Nəyəsə vərdiş eləmək pis şeydir. Lap yaxşı şey də olsa, onu “olmazsa, olmaz”a çevirmək, vərdiş qulu olmaq düzgün deyil. Pis şeylərə vərdiş eləmək isə daha pisdir.
Budur, millət qələmə, klaviaturaya sarılıb o günkü referendum səsverməsində seçki qutusuna topa-topa bülleten dolduranlardan yazır, videolar, şəkillər paylaşır. Baxırsan ki, Tağı Əhmədov demişkən, onurğa sütunun bitən yeri ilə manevr etməyin xeyri yoxdur, hər şey göz önündədir, danmaq mümkün deyil.
Bir tip adamlar var, hökumətin əbədi müdafiəçiləridir, təkzibedilməz faktları da təkzib və inkar etməyə cəhd göstərirlər. Onlar da buna vərdiş ediblər. Amma bu yaxşı vərdiş deyil. Sabah böyük hörmət, rəğbət bəslədiyin siyasətçi, türkün sözü, müdhiş bir yanlış yapsa, nə edəcəksən, vərdişin üzrə müdafiə edəndə, biabırçılıq olacaq.
İndi qayıdaq seçkilərdə qutu dolduranların yanına. Onlar hələ sovet dövründən belə vərdiş ediblər. Seçkidirsə, qutular ləbələb doldurulmalıdır. Sovet vaxtı kvorum deyilən bir şey vardı, komissiya üzvləri qutu doldurmağa məcbur idilər. Qutu doldurmaq vərdişi də o üzdən formalaşıb, inkişaf edib.
Düzdür, sovet dövründə də, müstəqillik illərində də camaat seçkiyə gəlmirdi deyə, seçkilərdə kvorum haqq-hesabını ləğv elədilər, təxminən “seçkiyə gələn gəlsin, gəlməyən də cəhənnəmə gəlsin” variantı əmələ gətirdilər, amma komissiya üzvləri qutudoldurma vərdişlərini tərgidə bilmədilər.
Sizə deyim ki, hazırda bu işi görən sonuncu komissiya üzvü ölüb gedəndən sonra da qutudoldurma proseduruna riayət ediləcək. Çünki bu, nəsildən-nəslə ötürülən bir vərdişdir, az qala genetik koda daxil olan şeydir.
Əminliklə deyə bilərəm ki, hətta hökumət bu günə bu gün rəsmən əmr, göstəriş, sərəncam, fərman və sair bu kimi şeylər versə ki, heç kəs artıq qutu doldurmasın, yenə peşəkar qutudolduranların qarşısını heç bir qüvvə ala bilməz. Məntəqədə dava salar, müşahidəçilərlə saçyolduya çıxar, polisə müqavimət göstərər, adam döyüb tutularlar, seçkini pozarlar, amma qutunun doldurulmasını təmin edərlər.
Yaxşı ki, hökumət də elə bir qanun vermir. Yəqin, ona görə vermir ki, vərdişkarların öz vərdişləri üzrə hərəkət edərək seçkini pozacaqlarından qorxur.
Əslində MSK onları yığıb treninq keçməlidir, başa salmalıdır ki, xanımlar və bəylər, siz nahaq yerə əziyyət çəkməyin, qoyun o şəffaf qutu toxunulmaz şəkildə bir güncdə dursun, əl vurmayın, kim gəlir, səs verir, versin, siz axırda qutunu açın, nə qədər səs çıxsa, “Allah bərəkət versin” deyə sayın, protokollaşdırın, gətirin dairə seçki komissiyalarına.
Vəssalam. Məgər DSK-larda təzə sətirdən, abzasdan yeni protokol tərtib etməyi bilmirlərmi? Əla bilirlər. İndiyə qədər minlərlə protokolu yenidən tərtib etməyiblərmi? Ediblər.
Belədirsə, məntəqələrdə biabırçılıqlar törədib filmlərə çəkilmək, dünyanı dolaşan şəkillərə düşmək nəyə lazımdır? Sizə nəticə lazımdır, alın, bu da sizə nəticə – 92 faiz.
Məntəqədəki nəticələr, bülletenlər, protokollar kimə lazımdır? Kimdir bunun davasını aparan, komissiya yaradan, “hər şeyi yoxlamalıyıq, səsləri yenidən saymalıyıq” deyən? Heç kəs. Seçki qurtardı, səslər sayıldı, qapı bağlandı, iş bitdi.
Budur, AMİP 18 ildir tələb edir ki, 1998-ci il seçkilərində məntəqə seçki komissiyalarında nəticələr mətbuatda dərc olunsun. Baxan varmı? Yoxdur. Olacaqmı? Olmayacaq.
Ona görə də hökumət bu işə bir əncam çəkməlidir, duruma əl qoymalıdır, MnSK üzvlərinə seçki günü farağat durmağı tapşırmalıdır, lazım gəlsə, komissiya üzvlərinin hamısını dəyişməlidir.
Yoxsa, vallahi, camaat nahaq yerə üz-göz olur, yaxşı-yaman söhbətlər baş verir, adamlar müəllimlərdən, büdcə təşkilatlarında işləyənlərdən narazı qalır.
Heç “karusel”ə də ehtiyac yoxdur. Zəhmətkeşləri əsir-yesir etmək nəyə lazımdır ki? Onsuz da onlar səhərdən axşama qədər 40 məntəqədə səs versələr də, bu, sonradan yazılan səslərin yarısını belə təşkil etmir. Axşam DSK-da, MSK-da rahat kabinetdə oturub, 46 faizi 86 etmək mümkündürsə, yazıq süpürgəçiləri yeddi saat boyunca “səsverən” işində çalışdırmaq artıq işdir.
Əslində heç seçki də lazım deyil. Olmasa, kim nə deyəcək ki. Başqa illərdə camaat dinc, yanaşı, mehriban yaşayır, amma hər dəfə seçki olanda qohum qohumla, qonşu qonşusu ilə üz-göz olur, küsüşürlər. Barışıq qalır bir də Novruza, axır çərşənbəyə.