Mosul əməliyyatının başlaması iki dövlət arasında münasibətlərə təsir edib, səfirlər XİN-ə çağrılıb.
Türkiyə və İraq arasında münasibətlər yenidən gərginləşib. İraq parlamenti yaydığı açıqlamada Türkiyə ordusunun İraq ərazisindən çıxarılmasını tələb edib, eyni zamanda Türkiyənin İraqdakı səfirinin XİN-ə çağırılıb xəbərdarlıq edilməsini tələb edib. Həmçinin Türkiyə ilə ticarət və enerji sahəsində əməkdaşlığa yenidən baxılması tələb olunub.
Sənəddə Türkiyə ordusunun “iğalçı qüvvələr” adlandırılması Ankaranın sərt təpkisinə səbəb olub. İraqın Türkiyədəki səfiri Hişam Əli Əkbər əl-Ələvi XİN-ə dəvət olunub və Ankaranın narahatlığını bildirən nota təqdim olunub.
Ankara-Bağdad münasibətlərinin yenidən gərginləşməsi Mosulun azad edilməsi əməliyyatlarının başlanacağı xəbərləri ilə eyni vaxta təsadüf edir. Qərb mediasının diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, hazırda həm İraq ordusu, həm könüllü silahlı birliklər (“Həşdi Şabi”), həm də kürd silahlıları və Türkiyənin 2014-ci ildən bu yana təlim keçdiyi yerli sünni tayfaların silahlı üzvləri Mosul əməliyyatı üçün səfərbər edilir.
Britaniya Müdafiə Naziri Maykl Fallon Mosul əməliyyatı ilə bağlı hərbi anlaşmanın 23 sentyabrda imzalandığını bildirib. Eyni zamanda BBC-nin məlumatına görə, nazir qeyd edib ki, Mosul qarşıdakı bir neçə ay ərzində azad ediləcək.
Türkiyə prezidenti isə Mosulun azad eidlməsi əməliyyatının oktyabrın 19-da başlayacağını bildirib. Ancaq o da məlumdur ki, Mosulun azad edilməsi elə də asan olmayacaq və bir neçə ay vaxt tələb edəcək. Mosulun 60 kilometr cənubunda yerləşən və iyulun əvvəlində İraq silahlı qüvvələri tərəfindən azad edilmiş Kayara Hərbi Hava bazası Mosul əməliyyatının əsas komanda və təchizat mərkəzi olacaq. Hazırda İraq ordusu və könüllü silahlı birliklər Kayara bazasına toplanır. ABŞ və Fransa da Mosul əməliyyatına hərbi təlimatçılar, o cümlədən dəqiq hədəfləri vuran yaxın mənzilli raketlər gönədirb. Bundan başqa, artıq 560 nəfər amerikalı hərbi təlimatçı da Mosulun azad edilməsi əməliyyatının hazırlanmasında iştirak etmək üçün bölgəyə gətirilib. Beynəlxalq anti-İŞİD koalisiyası isə əməliyyat zamanı İŞİD-ə hava zərbələri endirəcək.
Qeyd edək ki, Ankaranın əsas narazılığına səbəb olan mövzu Mosulun azad edilməsində İraq şiə könüllü qüvvələrinin iştirakı ilə bağlıdır. Ankara və digər bir sıra ərəb dövlətləri hesab edir ki, Mosul sünni bölgəsi olduğu üçün bu şəhərin azad edilməsində şiə könüllüləri (Həşdi Şabi) qüvvələri iştirak etməməlidir. Bu olarsa bölgədə zorakılıqların arta biləcəyi iddia olunur. Bağdad isə bu tələbi ölkənin daxili işlərinə müdaxilə hesab edir.
