Bu yazını oxuyanların tam əksəriyyəti yəqin ki, müəllifin dinlərə münasibətini bilir. Bilməyənlər də bilsin ki, heç bir dini o birindən ayırmıram, hamısını qədim insanların mifik təsəvvürlərinin, sirli dünyanın qarşısındakı qorxularının, ülvi arzularının, dərin və səmimi inanclarının, cəmiyyətin idarə edilməsinə dair ibtidai fəlsəfi təlimlərin məcmusu hesab edirəm.
Bəşəriyyətin ən böyük dini icadı elmdir. Elm inkişaf etdikcə, elmi-texniki tərəqqi sürətləndikcə dünyəvi dinlər də, milli dinlər də elmin qarşısında xeyli geri çəkildi. Bu gün elm öz ətrafında demək olar ki, bütün bəşəriyyəti birləşdirib və birləşdirməkdə davam edir – hamı elmi nailiyyətlərin faydasını görür. Dünyanın gələcəyi, bəşərin xilası elmdədir.
Bununla belə, inanc deyilən bir şey var. İnsanlar nə qədər təhsilli, savadlı olsalar da, mütləq nəyəsə, kiməsə inanırlar. Məsələn, heç nəyə inanmayan, hər şeyə skeptik yanaşan, bütün möcüzələrin elmi izahını verə bilən bir professor tək səbirin ona düşmədiyinə, yaxud da qarşısından keçən qara pişiyin ona uğursuzluq gətirəcəyinə inana bilər.
Başqa sözlə, nəyəsə inanmaq, tapınmaq insanların təbii haqqıdır və bu haqqı onların əlindən almaq düzgün deyil. Hətta mümkün də deyil.
Bir də var ənənələr. İnsan gözünü açıb görür ki, babası, nənəsi, ata-anası hər il eyni vaxtda müəyyən dini, milli ayinləri yerinə yetirir, ənənələri yaşadırlar. Əvvəldə elmə, kitablara dalmış, çox mətləblərdən agah olmuş savadlı insan o ənənələrə riayət etməmək yolu tuta bilər. Ancaq o, bir gün bu mübarizənin əbəs olduğunu, ənənələri yaşatmağın o qədər də ziyanlı olmadığını görəcək və onları özündən sonrakı nəslə ötürən estafet daşıyıcısı olacaq.
Marksist-materialist təlimləri əldə rəhbər tutan sovet dövləti dinləri bəlli bir çərçivədə saxlayaraq, onların siyasətə, dövlət işlərinə müdaxiləsini sıfırlasa da, dini ayinlərin keçirilməsinə mane olmurdu. O vaxt dövlət bu ayinlərin icrasını təqdir etmirdi, təşviqatına yol vermirdi, amma göz yumurdu və ayin yerinə yetirənləri cəzalandırmırdı. Sadəcə, ali məktəblərdə elmi-ateizm fənni tədris olunurdu və əsas məqsəd bütün dinləri puç və əfsanə hesab edən marksistlərin fikrini sübut etmək idi. Əslində, o fənn də heç düz-əməlli tədris olunmurdu, inanclı tələbələr öz bildiklərində qalırdı, o birilər də qiymət üçün nəsə əzbərləyirdilər.
Açığı, son günlərə qədər hesab edirdim ki, din sahəsində yeritdiyi siyasət mövcud hakimiyyətin ən uğurlu işidir. Gerçəkdən də destruktiv və pozucu təriqətlərin zamanında cilovlanması, heç bir məzhəbin digərini sıxışdıra bilməməsi, dini dözümsüzlüyə, intriqalara imkan verilməməsi təqdirəlayiqdir. Bunu dəfələrlə yazmışıq da. Yoxsa Azərbaycan bir çox ölkələrdə olduğu kimi məzhəb savaşlarının poliqonuna çevrilərdi.
Ancaq hakimiyyətin ötən illərdə olduğundan fərqli davranaraq bu il Kərbəla faciəsinin növbəti ildönümünün qeyd edilməsini məhdudlaşdırmağa çalışması, müvafiq qərarlar verməsi o qədər də anlaşılan deyil.
Birincisi, bu, dini don geydirilməsinə baxmayaraq, real tarixi hadisədir. Azərbaycan tarixindəki 20 Yanvar faciəsi nədirsə, ərəb-islam tarixindəki Kərbəla faciəsi də odur. Düzdür, bu hadisə olduqca ilahiləşdirilib, tarixi haqsızlığın simvoluna çevrilib, ondan qat-qat böyük zülmlərin, kütləvi qətliamların fövqünə çıxarılıb, ancaq bu, bir gerçəklikdir ki, Kərbəla faciəsi on milyonlarla insanın şüurunda həkk olunub və özünə nəsildən-nəsilə ötürüləcək kod qazanıb.
Görünür, hakimiyyət Kərbala facisəinin hər il artmaqda olan bir təntənə ilə qeyd edilməsinin digər dini sektaların sıxışdırılması kimi görünəcəyindən narahatdır. Amma bu narahatlığa əsas yoxdur. Kərbəla faciəsində tarixi bir haqsızlığa, zülmə yol verildiyini bütün müsəlman təriqətlərinin mənsubları da etiraf edir və zalım hökmdar Yezidi və onun sərkərdəsi Şümrü ya lənətləyir, ya da qətiyyən müdafiə etmirlər.
Bu baxımdan gerçəkdən də tolerant olmaq, müxtəlif dini ayinlərin qanunlar çərçivəsində keçirilməsinə mane olmamaq lazımdır.
Yox, əgər kimsə bu ayinlərin icrası zamanı dini ayrı-seçkiliyə, dözümsüzlüyə dair çağırışlar edəcəksə, o zaman dövlətin qanunları işə düşə bilər.
Yezidə lənət! Zülmə, zalıma lənət!