Bu amerikalılar çox əfəl camaatdır. Təsəvvür elə, prezident seçkisinə cəmi bir ay qalıbdır (8 noyabrda olmalıdır), ancaq bunlar hələ də bilmirlər prezidentləri kim olacaqdır! Ölkənin yarısı deyir Hillari Klinton olsun, yarısı deyir Donald Tramp olsun. Rəy sorğuları belə əllinin əlliyə göstərirmiş.
Mən bir şeyi başa düşmürəm ki, bu xanım Klintonun əri Bill Klinton 90-cı illərdə ABŞ prezidenti işləyirdi ya yox? Niyə o vaxt bu adam Hillari xanımı öz yerinə qoyub getmədi ki, indi təzədən yazıq arvad düşüb dərəbədərə seçici gəzir? Xalq məsləhət bilsəydi, elə o vaxt prezident olardı, araya Buş, Obama girməzdi.
Bu mənada amerikalıların bizdən öyrənəcəyi şeylər çoxdur. Misal üçün, hətta Kamılxan nənə kimi yaşlı arvad belə 40 il sonra (doxsan çıxaq əlli üsulu ilə hesabladım) kimin prezident olacağını bilir! Deməli, Kamılxan nənə amerikalıların bütün Mərkəzi Kəşfiyyatından-zaddan çox məlumatlıdır. Sözgəlişi, biz Bin Ladenin yerini də amerikalılardan qabaq tapmışdıq, özüm Biləcəri-Nərimanov marşrutunda işləyən 67 saylı avtobusda eşitmişdim: “Bin Laden Amerikanın oyunudur, bu dəqiqə də oturub Nyu Yorkda, sifətini dəyişiblər, özü də gecələr taksi şoferi işləyir”.
Azərbaycanda istənilən seçkinin, səsvermənin nəticələri öncədən bilinir, dərsliklərə salınır, məktəblərdə öyrədilir. Axırda da heç kim şoka düşmür, cəmiyyət parçalanmır, monolitlik pozulmur.
Təzəlikcə Şəkidə bir kişiyə ayı hücum eləmişdi. Adam evinin yaxınlığında meşədən şabalıd yığmağa gedərkən ayı ilə üzləşib, süpürləşiblər, bir-birinə xəsarətlər yetiriblər, axırda ayı başını götürüb qaçıbdır. (Etibarlı mənbədən aldığım informasiyaya görə şəkili ayıya nəsə anekdot danışıb, bundan sonra ayı gülə-gülə aradan çıxıbdır). Belə süjet Amerikada olsa, indi bundan min dənə “Xortdamış” tipində kino qayırıb baş rolu oynayan adama “Oskar” verərdilər. Leonardo di Kaprio elə bu cür rola görə Hollivudun baş ödülünü aldı. Həmin film 19-cu əsrdə olmuş real əhvalat əsasında çəkilmişdi. Təsəvvür edin, bunlar nə qədər mağmın adamlardır: axırıncı dəfə ayı ilə güləşməkdən 19-cu əsrdə salamat çıxıblar!
Vay-vay… Sən də deyirsən bunlar gəlib Qarabağ problemini həll eləsin, nə bilim, Suriyada qayda yaratsın, dolların kursunu endirsin, banka kreditimizi verək və sairə. Əlac ancaq özümüzədir, qardaşlar. Azərbaycan dünyaya Günəş kimi doğacaq! Nurəddin Mehdixanlı Leonardo di Kaprionu döyər!
Başqa bir süjeti nəql eləyim. Amerikalıların klassik ədəbiyyatında bir “Mobi Dik və ya Ağ Balina” adlı roman var, 19-cu əsrdə yaşamış Herman Melvill yazıbdır. Romanda əfsanəvi ağ balinanı ovlamağa cəhd edən Axav adlı cəsur kapitanın dəniz səyahəti təsvir edilmişdir. Maraqlı romandır, ancaq bir azərbaycanlı, xüsusən Narxozun məzunu olaraq deyim ki, bir qəpiklik əsər deyildir.
Çünki bu bədbəxt kapitan “Pekod” adlı gəmidə Mobi Dik-i ovlamaq üçün 3 okeanı fırlanır, başına min dənə müsibət gəlir, axırda nə olur, heç onu yazmıram, bəlkə romanı oxumaq istəyən var? Uzun sözün qısası, bir balinanı ovlamaq nəmənə şeydir ki, ondan zırpı bir roman yazasan, üstəlik Amerika məktəblilərini işə salasan, yazıqlar bütün günü belənçik cızmaqaranı oxusun? Herman Melvill gəlsin bizim Broker Əbülfəzdən balina ticarətinin sirrlərini öyrənsin! Əbülfəz müəllim, maşallah, bütün Azərbaycanı balina piyi ilə təchiz eləyir, kərə yağı adı ilə gündə balina yağını çörəyə sürtüb səhər yeməyi yeyirik. Millət balina piyində qayğanaq yeməkdən balina kimi şişib, ölkəmiz inkişaf edibdir!
Bir maraqlı detal da var ki, “Mobi Dik” romanında biz kapitan Axavın başına gələnləri İsmayıl adlı matrosun sayəsində öyrənirik. Bəlkə də bu İsmayıl bizim yerlimizdir. Qurban olsunlar İsmayıla, yoxsa amerikalılar haqda çoxlu fikrim qalırdı…