Srağagün səhər ertə idi, mobil telefonu ilə internetdə eşələnən oğlum qəfildən soruşdu: “Ata, Samiraldonu tanıyırsan?”
Belə baxanda adi sual idi, cavabı qısaca “hə” ola bilərdi və elə olmalıydı. Amma nəyə görəsə mən özümü Samiraldo adlı stilisti tanıdığımı danmaq zorunda hiss etdim. Hərçənd bunu da bacarmayacağımı görüb yəhudi klassikasına əl atdım, suala sualla cavab verdim: “Niyə soruşursan? Sən onu hardan tanıyırsan?”
Yaquarım əlindəki telefonu göstərib dedi ki, burda onun haqqında bir xəbər var, bir də bir video.
Dedim, boş ver, get dərslərini oxu, kimyadan müəllim evə nə verib, tarixi oxudunmu, riyaziyyat nə yerdədir, filan-bəsməkan.
Dünən isə saytlardan oxudum ki, yazıq Samiraldonun başına iş gəlib, Kamil Zeynallı adlı idmançı onu bir prezentasiyada təhqir edib, üstünə meyvə-zad tullayıb, ünvanına söyüş söyüb, daha sonra isə müsahibə verərək deyib ki, Samiraldo insanların əxlaqını pozur.
Heç kəs yanlış anlamasın, mən Samiraldo kimi insanların varlığına dözümlə yanaşılmasının tərəfdarıyam. Qoy onlar bu ikiqütblü, ikirəngli, ikistandartlı cəmiyyətdə üçüncü qütbə çevrilməsinlər, amma üçüncü rəng kimi mövcud olsunlar, təvazökar bir şəkildə həyatlarını yaşasınlar.
Bu baxımdan Samiraldonu prezentasiyada görərək əsəbiləşən idmançının hərəkətlərinin (söyüş-təhqir və meyvə yağdırmaq) motivini anlayır, ancaq təqdir etmirəm. Gərək o, Samiraldonu görməzliyə vuraydı, sadəcə, onunla eyni ortamda olmaq istəmirdisə, özü çıxıb gedəydi.
Bununla belə, yadıma oğlumun həmin günün səhəri verdiyi sual və mənim ani olaraq pərt vəziyyətə düşərək cavab verə bilməməyim düşür, hesab edirəm ki, gənc idmançı da müəyyən qədər haqlıdır.
O mənada ki, ölkəmizdə yaşayan bu tip adamlar təvazökar deyillər. Telekanallar bütün günü onları göstərirlər. Saytlar, qəzetlər hər gün onlardan yazırlar. Hər gün yeni-yeni videoları yayılır. Hara baxırsan, onlardır. Öz davranışları, həyat tərzləri ilə gözə girirlər.
Deyilə bilər ki, axı bunun sizə, yəni hetereseksual çoxluğa nə aidiyyatı var, siz bildiyiniz kimi yaşayın, onlar da öz bildikləri kimi yaşasınlar.
Elə deyil, qardaşlar və bacılar!
Bu xüsusda hetereseksual çoxluqda bir qorxu əmələ gəlib ki, zaman keçdikcə özləri azlığa çevriləcəklər, hazırda azlıqda olanlar isə çoxluq təşkil edəcəklər. Necə ki artıq ekranda-efirdə, prezentasiyalarda çoxalmaqdadırlar.
İndi bu sözləri oxuyub mənə də Erkin Qədirli kimi “homofob” adı qoya bilərlər, amma elə bir fobiyam-zadım yoxdur. Dediyim odur ki, onlar azlıq olduqlarından özlərinə üstünlük düzəltməsinlər, çoxluğa nümunə olmağa, onları əzməyə, pisikdirməyə çalışmasınlar.
Bu dəb olub, özləri cinsi azlıqlara aid olmayan bir çoxları da var ki, sırf insan haqları naminə, ya da nəyə görəsə o legiondan olan adamları müdafiə edir, cəmiyyəti spektral rənglərə dözümlü olmağa çağırırlar. Amma baxaq görək, “mavi”ləri və “çəhrayı”ları müdafiə edənlər evdə azyaşlı övladlarının o cür adamlar haqqında suallarına necə cavab verirlər? Yaxud da istəyərlərmi ki, öz övladları da onlar kimi olsun?
Əlbəttə, heç bir valideyn bunu istəməz, hətta onların elə olmaması üçün var gücü ilə mübarizə aparar. Ancaq di gəl ki, bu şəxslərin cəmiyyətin vitrinində durmasına göz yumurlar. Vitrin də elə şeydir ki, insanlar orda gördüklərinə həsədlə baxır, onları əldə etmək, gördükləri obrazda olmaq istəyirlər.
Orası da var ki, Avropada bu cür adamlarla dinc, yanaşı yaşamağın yolunu tapıblar, onları prezentasiyalarda görəndə söymürlər, üstlərinə mövsümi meyvəcat tolazlamırlar, hətta zarafat-zad da edirlər.
Avropalıların geylərlə etdiyi zarafatlar da bizimkilərdən deyil. Bizdə onları çox aşağılayır, əzir, rişxənd, lağlağı hədəfi edirlər. Avropalılar isə nə onlarla qurşaqdanaşağı zarafat edirlər, nə öz hetereseksuallıqları ilə qürur duyurlar, nə də təsir altına düşüb dönüyə, sapığa çevrilmirlər.
Yazını yekunlaşdırarkən, qorxa-qorxa yazıram ki, əgər buynuzsuz qoçun qisasının buynuzluda qalmadığı haqqındakı atalar sözü gerçəkdən də özündə hikmət daşıyırsa, bu gedişlə gün gələcək, Samiraldo və dostları idmançı Kamil Zeynallını və dostlarını prezentasiyada az görüb, döyüb qovacaqlar.