Dünən tibb üzrə 2016-cı il Nobel ödülünü yapon alimi Yosinori Osuminin aldığını açıqladılar. Yapon alim hüceyrələrin avtofaqiya mexanizmlərini araşdırıb. Bu avtofaqiya qısa olaraq nə deməkdir? Loru dildə yazım. Təsəvvür edin, hüceyrə hansısa aclıq çəkir, ya da içində bir problem çıxır. Bu zaman hüceyrədə həmin avtofaqiya mexanizmi işə düşür: hüceyrə özü-özünü yeyir, axırına çıxır. Həmin prosesdən qalan artıq-urtuğu isə başqa hüceyrələr süpürüb atırlar. Vəssalam. “Avtofaqiya” termin olaraq qədim yunanca “avto” – “özüm, mən”, “faqiya” isə “yeyirəm” deməkdir.
Mənim diqqətimi çəkən də elə bu avtofaqiya ilə hər gün rastlaşmağımızdır, hətta deyərdim, bizim cəmiyyətimiz, Azərbaycan xalqı avtofaq mexanizmlərlə yaşayır. Bir millət nə qədər öz-özünü yeyə bilər? Nə qədər içində dərd çəkər? Hətta bu sosial avtofaqiyamız ata sözlərimizdə də əksini tapmışdır: “İçim özümü yandırır, çölüm özgəni”, “Özü özünə eləyəni, el yığılsa eləyə bilməz”, “Ac qurd sürünün ortasına girər” (bu lap hüceyrə avtofaqiyasının düsturu kimi bir zaddır).
İndi özünüz deyin, bu qədər avtofaq bir xalq nə üçün bunun elmi kəşfini yapona buraxdı? Niyə AMEA ölüb yerə girmir, nədən təbiblərimiz öz hüceyrələrini yemirlər?
Yemək demişkən, xəbər var ki, əsas ərzaq monopolistimiz “Azərsun” müəllim ərzaqların qiymətini təzədən qaldırıbdır. Bundan başqa, gömrük rüsumlarına da türkün sözü, “zam” gəlir, idxal edilən çoxlu ərzaq növlərində bahalaşma qaçılmazdır. Nə etməli?
Zəhmətkeşlərimizi bu düşündürür. Əslində heç kimi düşündürmür, ironiya üçün yazdım. O “Kişi sözü” filmində deyilən kimi: “Başa düşmək üçün adamda gərək baş olsun”. Biz toplum olaraq əsasən qarnımızla fikirləşirik, o da quruldayanda. Hələlik rüsum və bahaçılığın dalğaları tam olaraq qarnımıza çatmayıb, hardasa ağız nahiyəsində dolaşıb dil-dodağımızı qurutmaqdadır. Xəbər qarına çatanda da, ya mədəd… Hökumət bir tədbir görəcək, misal üçün, yumurta festivalı, çörəyin kəpəyini azaltmaq, jmıxı bol eləmək kimi işlərlə zəhmətkeşləri yola verirsən, dağılışırlar. Hətta mən deyərdim təzə referendum keçirib konstitusiyanı yaxşılaşdırmaq olar. Bir növ adətkərdəyik axı, hər bahaçılıq olanda konstitusiyanı dəyişirik. Roma papasından artıq katoliklik, hökumətdən artıq hökumətlik eləməyəcəksən ki?
Bu arada Roma papası demişkən, adam gəldi-getdi, ancaq ərazi bütövlüyümüzü təsdiqləmədi. Hardasa bu temada təəssüf dolu başlıq gözümə dəydi, yoxsa Papa izləyən deyiləm, nəyimə lazım? Papanı katakomba təmir edənlər izləsin, bizim “kruqumuz” ayrıdır, necə deyərlər. Məni sadəcə o təəssüfün yiyəsindəki körpə saflığı düşündürdü. Guya Papa bizim ərazi bütövlüyümüz haqda bəyanat versə nəsə olacaqmış… Təzə təpə alıb adını Papatəpə qoyardıq.
Ümumiyyətlə, mən bu ərazi bütövlüyü məsələsində ancaq Zakir müəllimə arxayınam. Son xəbərə görə Zakir müəllim cəbhə xəttində o qədər şəkil çəkdirib ki, ermənilərin gözü fotoaparatın işığından kor olub. Qalır indi gedib yerləşməyimiz. Sadəcə, ermənilərin kor olması da problemdir, çünki məlum məsələdir, kor tutduğunu buraxmır. Çətin olacaq, ancaq mümkündür. Təki vətən sağ olsun.
Sonda bir məlumat da verim, uca xalqımız bilsin: Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv olunub. Zarafat eləyirəm, Ziya müəllimi qorxudurdum sadəcə. Orda səlahiyyət qalmayıb onsuz, hamısı ləğv edilib, Ziya müəllim də indi boş portfelini götürüb inersiya ilə nazirliyə gedir, divanda uzanıb pəncərədən buludlara baxır.
Bəlkə pəncərədən baxmaq səlahiyyətini ləğv edək? Öz daxilinə baxsın – avtofaqiya kimi. Maraqlı olardı. Əyləncəli həm də. Təzə referendumdan ucuz başa gələr.