Gün o gün idi ki, futbolçu Maşallah Əhmədov SSRİ çempionatının bombardiri idi, 13 qol vurmuşdu, Oleq Protasov baxa-baxa qalmışdı və biz, o vaxtın futbol azarkeşləri Maşallahla qürur duyurduq.
Heç birimizin ağlına gəlməzdi ki, Maşallah yetkin yaşa çatanda adlı-sanlı iş adamı olacaq və rayon böyükləri ilə birləşib başqalarına qarşı maxinasiyalar, müxtəlif driblinqlər edəcək.
30 il əvvəlin söhbətini edirəm. Dünyada Maradonanın, Matteusun, SSRİ-də Yakovenko, Rats, Yaremçuq, Zavarov, Belanovun fırtına qoparan vaxtlarıydı, bizim də püşkümüzə Maşallah düşmüşdü. Bir də İsgəndər Cavadov.
İkisi də yaxşı oynayırdı. İsgəndər texnikalıydı, rəqiblərinin başına it oyunu açırdı, aldadır, qollar vururdu, amma Maşallah sürətliydi, topu qabağa vurub dalınca düşür, hamını ötüb çatır, ikisini vura bilməyəndə, birini də vururdu.
Dostumuz Fariz vardı, hər dəfə Maşallahın topun dalınca qaçdığını görəndə deyirdi, vallah, bir gün Maşallah dayana bilməyəcək, qıraqdakı fotoreportyorları əzib şikəst edəcək. Arada elə şeylər olmuşdu, amma fotoreportyorlara ciddi xəsarət dəyməmişdi.
Bəli, Maşallah sürəti və güclü zərbələri ilə dalbadal qollar vurub SSRİ çempionatının bombardiri olmuşdu və o dövrün ən böyük idman qəzeti “Sovetskiy sport” onun haqqında “Molodets, Maşalla” başlıqlı yazı vermişd. Yazıda izah qeyd olunurdu ki, Azərbaycanda “molodets” sözü “maşallah” sözünə tən gəlir.
Bir gün yataqxanamızın bufetində oturub Maşallahdan danışanda bufetçimiz Natiq əlində futbol qumarına dair variantlar yaza-yaza dedi ki, ay uşaqlar, siz bayaqdan bizim Maşdını tərifləyirsinizmi. Dedik, bəli, “Sovetskiy sport” da yazıb. Natiq dedi: “Kimi, kimi, Maşdını mənim yanımda tərifləməyin, məhlə uşağımızdır, tay-tuşumuzdur”. Dedik, Natiq, yaxşı oynayır axı, bax, bombardir də olub. Natiq dedi, a kişilər, biz uşaq vaxtı futbol oynayanda Maşdını oynatmırdıq ey, İmamzada haqqı, ancaq top daşıyırdı, uzağa gedən topları o qaçıb gətirirdi.
Biz, təbii ki, Maşallah Əhmədovun küçəlisi Natiqin bu sözlərinə etina etmədik, fikirləşdik ki, ola bilsin, düz deyir, Maşallah uşaqlığında elə olub, amma sonradan inkişaf edib və hazırda bir yerlərə çıxıb. Budur, Natiqin 30 yaşı yoxdur, ayağını sürüyə-sürüyə gəzir, amma, maşallah, Maşallah hələ də sprinter kimi qaçır.
Beləcə, biz öz qürur qaynağımıza azarkeşlik etməkdən vaz keçmədik. Çünki əlimizdə olan o idi. Bir də İsgəndər.
Əlbəttə, biz də o vaxt Kiyevdə olsaydıq, təkcə “Dinamo”nun ilk “onbirliyi”ndəki futbolçulardan kimi kumir seçəcəyimizi bilməzdik. Hamısı yaxşı oynayırdı. Amma bizdə seçim imkanı yox idi, ya Maşallahla İsgəndərə azarkeşlik etməliydin, ya da Jidkova.
Baxıram, biz o sindromdan xilas olmamışıq. Yenə əlimizdə bir-iki parlaq futbolçumuz var: Rəşad Sadıqov, Cavid Hüseynov. Birinci bu gün-sabah futboldan çıxacaq, o biri də bir-iki ilə türmədən çıxacaq.
Ona görə də məcburuq qapıçı Kamran Ağayevə azarkeşlik edək. Maşallah, o gün qapımızı yaxşı qorudu. Onun yerində dünyanın bir nömrəlisi Manuel Noyer olsaydı, Norveç millisi qapımıza azı 3 qol vuracaqdı. (Demirəm ki, Noyer Kamrandan zəifdir, sadəcə, yazıq Manuel ömründə bu qədər zərbə dəf etmədiyi üçün karıxıb qalardı).
İndiki yeniyetmələrin bizdən fərqi odur ki, onlar bu xüsusda eyforiyaya qapılmırlar. Dünən yaquarım və dostları deyirlər ki, bu cür oynasaq, almanlar qapımızı dolduracaqlar. Deyirəm, ay uşaqlar, bu saat böyürdən sizinlə yaşıd 6 alman uşağı çıxsa, onlarla futbol oynasanız, uduzarsınız? Deyirlər, alman olmur, lap braziliyalı olsun, çiləyərik. Biri deyir, onlara beş qol vurar, üçünü qapıçının ayaqları arasından keçirər. Özgüvən bu qədər, yəni. Baxıram ki, düz deyirlər, bizimkilər alman tay-tuşlarını udarlar.
Bəs böyüdükcə nədən fərq əcnəbilərin xeyrinə dəyişir? İzahı sadədir. Əcnəbilər məktəb keçir, öz üzərlərində çalışır, işə peşəkarcaına, ciddi yanaşır, məşq, qida rejiminə riayət edir, içkidən, qəlyandan, ora-bura sümsünməkdən imtina edir, ortaya bir şey çıxarırlar. Bizimkilər isə 5 manat pul görəndə deyirlər, Messi kimdi, əə.
Bax, o vaxt Gəncədə Maşdı ona görə inkişaf edib Maşallah Əhmədov olmuşdu ki, məktəb keçmişdi, özünü inkişaf etdirmişdi. Amma yetkinləşdi, 5 manat pul gördü, dedi, Bill Qeyts kimdi ki…