İsrailin sabiq prezidenti Şimon Peres barədə bir dəfə də yazmışdım – 2007-ci ildə o, prezident seçiləndə. O zaman onun 84 yaşı vardı. 84 yaşlı adamın İsrail kimi bir ölkədə prezident olması gerçəkdən də fenomenal hadisə idi. Çünki İsrail qonşuları ilə permanent münaqişə durumunda olduğu üçün ölkənin prezidentinin, baş nazirinin dinamik, çevik, sutkada 16-18 saat işləməyə qadir olmaları şərt idi.
Ancaq elə o vaxt da görünürdü ki, siyasi karyerası İsrail dövlətinin ömründən artıq olan bu şəxs gümrahdır və öz prezidentlik müddətində sona qədər çalışacaq. Elə də oldu. Cənab Peres vəzifəsinin tərk etdikdən iki il sonra öldü.
Yəqin ki, Şimon Peres siyasi uzunömürlülüyünə görə dünya rekordsmenidir. Başqa bir siyasətçi göstərin ki, 66 il boyunca ən yüksək postlarda işləsin, bir neçə dəfə hakimiyyətə gəlsin, müxalifətə keçsin, müxtəlif sahələrdə nazir vəzifələrində çalışsın, baş nazirin müavini, baş nazir olsun, nəhayət, prezident seçilsin.
Belə biri yoxdur. Bəlkə də Fidel Kastro kimi bir-iki uzunömürlü diktator tapmaq olar, amma diktatorlar sözün klassik mənasında siyasətçi deyillər, sadəcə diktatordurlar.
Ümumiyyətlə, İsraildə siyasətçilərin karyerası uzun olur. Sabiq baş nazir Ariel Şaron da uzun illər siyasətdə oldu, onun sələfi İshaq Rabin də. Əgər sonuncu sui-qəsd nəticəsində öldürülməsəydi, bəlkə hələ də siyasətdəydi.
Nadir istisnalar da var ki, israilli siyasətçilər siyasətdən tez getməli olublar. Bu da əsasən onları törətdiyi korrupsiya və sair cinayətlərlə bağlı olub. Məsələn, Şimon Peresdən əvvəl həmin vəzifəni tutan Moşe Katsav və sabiq baş nazir Ehud Olmert tutduqları postlarda olduqları zaman yol verdikləri qəbahətlər üzündən siyasətdən getməli oldular.
Şimon Peresin 66 illik siyasi karyerası göstərir ki, o, İsrail dövlətinin əsaslarını təhdid edəcək, İsrail xalqına xəyanət sayılacaq əməllərə qol qoymayıb.
İsrail dövlətini güclü edən budur. Bu dövlətin siyasi xadimləri xalqın qarşısında öz məsuliyyətlərini dərk etdikləri və cəmiyyətlə dürüst davrandıqları, dövlətə və xalqa xəyanət etmədikləri üçün İsrail qüdrətlidir. Bu dövlətin mövcud olduğu 70 ilə yaxın bir dövrdə bir dəfə də olsun hansısa seçki məntəqəsində saxtakarlıq edilməyib, seçkilərə hiylə qarışdırılmayıb.
İsrail dünyanın nadir dövlətlərindəndir ki, nə zamansa onun baş naziri olmuş şəxslər hər zaman baş nazir sayılır, postlarını tərk etdikdən sonra “baş nazirlər klubu”nun üzvü olur və dövlət üçün əhəmiyyətli, məsuliyyətli anlarda mövcud baş nazirə tövsiyələr verir, yol göstərirlər.
Onlardan biri də Şimon Peres idi. Bu adam sirr dağarcığıydı, İsrailin qurucu və asketik (zahidanə həyat tərzi keçirən) baş naziri David Ben Qurionun komandasına daxil olduğu gündən ta vəfat etdiyi günə qədər ölkəsində, regionda, dünyada baş verən bütün hadisələrin, gedən proseslərin təfərrüatını, pərdəarxasını, əsl mahiyyətini bilirdi.
Azərbaycanın geniş ictimaiyyəti Şimon Peresi 7 il öncə İsveçrənin Davos qəsəbəsində keçirilən sammitdə Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanla yaşadığı “van minut” qalmaqalından sonra tanıdı. Bəlkə də sırf bu hadisəyə görə çoxlarının ona münasibəti mənfi səciyyəli idi.
Ancaq öz xalqının və dindaşlarının bu şəxsə münasibəti tam fərqlidir.
İsraildə siyasi xadimləri ideallaşdırmır, fetişləşdirmirlər. Elə olsaydı, İsrail dövlətini quran şəxs – Ben Qurion müqəddəs elan edilmiş olardı. Sadəcə, İsraildə dövlət xadimlərinə real qiymət verir, qədrlərini sağlığında bilirlər.
Şimon Peres sərt xətt tərəfdarı olan Ariel Şarondan fərqli olaraq sülh və demokratiya tərəfdarıydı, xalqların dinc, yanaşı yaşaya biləcəyinə inanırdı. O, ötən il Kiyevdə səsləndirdiyi məşhur çıxışında demişdi ki, İsrail torpağı dünyanın kiçik bir hissəsidir və din və dil qardaşları olmayan yəhudilər bura gələndə, cənubu səhralıq, qərbi bataqlıq və qayaqlıqlardan ibarət olan torpağa sığınaraq dövlət qurmağa başladılar.
Bu gün bizim Qarabağdan da kiçik olan İsrail ona görə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib ki, onun Ben Qurion, Begin, Peres kimi siyasi xadimləri olub.