Bu gün – oktyabrın 1-i hərbi ekspertlərə görə, döyüş əməliyyatları üçün ən əlverişli sayılan dönəm bitir. Yəni Qarabağ münaqişəsi zonasında yeni hərbi toqquşma ehtimalı sırf mövsüm amili səbəbindən azalmış hesab edilir. Ancaq bu, o demək deyil ki, müharibə ehtimalı yaza kimi bütünlüklə gündəmdən çıxmış olacaq.
Xeyr. Konflikt zonasında indiki status-kvo süni şəkildə, daha çox işğalçı tərəfin istəyi ilə davam etdikcə, sülh prosesində real dönüş ləngidikcə, müharibə amili də aktuallığını qoruyub saxlayacaq – həmişə, bütün fəsillərdə. Çünki Azərbaycan işğal rejimi ilə əbədi olaraq barışmaq fikrində deyil.
Sözsüz ki, işğalçının əsas himayədarı olan Rusiya əraziləri silah gücünə azad eləmək yolunda Azərbaycana ən ciddi əngəl, çəkindirici faktordur. Biz bunu şübhəsiz, daima göz önünə almaq zorundayıq. Eyni zamanda Rusiyadan siyasi-hərbi asılılığımızı azaltmağa, hərbi qüdrətimizi durmadan artırmağa da çalışmalıyıq.
Yeri gəlmişkən, gələn il üçün hərbi xərclərimiz son illər ərzində ilk dəfə minimal səviyyədə – təxminən 1 milyard dollar həcmində müəyyən edilib. Səbəbi hamı bilir – neftin ucuzlaşması və iqtisadiyyatımızdakı problemlər. Neftin qiyməti bizdən asılı deyil. Deməli, ölkə iqtisadiyyatını gücləndirmək – hökumətin ən böyük prioriteti olmalıdır. Yolu, resepti çoxdan bəlli. Velosipedi təzədən kəşf etməyə lüzum yox. Həm də tələsməliyik. Çünki iqtisadi islahatlar imitasiya, kağızçılıq xoşlamır, arsenalımızdakı bəzi silahlar isə illər ötdükcə köhnəlir.
O ki qaldı müdafiə xərclərinə, əslində bir ölkənin hərbi potensialı silahların sayı ilə yox, onların keyfiyyəti və çeşidi ilə ölçülür. Hərbi ekspertlər isə bu qənaətdədir ki, Azərbaycan Ordusu 2017-ci il büdcəsindəki ayırmalara kimi yetərli səviyyədə müasir döyüş maşınları və silah-sursatla təmin edilib. Üstəlik, son illər Azərbaycan özü bəzi silah növləri və qurğuların, o cümlədən “Zərbə” pilotsuz uçan təyyarələrin istehsalına başlayıb ki, bu da bahalı ixraca ehtiyacı müəyyən qədər azaldır.
Söhbət də ondan gedir ki, Azərbaycan bundan sonra hərbi xərclərə ayrılan vəsaiti maksimum səmərəli, yəni şəffaf şəkildə, korrupsiya olmadan istifadə etmək haqda düşünməlidir. Digər mühüm və prioritet məsələ – milli hərbi sənayemizi inkişaf etdirmək, öz hərbi parkımızı bacardıqca yerli məhsullar hesabına formalaşdırmaq olmalıdır. Bu, iqtisadi-sosial baxımdan da sərfəlidir, çünki yeni iş yerləri deməkdir.
Üçüncü yandan, ən keyfiyyətli hərbi məhsullarımızı, misal üçün, pilotsuz uçan təyyarələrimizi xaricə satmaqla əlavə vəsait əldə eləmək, həmin vəsaiti isə təzədən ordunun ehtiyaclarına yönəltmək mümkündür. Unutmayaq ki, işğalçı Ermənistanın belə imkanları yoxdur və yaxın perspektivdə gözlənilmir. Nədən ki, bu marionet ölkə nəinki hərbi və təhlükəsizlik baxımından Rusiyadan asılıdır (Ermənistanın sərhədlərinin böyük hissəsini belə rus əsgərləri qoruyur), həmçinin, iqtisadiyyatı, energetika və bank sistemi bütünlüklə Moskvanın nəzarətindədir.
Qısası, Ermənistan sözün bütün mənalarında rusun himayəsində, daha dəqiqi, girovluğundadır. Bu vəziyyət Azərbaycan üçün həm də unikal üstünlük və şans yaradır. O mənada ki, fors-major vəziyyətdə, Rusiyanın “ayağının büdrəyəcəyi” məqamda işğalçı Ermənistan qəfildən hərbi və iqtisadi cəhətcə ondan qat-qat güclü Azərbaycanla üzbəüz qalacaq. Onun isə bu fərqi aradan qaldırmağa nə vaxtı, nə də ən əsası, resursu olacaq. Sonrası bəllidir…
Əlbəttə, normal insan müharibə arzulamaz. Biz yeni şəhidlər də istəmirik, çünki zabit-əsgər heyətimiz əsasən gənclərdən ibarətdir, gənc ailə başçıları, gələcək atalardır, kəsəsi, ölkə genofondunun qaymağıdır. Ancaq nə edəsən ki, sülh üçün gərəkdir müharibəyə də hazır olasan. Bu müharibə heç vaxt olmaya bilər, əgər Kreml Qarabağ məsələsində nəhayət, obyektiv mövqe tutsa, oyun oynamasa.
Siyasi və hərbi ekspertlərə görə, Rusiya da Qarabağda müharibə istəmir. Elə isə zəhmət çəkib işğalçıya ağlını başına yığmağa kömək eləsin. Əks halda, ermənilər üçün payız sakit keçsə də, növbəti bahar qanlı-qadalı başlayacaq.