MSK sədri Məzahir müəllim referendumun nəticələrini açıqlayanda bir rəqəmdə gülməli nəticə alınmışdı, elə alınmışdı guya seçkidə 100,4 faiz seçici iştirak edibdir. Müxalifətçilər bunu söz elədilər, məzələndilər.
Doğrudan da, hansısa seçkiyə hamı gəlsə, bu 100 faiz olacaq, bəs 100,4 nədir? Bəlkə ölülər də səs verib?
Bu, mənim yadıma sovet dövrünü saldı. O vaxt planı artıqlaması ilə yerinə yetirmək dəb idi, görürdün hansısa rayon pambıq planına 120 faiz, başqa rayon üzüm yığımına 130 faiz əməl edibdir, elə o saxta rəqəmlər SSRİ-nin evini yıxdı, axırda hamı ancaq rəqəm istehsal edirdi, məhsul qəhətə çəkilmişdi. Boş dükanlara düzülən növbələrin uzunluğu 15 müttəfiq respublikanın sərhədi boyda olurdu, yalan olmasın. Həmin vaxt hansısa rayonumuzda müəllimlər də qaza gəlib planı artıqlamasıyla yerinə yetirməyi düşünürlər və mərkəzi qəzetə belə məlumat gedir ki, rayon məktəblilərinin dərslərdən əla qiymət almaq planı 110 faiz yerinə yetmişdir. Məlumat qəzetdə çıxır və lətifəyə çevrilir, çünki rayondakı bütün uşaqlar bütün fənnlərdən “5″ qiymət alsalar bu, uğur faizini 100 faiz edə bilər, burda heç cür 110 faizə çıxmaq mümkün deyil. Gərək bəzi uşaqlara ”6″, “7″ yazasan.
Ancaq indiki halda müxalifətin Məzahir müəllimə gülməsi yersizdir. Çünki dünya təcrübəsində daha fantastik rəqəmlər olub. Örnək üçün, Afrikada Liberiya adlı banan dövləti var, 1927-ci ildə Çarlz Kinq adlı bir ulu öndər 234 min səs toplayaraq onun prezidenti seçilibdir. Halbuki, Liberiyada həmin vaxt cəmi 15 min nəfər seçici varmış! Çarlz müəllim müxalifəti də boş əllə buraxmayıb, öz rəqibinə 9 min səs yazdırıbdır. Liberiyadakı bu “seçki” tarixdə ən saxta seçki kimi Ginnesin rekordlar kitabına düşübdür.
Bəs Məzahir müəllimin o kitabda hansısa əməli varmı? Deyəsən yoxdur. İşləmək lazımdır. Respublikamızı, Azərbaycan həqiqətlərini dünyada tanıtmalıyıq. O zaman dünya xalqları da begemota baxmaq üçün Liberiyaya getmək əvəzinə gəlib bizim camışlarımıza tamaşa edərlər, aeroportda isə şüar yazıb vurarıq: “Liberiya-Azərbaycan, bir millət-iki dövlət!”. Hətta özümüzü yaxşı aparsaq, bir də gördün Sabirabadda qarpız kollarında banan-zad bitdi.
Sözgəlişi, Haitinin “Ata Dok” ləqəbli diktatoru Düvalye müəllimin də tarixi bir seçkisi olubdur, yazım, zəhmətkeşlərimiz yadda saxlasın, istəsəniz ah çəkin, “ey gidi dünya, bizim hələ Haitiyə çatmağımıza gör neçə il var” deyin.
1957-ci ildə Düvalye hakimiyyəti ələ keçirəndən sonra milləti qırıb-çatıb, 1961-ci ildə isə guya parlament seçkisi keçirib. Silahlı əsgərlərin nəzarəti altında xalq onun istədiyi siyahı üzrə deputatxanaya səs verib. Bu zaman bülletendə çox xırda xəttlə “Düvalye prezident” sözü də yazılıbmış, uzun sözün qısası, parlament seçkisi bitəndə xalqa bəyan ediblər ki, siz həm də prezidenti seçmisiniz, xəbəriniz olsun! Əladır, eləmi? Ancaq bu hələ “jurnaldır”. Papa Dok-un Haiti camaatına göstərdiyi ən yaxşı məzhəkə 1964-cü ildə olub. Həmin il Düvalye özünün ömürlük prezident olmasını səsə qoyub, bu zaman seçki bülletenində bir cümlə yazılıbmış: “Siz Düvalyenin ömürlük prezident olmasını istəyirsinizmi?” Cavab qrafasında isə ancaq “hə” yazısı varmış! “Yox” variantı bülletendə ümumiyyətlə göstərilməyib! Şedevrdir. Unudulmaz seçkidir.
Siz də deyirsiniz Kamılxan xala elə getdi, xanlıq quruluşu belə gəldi, ay islahat olacaq, vay inqilab olacaq, nə bilim nə… Bekarsınız, vallah. Hələ bir qrup deputat qırığı-zad var, Sabunçuda seçicinin problemini həll edə bilmir, Səfəvilər dövründəki şaha ilişir. Oğurladığı qızılların qorxusundan başını qaldırmır, qızılbaşları müzakirəyə çıxardır.