Şirkətin sürücüsü qəza vəziyyəti yaratdı, qabırğası əzilən 78 yaşlı sərnişini yerə düşürüb yoluna davam etdi.
“BakuBus” MMC şirkətinin sürücüləri ilə bağlı hər gün mətbuatda yeni şikayətlərlə tanış oluruq. Belə neqativ hallardan biri də sentyabrın 27-də Bakının mərkəzi küçələrindən birində baş verib. “BakuBus” avtobus sürücüsünün törətdiyi yol terroru nəticəsində baş verən qəza vəziyyəti sərnişinlərin stressi və yüngül xəsarət alması ilə nəticələnib.
Hadisə barədə təfərrüatları musavat.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirib.
Qəza isə onun 78 yaşı atası Süleyman Süleymanovun sərnişini olduğu 13 saylı avtobusda baş verib: “Dediyim tarixdə, saat 13.40 radələrində atamın da içində olduğu avtobus Heydər Əliyev Mərkəzinin aşağısındakı küçədə, “Gross Makret”in qarşısında qəza vəziyyəti yaradıb. Maşının nömrəsi böyük ehtimalla 279 olub. Sürücü avtobusu vəhşi kimi idarə edib. Yerindən tərpənməyi ilə qəfil əyləci basıb və nəticədə bütün sərnişinlər qəza vəziyyətindəki kimi, bir-birinin üstünə yıxılıb. Atam avtobusun içində müvazinətini saxlaya bilməyərək, yerə yıxılıb, digər sərnişinlər də onun üstünə aşıblar. Nəticədə yaşlı valideynim ciddi xəsarət alıb. Sərnişinlər çığır-bağır salaraq,zorla avtobusu saxlada biliblər. Hər nə qədər bütün sərnişinlər sürücünün avtobusdan düşməsini tələb etsə də, o, bundan imtina edib və düşməyib. Hiss olunub ki, sürücü həmin qəzaya qədər də pis sürüb və sərnişinlər hamısı onun əlindən qəzəbli olub”.
Ə.Süleymanov danışır ki, sürücü bütün etirazlara baxmayaraq, yaşlı sərnişini (78 yaşlı S.Süleymanovu) avtobusdan düşürüb və yoluna davam edib. Hal-hazırda S.Süleymanovun səhhətində ciddi problemlər var. O, nəfəs almaqda çətinlik çəkir, qabırğaları isə ciddi əzilib.
Müsahibimiz dedi ki, baş vermiş qəza və sürücü terroru ilə bağlı “BakuBus”-un mətbuat xidmətinə məlumat verib, günahkarın cəzalandırılmasını tələb edib: “Dünən mənə hadisəni araşdıracaqlarını və sürücünü də tapıb cəzalandıracaqlarını bildirdilər. Bu gün isə mənə yazıblar ki, bununla bağlı sərnişin daşıma agentliyinin adına məktub yazaq”…
Ə.Süleymanov musavat.com vasitəsilə şirkət rəsmilərinə bir daha müraciət edərək, baş vermiş hadisənin araşdırılmasını tələb edir. O, bildirib ki, “yol canavarı” olan sürücü cəzalandırılmasa, bu presedent baş verməsə, “BakuBus”-la bağlı belə neqativ halların sayı azalmayacaq, əksinə artacaq. Çünki daim bu avtobusların xidmətindən istifadə edən sərnişinlər sürücülərin “əyləc basma taktika”sından narazılıq edirlər. Belə ki, avtobusu sərt və riskli şəkildə idarə edən sürücülər ayaq üstə olan sərnişinlərin sağlamlığını risk altında qoyurlar.