Xəbər verdiyimiz kimi, futbol üzrə milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.
Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinən komandamız uğurlu seriyanı davam etdirə bilib.
Səfər oyununda millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib. Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.
AzNews.az uzun illər uğursuzluq zolağından çıxa bilməyən millimizin oyunu haqda vaxtı ilə onları ən çox tənqid edən jurnalistlər arasında sorğu aparıb.
Tənqidçi jurnalistlərimizə “Millimizin bugünkü durumu qaneedicidirmi? Bugünkü mövqe nəyin nəticəsidir? Tənqid edən jurnalistlərin də bu xallarda payı varmı?” suallarını ünvanladıq.
Natiq Muxtarlı (komanda.az):
“Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində 3 oyuna 7 xal toplaması eyforiyaya səbəb olub. Ancaq eyforiyaya qapılmaq üçün əsas yoxdur. Çünki hələ heç nə əldə etməmişik, mundialın final mərhələsinə vəsiqə qazanmamışıq. Təbii ki, yığmanın bu nəticəni əldə etməsinin əsas səbəbi iki klubumuzun – “Qarabağ” və “Qəbələ”nin avrokuboklarda mütəmadi çıxış etməsinin nəticəsidir. Avrokuboklarda qazanılan nəticə, təcrübə yığmanın da oyununa təsir etmiş oldu. Yığmanın nəticə əldə etməsi üçün ya gərək futbolçularımızın əksəriyyəti Avropa klublarında oynasın, ya da ölkədə avrokuboklarda mütəmadi çıxış edən 2-3 top-klub olsun. Kamran Ağayevin Portuqaliyada çıxış etməsinin onun oyun səviyyəsinə necə təsir etdiyini görürsünüz? Onun özünəinamı digər futbolçulara da təsir edir. Yaxud da Ramil Şeydayevin ağıllı oyunu, meydanı görmək qabiliyyətini qeyd edək. Hiss olunur ki, yüsək səviyyəli məktəb keçib. Biz AFFA-nı təqnid edərkən də məhz bu amilləri qabardırdıq. Deyirdik ki, klub futbolunun inkişafını əngəlləməyin, futbol məktəbləri açın, futbolçulara külli miqdarda məvacib verib, onları ölkədə saxlamayın, imkan yaradın xaricə çıxsınlar. Və onu da iddia edirdik ki, istənilən baş məşqçi Berti Foqtsdan daha faydalı olar milli üçün. Amma AFFA rəhbərliyi bütün bu deyilənləri qulaqardına vurudu. Onlar elə bilirdilər ki, heç-heçəyə görə futbolçuya 60 min dollar mükafat verməklə, yaxşı futbolçu etmək olar. Neyləyək ki, bizim futbol funksionerlərinin düşüncəsi belə kasaddır, bəsitdir. Azərbaycan daha əvvələr böyük turnirlərin final mərhələsində oynamalıydı. Təbii ki, düzgün idarəetmə sistemi olsaydı. Ancaq AFFA rəhbərliyi hələ də səhvlər buraxmaqda davam edir. Yenə də klub futbolunun inkişafına əngəl törədirlər. Məsələn, “Qarabağ” və “Qəbələ” quruma müraciət edərək legioner limiti məsələsinə yenidən baxılmasını xahiş edib. Ancaq bu məsələ yubadılır. Legioner limiti klub futbolunun inkişafını əngəlləyən ən böyük maneədir. Limit rəqabəti pozur, yerli futbolçunu arxayın salır. Türkiyə futbolu məhz bu limitin qurbanı oldu. Rusiya da limitdən əl çəkmir. Elə ona görə də uğur əldə edə bilmirlər. İndi məqamdır, limiti aradan qaldırmaq lazımdır. Belə olan təqdirdə yerli futbolçular daha səylə çalışacaqlar ki, legionerlərdən geri qalmasınlar. Üstəlik, onların xaricə getmək istəkləri də artacaq. Daha biz AFFA rəhbərliyinə hansı təklifləri verək, onları necə başa salaq? Gecikmək olmaz. Düzgün qərarlar qəbul etsinlər, nəticə olsun ki, bizdən də tərif eşitmək şərəfinə nail olsunlar”.
