Yaxud, meşə sanitarsız qalanda
Məktəbə təzə direktor gəlib, hər səhər uşaqları düzüb himn oxutdurur. Qorxuram bir gün uşağı götürməyə gedəndə baxam görəm uşaq yoxdur, direktor hamısını yığıb Qarabağa aparıb. Valideynlər isə məşhur söhbəti təkrar edirlər: “Cibi yoxdur, acından öləcəyik”. Görəsən haçana qədər Azərbaycanda təzə müdir qoyulanda adamlar ilk növbədə o “Mozalan” süjetini xatırlayacaqlar? Bu nəsə alın yazısı, karmadır, nədir?
Bunu yazırdım ki, rastıma Mirzə Fətəli Axundovun 172 il bundan qabaq qələmə aldığı “Hekayəti-xırs-quldurbasan” pyesindən bir parça çıxdı. Oxuyursan, dəhşətə gəlirsən. Adam millətin psixoloji portretini yaradıb sanki: “Vallah, əgər Tarverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə oğurluqdan quldurluqdan ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamın ki, qurd qoyun ilə otlaya!”
Doğrudur, bir aralar dövlətçiliyimizin tərəqqi və “Qarabulaq” epoxasına qədəm qoymuşduq, o zamanlar meşədə sanitarlar vardı, nəslin sağlam davam etməsinin qayğısına qalırdılar. Hacı Məmmədov kimi canavarı tutub zindana salan hökumətin axırı yaxşı olmaz. Faktlara baxın: yadıma düşəni ən azı 2 nəfəri Hacı müəllim haqlı olaraq yolmuşdu. Bunlardan biri nəqliyyat sektorunda çalışırdı, Hacı müəllim onun atasını girov götürüb 3 milyon dollara dəyişmişdi. Sonradan məhkəmədə tragikomik fakt ortaya çıxmışdı. Sən demə, atası girov düşən şəxs Hacı müəllimdən də sinik imiş, girovu azad eləmək üçün ümumi qazandan 1 milyon dollar artıq götürüb müdirinə atıbmış. Müdirə deyib, atam üçün 3 milyon istəyirlər, Hacıya isə 2 milyon veribmiş. Fantastik lotu idi, indi də şirkətlər qrupu-zadı var, adını çəkib biznes imicini korlamaq istəmirəm. Bizə bazar iqtisadiyyatını gözəl bilən mütəxəssislər lazımdır. Bircə onu qeyd edim ki, bu atası girov olmuş şəxs hazırda Beynəlxalq Bank işində ən böyük borclulardan biridir.
Yaxud, Hacı müəllimin ilişdiyi son girov hadisəsinin subyekti məhz Beynəlxalq Bankın müdirinin arvadı idi. MTN əməliyyat keçirdi, arvadı azad elədilər, sonra bankirlə çekist quda olub başladılar dövlətin pullarını iştahla ötürməyə. Bəs necə, adam qurban olmuşdu, ondan kim hesab istəyəcəkdi? İndi buyurun, rəsmi ittihama görə həmin arvadın bankdan oğurladığı pul 18 milyon dollardan çoxdur. Üstəlik, tuta da bilməyiblər, xaricdə kef edir, deyilənə görə Britaniya vətəndaşıdır. 2005-də Hacı Məmmədov uzaqgörənliklə bunu tutub şəxsi türməsinə salanda, yazığı niyə qınayırdınız?
Sanitarları qırmaq, tələyə salıb tutmaq meşə üçün pis perspektiv açır, necə ki indi biz xəstə-xüstə məmurların əlində qalmışıq. Tək o mədəsiz generalları, böyrəksiz bankirləri nəzərdə tutmuram. 2017-ci il dövlət büdcəsinin qəbulu ağlamalı günümüzün qabaqda olmasının əlamətləri ilə zəngin idi.
Məsələn, hərbi xərcləri 3-4 dəfə azaldıblar, olub cəmi 1 milyard manat. Demək, Lazım müəllim gələn il gəlməyəcək. Pul bundan 4 dəfə çox olanda gəlməyən Lazım indi niyə gəlsin?
Eyni zamanda, orduya ayrılan pul azalsa da hüquq-mühafizə orqanlarına ayrılan pul yerində durur, hətta 2-3 faiz artım vardır. Demək, gələn il əsas mövzu hakimiyyəti xalqdan qorumaq olacaqdır, nəinki Azərbaycanı işğaldan müdafiə eləmək.
Naxçıvanın inkişafını çox tərifləyirlər, ancaq yenə büdcədən ən çox subsidiya, yardım Naxçıvan rayonlarına ayrılıb. Fərq fantastikdir, misal üçün, Gədəbəyə adambaşına 30 manat subsidiya ayrılıbsa, Şərura 850 manat ayrılıb. Blokadaya görədirsə, bu dəqiqə Azərbaycanın başqa rayonları elə Bakının özü blokadasındadır. O cümlədən, Naxçıvan Vasif müəllimin sayəsində belə fısqırıq tərəqqi edibsə, niyə bu qədər yardıma ehtiyacı var? Bəs hanı o iş yerlərinin-zadın gətirdiyi gəlir, büdcəyə verdiyi ödəmələr və sairə? Bu pişikdirsə, ət hanı, ətdirsə pişik hanı?
Ancaq ümumən müsbət haldır. Büdcəmizin azalmasını nəzərdə tuturam. Onsuz pul çox olanda da xalqa dilənçi payı çatırdı, it-qurd gəlib cürbəcür konsertlər, idman yarışları adıyla aparırdı. Soğan olsun, nağd olsun, Aqil Abbas demişkən…