Özümdən götürürəm, əgər monqol doğulsaydım, yekələndə monqol olmağımla fəxr edərdim, amma bu ağıl-kamalla Çingiz xanla, eləcə də digər “fateh” əcdadlarımla qürur duymazdım. Hərçənd bilmirəm, monqol doğulandan sonra bunu etməmək nə dərəcədə mümkündür.
Heç bu qafayla fransız doğulsaydım, Napoleonla da fəxr etməzdim.
Alman doğulsaydım, bəlkə Bismarkla fəxr edərdim, amma Hitlerə görə xəcalət çəkərdim. Bildiyimə görə, hazırda almanların çoxu elə edir.
Bəs özbək olsaydım? Bəlkə də o zaman o biri əkələrə qoşulub əmir Teymurla qürur duymalı olardım, amma bu dünyagörüşlə alınmazdı və soydaşlarım məni manqurt hesab edərdilər.
Bir adam tanıyıram, sırf azərbaycanlıdır, demokratdır, insan haqları müdafiəçisidir, amma əmir Teymuru çox sevir və sevgisi ilə məni mat qoyur.
Açığı, əmir Teymur mənm üçün fateh-mateh deyil, müasir terminlərlə xarakterizə etsək, işğalçıdır, hərbi canidir, qəddar despotdur.
Çingiz xana və onun işğalçı züryətlərinə münasibətim də o cürdür.
Təsəvvür edin, adamlar Koreya yarımadasının dibindən basa-basa, qıra-qıra, qarət edə-edə Macarıstana qədər gedib çıxıblar. Məqsəd torpaq işğal edib təsərrüfat qurmaq, iqtisadi inkişafa nail olmaq idisə, onlara tutduqları ərazinin 0,1 faizi bəs idi. Amma o qaniçən canilərin məqsədi insanların zülm-zillətlə ərsəyə gətirdiklərini əllərindən almaq və özlərini öldürmək olub. Bildiyimiz quldurluq.
VVAQ şöbələrinin arxivləriəri ilə tanış olsanız və müvafiq statistikanı əldə etsəniz, görərsiniz ki, təkcə Azərbaycanda minlərlə Çingiz, yüzlərlə Tamerlan adı daşıyan adam var və hamısı da o qanlı “fateh”lərin şərəfinə belə adlandırılıb.
Tarixi yaxşı oxumamışıq, bilmirik ki, vaxtilə Çingiz xan Türküstanda 1 milyondan artıq türkü, uşaq, qadın, qoca demədən qılıncdan keçirtdirib, on minlərlə qadını zorlatdırıb. Fatehmiş.
Əmir Teymur eyni şeyi buralarda eləməyib (müqavimət olmayıb, o səbəbdən), amma gedib Təbrizdə, Anadoluda eləyib. “Nəsimi” filmində deyildiyi kimi, “hələ də yağış yağanda divarlardan qara qan sızır”.
Müasir insanlara təyyarə bileti alasan, otel də bron edəsən, burdan durub Ulan-Batora getməzlər, amma o vaxtın “fateh”ləri at belində aylarla yol gəlirmişlər ki, çatıb camaatın əlində-ovcunda olanları yağmalasınlar.
Bəzi oxumuş adamlar deyir ki, o dövrün konyukturası elə olub, ay nə bilim, o dövrə müasir paradiqma-filanla yanaşmaq olmaz.
Qardaşlar (belə deyənlər əsasən qardaşlardır, bacılar bu polemikaya qatılmırlar), əgər bu gün milyonlarla insan Çingiz xanla, əmir Teymurla, o biri qəddar “fateh”lərlə qürur duyurlarsa və onların etdiklərinə haqq qazandırırlarsa, əmin olun ki, müasir dövrün konyukturası imkan versə, gücləri çatsa, onlar məhz qaniçən əcdadları kimi olar, zəif xalqları qırıb-çatar, əsir edər, sərvətlərini yağmalayar, qadınlarını zorlayarlar.
Söhbət ondan gedir ki, “fateh”lərlə qürur duyanların nəinki alt şüurunda, hətta üst şüurlarında quldurluq, faşistlik, zorakılıq ehtirası var.
Məsələn, monqollar yatıb-durub öz “şanlı keçmiş”lərini geri qaytarmaqdan danışır, “igid əcdad”ları kimi olmaq arzusu ilə alışıb yanırlar. Nəymiş o “şanlı keçmiş”? Ukrayna civarında sarışın qadınları kütləvi şəkildə zorlamaq və knyazları taxtaların altına uzadıb üstlərində ziyafət təşkil etmək, sonra da olan-olmazlarını yığıb geri qayıtmaq.
Dünya tarixi bu kimi haqq-hesablardan ibarətdir, hər səhifəsində min barrel qan var.
İnsan oğlu hələ indi-indi ədalətli cəmiyyət, sosial dövlət qurmaq istəyir və dünyanın üçdə birində buna nail olub. Yerdə qalanların hamısı “şanlı keçmiş”də yaşayır, beyinlər hərbi yürüşlər, böyük qənimətlər və kütləvi zorlamalar arzusu ilə doludur.
Bu baxımdan tarixdə qanlı iz qoymuş müstəbidlərin, “fateh”lərin öyülməsi, məncə, mənasız işdir. Onların heç biri düz-əməlli adamlar olmayıblar. Əslində tarixdə yüzlərlə adil şahlar, yalnız müdafiə müharibəsi aparan mübariz hökmdarlar da olub, amma onların adlarını belə bilmirik. Biz hamılıqca hərbi caniləri tanıyırıq. Və sevirik.
Məsələn, baxaq görək, Azərbaycanın böyük oğlu Abbas Mirzəni nə qədər adam tanıyır? Bəlkə də tarixçilərdən başqa bir kəs onu tanımır. Amma qürur duyulmalı tarixi şəxsiyyətlərimizdən biri də odur, məncə. Yeri gəlmişkən, ölkədə Abbasmirzə adı daşıyanların hamısının adı o kişidən gəlir.
Şah İsmayıl və Sultan Səlim davasına gəlincə, bu mövzunu artıq əla bilirsiniz.
Dediyim odur ki, gəlin tarixi oxuyaq, öyrənək, Rəsulzadə kimi qurucu, adil şəxsiyyətləri sevək, tarixdə “qanlı iz” qoyanlar kimi olmağa çalışmayaq, özümüz tarixdə qansız iz qoyaq.