Sərxan Musalı ( “futbol+” qəzeti):
“Bu seçmə mərhələyə çox yaxşı başlamışıq. Bunun da bir neçə səbəbi var. Birincisi, Berti Foqtsdan fərqli, Robert Prosineçki yığmanın dilini tapıb. O, futbolçularla böyük qardaş kimi münasibət qurur. Onlara güvəndiyini hiss etdirir. Ab-havanı qaldırır. Komanda yumruq kimi birləşib. Futbolçularda özünəinam artıb. Prosineçkiyə millidə böyük rəğbət yaranıb. İkincisi, bu gün əsas komandada oynayanların əksəriyyəti Avropa təcribəsinə sahibdir. Legioner həyatı yaşayan futbolçularımızın sayı artıb. “Qarabağ” və “Qəbələ”nin üzvləri Avroliqada ardıcıl 2 dəfə qrupda oynamaqla böyük təcrübə qazanıb. Nəticəsini də görürük. İndi futbolçularımız yığmada oynayarkən heç bir rəqibdən çəkinmir. Meydanda ayaqları əsmir. Topu hara gəldi vurmurlar. İndi çox soyuqqanlı oynayırlar. Yığmada anlaşma səviyyəsi də artıb. Əlbəttə futbolumuzun inkişafında jurnalistlərin böyük rolu var. Tənqid inkişafın birinci şərtidir. Haqlı iradlardan nəticə çıxarılanda uğur da gəlir”.
Rəşad Ergün (komanda.az):
“İstənilən ölkədə, istənilən cəmiyyətdə əsas yük hər şeyə göz yuman, yaltaq mətbuatın yox, tənqid və sağlam təhlil edən mətbuatın üzərinə düşür. Məsələn, Berti Foqts 6 il ərzində Azərbaycan millisinə rəhbərlik etdi, yetərincə uğursuzluqlar yaşadıq. Nəticə o oldu ki, Xorvatiyadakı oyunda Azərbaycan millisi rüsvayçı hesabla uduzdu və Foqts dabanına tüpürüb qaçdı. O vaxt çox az – bir ovuc jurnalist Foqtslu millini, alman məşqçinin arxasında dayanan AFFA-nı tənqid edirdi. Əksəriyyət yaşanan uğursuzluqlara, boş yerə havaya sovrulan milyonlarla manat vəsaitə göz yumurdu. Nəhayət, Foqts qaçdı, yerinə Robert Prosineçki gəldi. Prosineçkili Azərbaycan millisində hər şey qaydasındadırmı? Yox. Qüsurlar çoxdur, tənqid olunası məqamlar çoxdur. Ancaq yenə də idman mətbuatının böyük kəsimi çəpik çalmaqla məşğuldur. Təəssüf ki, Azərbaycanın idman mətbuatında təhlil keyfiyyəti çox aşağıdır. Tənqiddən isə heç danışmıram. Söhbət sağlam tənqiddən gedir. Amma əminəm ki, bu illər ərzində bir ovuc jurnalistin tənqidi AFFA-ya, Azərbaycan futbolunun gedişatında müsbət mənada təsir edib, nəinki işi daim çəpik çalmaq olan jurnalistlərin əl çalması.
Azərbaycan futbolunun bugünkü durumu 5-10 il əvvələ baxanda daha yaxşıdır. Amma biz daha yaxşısını istəmirikmi? Biz bilmirikmi ki, 5-6 ildən sonra futbolumuz yenə uğursuzluğa, qaranlığa məhkum ola bilər? Bilmirikmi istər klub, istər milli səviyyəsində az-çox uğurlar neft pullarının gətirdiyi uğurlardır? Uşaq futbolunun hansı gündə olduğunu görmürükmü? “Qarabağ”la “Qəbələ”yə uğuru legionerlərin qazandırdığını anlamırıqmı? Azərbaycan mətbuatı bu məqamları qabartmalıdır, AFFA-dan qısa müddətli uğurlar yox, planlı şəkildə iş tələb olunmalıdır. O iş, o plan yoxdu. Yoxdusa, bizim – mətbuatın da görəcəyi çox iş var”.
Emin Səfərov (futbol11.az):
“3 oyunda 7 xal qazanmışıq deyə, “Azərbaycan futbolu artıq inkişaf edib” deyə bilmərik. Hər halda ölkə futbolunda olan problemlər göz önündədir. Biz inkişafdan yalnız Çexiya ilə oyunda 1 xal aldığımıza görə sevindiyimiz yox, üzüldüyümüz vaxt danışa bilərik. Bizim 8 komandalı Premyer Liqamız, forma, maaş üzünə həsrət qalan futbolçuların çıxış etdiyi birinci divizionumuz var. Maddi problemlərdən dağılan “Xəzər Lənkəran” var, “Bakı” var. Hansı futbolu inkişaf edən ölkədə klub dağılır ki? Bundan başqa klublarımızın avrokubok matçını keçirmək üçün normal stadion tapmadığı ölkədə hansı futbolun inkişafından danışa bilərik? DÇ-2018-in seçmə mərhələsində 3 oyunda qazanılan 7 xala gəlincə, bu, sadəcə, baş məşqçi və futbolçuların əməyidir. Deməli, milli üzvlərinin istəyi rəqibin gücündən daha artıqdır. Yəni, heç kim düşünməsin ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev və ya baş katib Elxan Məmmədov sehrli çubuğunu işə salıb. Amma istənilən halda inanmaq istərdim ki, “iyirmi on səkkizə” biz də gedəcəyik”.
