4-5 il öncə sosial şəbəkədə “dostlar, məni təbrik edə bilərsiniz, övladım 600 (590, 610, 680 və s.) bal toplayaraq universitetə daxil oldu” deyə qürur və ümid dolu statuslar yazan valideynlər hazırda bu cür yazırlar: “Məzun övladım güman gələn hər yerə CV göndərir, özüm dost-tanışlara ağız açıram, amma ona iş tapılmır”.
Durum belədir. Yüksək bal toplayaraq universitetlərə qəbul olan, oranı müvəffəq qiymətlərlə bitirən, daha sonra magistr təhsili alan minlərlə gənc ixtisaslarına uyğun iş tapa bilmir.
Onların içində iki universiteti qırmızı diplomla bitirən, nazirliklərin, dövlət komitələrinin müəssisələrində yaranmış vakansiyalar üzrə dövlət qulluğuna qəbul imtahanlarının birinci mərhələsini uğurla keçən gənc kadrlar da var, fəqət çoxu imtahanların ikinci turunda qapı dalında qoyulur. Onları nəyə görəsə işə götürmürlər, yerlər boş saxlanılır, yeni imtahan elan edilir.
Söz yox, ali məktəbləri bitirənlərin hamısı elə həmin ildəcə iş tapmalıdır deyə bir qayda yoxdur. Üstəlik, universitet məzunlarının bəlkə də yarıdan çoxu hazır mütəxəssis deyillər – ya ali məktəbi ölüm-zülüm bitiriblər, ya da əvvəlcədən sevmədikləri ixtisaslara yiyələniblər.
Ancaq fakt budur ki, təhsil göstəriciləri və işgüzarlıq qabiliyyətləri ilə seçilənlər də fərqli münasibətlə üzləşmirlər.
İşə qəbulda yuxarılardan tapşırığın, rüşvətin, tanışlığın rolu barədə çox danışmaq olar. Bu da ölkəmizdəki acı gerçəkliklərdən biridir.
Əgər universiteti qırmızı diplomla bitirmiş, əlavə olaraq bir neçə kursda təhsil alaraq kompüter, əcnəbi dil biliklərini təkmilləşdirmiş gənc kadrla yüksək mənsəbli bir vəzifə adamının tapşırdığı qabiliyyətsiz məzun hansısa vakansiyanı tutmaq müstəvisində rəqib olursa, yüzdə doxsan doqquz halda ikinci qalib gəlir. İşə götürənlər üstünlüyü savadlıya, bacarıqlıya deyil, özləri də istəmədən onun rəqibinə, daha dəqiqi, “arxalı mütəxəssis”ə verirlər. Çünki buna məcburdurlar.
Ona görə də universiteti böyük ümidlərlə bitirmiş gənc məzunlar bir neçə aylıq intensiv iş axtarışlarından və bir neçə dəfə ard-arda məruz qaldıqları haqsızlıqdan sonra ruhdan düşürlər. Çoxları ixtisaslarına uyğun olmasa da, “nə olur-olsun, təki iş olsun” deyə ortabab məvacibi olan işlərə girişirlər.
Nəticədə gənc mütəxəssisin əxz etdiyi nəzəri biliklər yavaş-yavaş unudulur, praktiki təcrübəyə çevrilmir, 4+2 illik bakalavr-magistr təhsili öz əhəmiyyətini itirir.
Bu ilin yayında TQDK-nın keçirdiyi qəbul imtahanında yüksək bal toplayaraq universitetə daxil olmaq hüququ qazanan sumqayıtlı gəncin vaqiəsi yəqin ki, çoxlarının yadındadır. Məlum oldu ki, o, universitetə dostuyla bəhsləşdiyi üçün daxil olub, əslində xeyli müddət əvvəl bir universiteti bitirib, bir neçə il bankda işləyib, sonradan ixtisara düşüb və hazırda yarmarkada fəhləlik edir.
Bu, ondan xəbər verirdi ki, həmin şəxs xüsusi zəkası, bilik və bacarığı olan gəncdir. Uzun illərdən sonra yenidən imtahan verib yüksək nəticə göstərirsə, demək, öyrəndiklərini unutmayıb, yaddaşı da yaxşıdır və o, yaxşı mütəxəssisdir. Ancaq onun bu cür mütəxəssis olmasına baxmayaraq, işsiz qalması, əlacsızlıqdan gedib qara fəhlə işləməsi də ondan xəbər verir ki, adamın qolundan tutası kimsəsi yoxdur və onun qabiliyyətini heç kəs nəzərə almır.
Belə gənclər yüzlərlə, minlərlədir.
Sonra da oturub qüdrətli dövlətdən, iqtisadi inkişafdan, sosial ədalətdən, normal cəmiyyətdən danışırıq.
Elmi potensialı inkişaf etdirilməyən, əksinə, günbəgün itirilən, yüksək ixtisaslı kadrlarını perik salınan, kadr bankı olmayan ölkə nə iqtisadi inkişafa nail ola bilər, nə də hər hansı bir sahəni irəli aparmağı bacarar.
Dönüb Yaponiyanın, Cənubi Koreyanın müvafiq təcrübəsinə baxmaq, onların gənc kadrları necə yetişdirdiklərinə, necə inkişaf etdirdiklərinə, sonra onların potensialından necə yararlandıqlarına baxmaq lazımdır.
İnkişaf etmiş ölkələrin hamısında gənc kadrlarla bağlı problemin həllini bu və ya digər şəkildə tapıblar. Onların təcrübəsini öyrənmək gərəkdir. Çətin bir iş də deyil. Yetər ki, məsələyə şüurlu şəkildə, dövlətçilik prizmasından yanaşılsın.