Son məlumata görə, Mosul əməliyyatında könüllülərin iştirakı mövzusunda ortaq anlaşma əldə olunub. Belə ki, əməliyyat zamanı könüllülər Mosulun qərb hissəsində və Kayrah bazasının ətrafında mühafizə fəaliyyəti həyata keçirəcək, Mosula daxil olmayacaq. Plana əsasən, hücum edən qüvvələr Mosulun kənar məhəllələrinə daxil olduqdan sonra hücum əməliyyatları Dəclə çayının qərb sahilində, Bağdad-Mosul yolu üzərindən aparılacaq. Eyni zamanda hücum əməliyyatı İŞİD-in Mosuldan Suriyaya doğru yolunu kəsməyi də nəzərdə tutur. Bununla da İŞİD-in qonşu ölkəyə yolu bağlanacaq və qruplaşma sıradan çıxarılacaq.
Bu səbəbdən də, əsas toqquşmalar – şəhər daxilində atışmalar noyabr-dekabr ayında başlayacaq.
Qeyd edək ki, Mosul İraqın ikinci böyük şəhəri olub. Ancaq işğal edildikdən sonra əhalinin böyük hissəsi köçüb. Hazırda ehtimal olunur ki, Mosulda 700 minə yaxın sakin var. Şəhərə hücum əməliyyatı başladıqdan sonra bu insanların böyük çoxluğu qaçqın düşəcək və ya məcburi olaraq yerlərini dəyişməli olacaq. Üstəlik insanların qaçmağa başlayacağı və İŞİD silahlılarının da onların arasına qarışması təhlükəsi olduğu üçün bölgədə savaşların yenidən alovlanması ilə yeni humanitar fəlakət başlaması ehtimal olunur.
Ancaq indi İraq hakimiyyətinin başqa çarəsi də yoxdur. Ya ölkənin bölünmüş qalması ilə barışmalı, ya da işğalın və zorakılığın davam etməsini qəbul etməlidirlər. Ancaq bu prosesin çox çətin və sıxıntılı keçəcəyi görünür. İraq artıq uzun illərdir bölgədə regional və qlobal güclərin mübarizə meydanına çevrilib. Ən son olaraq İŞİD-in yaradılması və ölkənin faktiki olaraq yarıya qədərinin nəzarətdən çıxması (İŞİD və kürd muxtariyyəti) ölkəni yenidən parçalanma təhlükəsi ilə üz-üzə qoyub. Ölkənin terror təhlükəsindən qorunması isə ilk növbədə terror təşkilatlarına qarşı amansız mübarizə və ərazi bütövlüyünün təmin olunmasıdır. Buna nail olmasa, İraq xaos içərisində boğulacaq.
Ankaranın İraq hökuməti ilə münaqişəsi baş nazir Malikinin vaxtında vitse-prezident Tariq əl-Haşimi barəsində məhkəmənin həbs qərarı çıxarması ilə başladı. Haşimi silahlı cəza dəstələri – “ölüm eskadronları” saxlamaqda ittiham olunurdu və barəsində məhkəmə qərarı çıxarıldıqdan sonra Türkiyəyə qaçdı, Ankara onu himayəyə aldı. Ancaq İraqla soyuq münasibətlər Malikidən sonra da qaldı. Bağdad hökumətinin İranla yaxın olması, Ankaranın isə şimalda kürd muxtariyyətini və Haşimiyə yaxın qrupları dəstəkləməsi iki ölkə münasibətlərinə mənfi təsir etdi. Ən son olaraq, ötən ilin dekabrında Başika hərbi təlim bazası ilə bağlı iki ölkə arasında gərginlik yenidən özünü büruzə verdi.
Türkiyə Mosul əməliyyatında şiə könüllülərin deyil, yerli sünni aşirətlərin iştirakını tələb edir. Bağdad isə Türkiyənin bu addımını suverenliyə təhdid adlandırır. Ancaq iki ölkə münasibətlərinin bu şəkli alması təkcə İraqda deyil, bütövlükdə regionda sülh ümidlərinə zərbə vurur. Bu vəziyyət eyni zamanda Mosulun azad eilməsi, İŞİD-in qovulması prosesinə də mənfi təsir edə, prosesi ləngidə bilər.
Eyni zamanda əməliyyatların başlaması İraqla Türkiyə arasında birbaşa olmasa da, tərəf qruplar arasanda toqquşmaya səbəb ola bilər.
Musavat.com