İşə bax, işğalçı Ermənistan deyil, işğala məruz qalan Azərbaycan təzyiq hədəfi imiş. Ölkə başçısının bununla bağlı son açıqlaması əslində sensasion deyil. Çünki əksi olsaydı, yəni təzyiqlər təcavüzkara yönəlsəydi, Dağlıq Qarabağ konflikti çoxdan və ədalətli həllini tapardı.
Yəni İlham Əliyev sadəcə, acı gerçəyi etiraf edib, həm də təcili nəticə çıxarmalı olduğumuz bir gerçəyi – millət, toplum, hakimiyyət, müxalifət olaraq…
Bəli, faktdır ki, biz Qarabağ məsələsində on illərdir ən yaxşı halda vasitəçilərin münaqişə tərəflərinə eyni gözlə baxmasının, təcavüzkarla təcavüzə məruz qalanın bərabərləşdirilməsinin şahidi olmuşuq. Ən yaxşı halda!
Hərgah, belə yanaşmanın özü də işğala bəraətdən savayı bir şey deyil. Ona görə ki, Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoyulması onların bərabər güzəştlərə getməli olması məntiqini ortaya qoyur.
Ərazisinin 20 faizi qonşu ölkə tərəfindən işğal edilmiş Azərbaycan hansı güzəştə getməlidir ki? Öz suverenliyini, ərazi bütövlüyünü bazarlığamı çıxarmalıdır? Prezidentin son açıqlamasından belə qənaət hasil olur ki – bəli, bağlı qapılar arxasında bizdən məhz bunu istəməyə cürət edirlər.
Yəqin Azərbaycan xalqını mağmın görüblər. Bu xalq üçün onun şəhidlərinin, torpaqlarının, Şuşanın, Qarabağın hansı dəyərdə olduğunu deyəsən, unudublar. Amma nahaq yerə!
Azərbaycan xalqı yatmadığını, işğalçıya layiq olduğu cəzanı vermək qabiliyyətində olduğunu deyəsən, son olaraq apreldə onun havadarlarına əyani göstərib axı. Gərək ki, müəyyən dairələr dərs götürməli idilər.
Bu xüsusda Bakıya təzyiqlərin daha çox aprel olaylarından əvvələ, yoxsa sonraya təsadüf eləməsi bir qədər qaranlıq qalır – ölkə başçısı məsələnin bu tərəfini açmayıb.
Bir şey dəqiqdir ki, məsələn, ABŞ-dan, Qərbdən fərqli olaraq, problemin hər hansı formada, hətta Ermənistanın xeyrinə çözümü Rusiyaya sərf eləmir. Çünki o halda Kremlin Bakı və İrəvana ən güclü təsir rıçaqı aradan qalxmış olacaq, bölgədə nə rus hərbi bazalarına, nə də sülhməramlılarına ehtiyac qalacaq.
Bu mənada istənilən formalı həll yalnız Qərbin, ələlxüsus da Güney Qafqazdan Rusiyanı vurub çıxarmağa çalışan ABŞ-a sərfəli görünür. Odur ki, daha çox ABŞ-dan şübhələnməyə əsaslar var.
Elədirsə, bəs beynəlxalq hüquq, ən azından Krım məsələsində ABŞ-ın, Qərbin təkid və canfəşanlıq elədiyi, prinsipiallıq göstərdiyi, dirəşdiyi haqq-ədalət harda qaldı? Bəs BMT-nin, AŞPA-nın, Avropa Parlamentinin, NATO PA-nın, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı adlandıran qətnamələri?
Qəribədir, Azərbaycan ikinci erməni dövləti kimi Dağlıq Qarabağın “müstəqilliyini” tanımalı, hələ üstəlik, ona Ermənistanla əlaqə üçün Laçından dəhliz də ayırmalı imiş ki, anklav vəziyyətdə qalmasın. Bəh-bəh.
Heç faşist Almaniyasına belə kapitulyasiya sənədi imzalatmayıblar. Hər necə olmasa, Almaniya gec-tez təzədən vahid dövlətdə birləşdi.
Ancaq Azərbaycan heç kimə hücum etməyib, kimsənin ərazisini zəbt etməyib, heç bir xalqı tarix boyu soyqırıma, etnik təmizlənməyə məruz qoymayıb. Onun tək istək-tələbi BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən, lap elə ABŞ, Rusiya, Fransa, Avropa Birliyinin özü tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasıdır.
Əksinə, aqressor Ermənistandır və bunu da yenə həmin beynəlxalq təşkilatların nizamnamələri, Qarabağa dair çıxardıqları qətnamələr təsdiqləyir. O zaman nə baş verir? Nədən təzyiqlər işğalçıya yönəlmir? İkili standart siyasətin motivi nədir, ona görə ki, işğalçı xristian dininə sitayiş edır?
Təbii ki, bu amil də var. Ancaq nə səbəb olur-olsun, ölkə başçısının son mesajından ən ciddi nəticəni Azərbaycan xalqı çıxarmalıdır! Və xalq ən əvvəl bu təzyiqlərin səbəbini hakimiyyətdən soruşmalı və nə qədər gec deyil başına çarə qılmalıdır. Yoxsa, təzyiqlər açıq xarakter ala bilər.
Dövlət başçısının xalqa şifrəli Qarabağ mesajı da bizcə, elə budur.