Aydın Bağırov (qol.az):
“Komdamızın 7 xal toplaması əlbəttə, gözlənilməz, amma gözlənilməz olduğu qədər də sevindiricidir. Əməyi keçən hər kəs bir təşəkkürü haqq edir. İndi elə bil vəziyyət yaranıb ki, hətta qrup ikinciliyi üçün də oynayıb DÇ-nin “pley-off”una düşmək barədə də fikirləşir. Amma bütün bunlar bizi eyforiyaya salmamalıdır. 7 xal varımızdır deyə elə düşünməmiliyik ki, hər şey həll olunub. Bu uğuru qazanmağımızda rəqiblərimizin bizə yuxarıdan aşağı baxması da rol oynayıb. Bundan sonra onlar bizi ciddiyə alacaqlar. Demək istəyirəm ki, millimizi daha ağır oyunlar hələ bundan sonra gözləyir. Bu uğurlar bizdə başgicəllənməsi yaratmamalıdır. Sabah necə olacaq bilmirik. Bir də unutmayaq ki, aşağı yaş qrupları üzrə milli komandalarda, ümumilikdə Azərbaycanın uşaq futbolunda vəziyyət yaxşı deyil. O sahəyə diqqət əsas milliyə diqqətdən az olmamalıdır. Bu gün aşağı yaş qrupları üzrə komandalara azərbaycanlı olmayan futbolçular dəvət edilir. Niyə? Biz özümüz futbolçu yetişdirə bilmərikmi? Klublarda, çempionatımızda vəziyyət bərbad durumdadır. Bugünə qədər millinin zəif oynamasının başlıca səbəbi bu faktlardır ki, onlar barədə düşünmək lazımdır. Çünki bütün komandalarımızın çıxışı zəncirvari olaraq bir-birinə bağlıdır.
Tənqidlərə gəlincə, milli və klublar jurnalistin kefi istəyir deyə, tənqid olunmurdu. Azərbaycanın idman mediasında yetərincə peşəkar, hadisələri düzgün analiz edə bilən insan var. Onlar qüsurları görəndə bu haqda yazıblar, bugün millidə müsbət dəyişiklik varsa, ona görə də “sağ ol” deməyi bacarırlar. Futbol və idman mediasının da işi bir-birinə bağlıdır. Uğur varsa, orda mediadakı əsaslı və qərəzsiz, sağlam tənqidin rolu təbii ki, var”.
Kənan Məstəliyev (rekord.az):
“Ölkə futbolumuzun durumu haqda hələ də hay-küylü, tərif dolu sözlər söyləyəcək durumda deyiləm. Səbəblər çoxdur: ölkənin əsas çempionatında cəmi 8 komanda oynayır, onun da demək olar hamısı ya paytaxtı təmsil edir, ya da oyunlarını paytaxtda oynayır. Aşağı yaş qrupları millilərimizə bəzən “milli” deməyə adamın dili gəlmir. Türklər, ruslar, nə bilim ispanlar o qədərdir ki, bəzən səhv salırsan ki, “bizimkilər” hansılardır… Çox şeylər demək olar, ancaq bu 7 xalın dadını çıxarmaq da lazımdır. Bu nəticə məqsədyönlü, sabit, sakit, ciddi işin nəticəsidir. Belə də davam etmək lazımdır. AFFA-nı, futbolçuları, Prosineçkini təbrik etmək, çəkdikləri əziyyətin haqqını vermək, alqışlamaq gərəkdi. Klubda istədiyin transferi edib qələbə qazanmaq daha asandır, millidə isə belə şans yoxdur. Əlində nədisə, ondan yararlanmalısan.
O ki qaldı tənqidçi jurnalistlərə, o 7 xalın bəlkə də 2-ni bizim aktivimizə yazmaq olar. Tənqidsiz inkişaf mümkün deyil! Biz ölkəmizi, onun futbolunu, insanlarını çox sevən, ona var gücümüzlə xidmət etməyə çalışanlarıq. Tənqidi də istədiyimizdən edirik. Ümumilikdə, futbol camiəsi yazılanlardan düzgün nəticə çıxaran camiədir ki, nəticəsi də göz qabağındadır. Digər idman növlərindən iki cümlə yazılan kimi aləm dəyir bir-birinə, az qalırlar adamı xalq düşməni, təxribatçı elan etsinlər. Futboldakılar isə tənqiddən nəticə çıxararaq başlarını aşağı salıb işlərini görürlər. Bunun səbəbidir ki, indi qrupda ikinci yerdəyik. Davamı gəlsin! Ki, yavaş-yavaş bədbin notları, bədbin düşüncələri nikbinə dəyişməyə doğru gedirik. Həqiqətən də, niyə də yox?”