə bir az yer eləyib, sadəcə, özlərini o yerə qoymurlar və yəqin ki, YUNESKO-ya şikayət-filan da etməyəcəklər, sadəcə, lahmacun yemək istəyən turistlərə deyəcəklər, o ermənilərin lamadjosu, bu da bizim lahmacun, yeyin, baxın, özünüz qiymət verin.
Bu söhbət, əlbəttə ki, yaponlara və cənubi koreyalılara çox qəribə görünə bilər. Çünki onlar bu saat dəmirdən, rezindən adam, it, öküz robotları hazırlayıb yeridib-yüyürtməklə, hürdürüb-böyürtməklə məşğuldurlar. Oralarda robotlara resepti verirlər, 15 dəqiqəyə pizza bişirib masaya gətirir, bizim coğrafiyada isə hələ də dizi yerə atıb saca yuxa salmağı ilk dəfə kimin icad etməsi üstündə dava gedir.
Hələ bu harasıdır? Çin ABŞ-dan “Hammer”i alıb, öz xammalı ilə “kitayski” “hammer”lər buraxır, ermənilər və biz “cəhrə bizim alətdir” deyə dalaşırıq.
Tərs kimi, elə məsələdir ki, biz ağıllı, müdrik, türkün sözü, xoşgörülü olub, “yaxşı, sizindir, sizin olsun” deyə bilmirik. Desək, dərhal deyəcəklər ki, “ələk də bizimdir, nehrə də, həvə də, kirgit də, yəhər də, quşqun da, səhəng də”. Bir sözlə, nə qədər qədimi alət və avadanlıq var, məlum olacaq ki, hamısı ermənilərindir. Xasiyyətləri bu cürdür, neyləmək olar.
Gərək bizim qonşularımız yaponlar olaydı və biz onlara baxıb onlar kimi olmağa çalışaydıq, robot düzəldəydik, kompüter yığaydıq, nano texnologiya üzrə rəqabət aparaydıq.
Ermənilərin də qonşuları cənubi koreyalılar olsaydı, bəlkə onlar da bir tərəfə çıxardılar. Hərçənd onları bilmək olmaz, koreyalılar bir də görərdilər ki, ermənilər deyirlər, “Hunday” bizimdir, “Samsunq”u da biz icad etmişik.