Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində passiv iştirakına görə xalqa yönəlik qınaqlar bugünlərdə pik həddinə çatıb – daxildən də döşəyirlər, xaricdən də.
Bu faktdır: gerçəkdən də həm xalq kütlələri, həm də onun siyasi aktiv hissəsi referenduma çıxarılan konstitusiya dəyişikliklərinə münasibətdə aktivlik göstərmədi.
Düzdür, müxalifət partiyalarının üç mitinqini fəallıq adına nəzərə almaq olar, amma həmin aksiyaların kütləvi və davamlı olmaması da göz önündə idi.
İncələsək, bu passivliyin dərin sosial-siyasi, eləcə də psixoloji səbəbləri var.
Ancaq ən ümdə səbəb odur ki, illərlə xalqa və müxalifətə qarşı aparılmış basqılar öz nəticəsini verib, azadlıqların məhdudlaşdırılması, fəallığın cəzalandırılması öz mənfi rolunu oynayıb.
Artıq hamı bilir ki, siyasətlə məşğul olmaq təhlükəli işdir. Buna görə adamın özünü və yaxınlarını işdən çıxara, özünü və qohum-əqrəbasını həbs edə, müxtəlif təzyiqlərə məruz qoya bilərlər.
“Göz gördüyündən qorxar”, – deyiblər. Bu ölkədə hamının gözü nələrsə görüb. Ölkə gözüqıpıq adamlarla doludur.
İctimai-siyasi passivliyin daha bir səbəbi də mübarizənin effektivliyinə inamsızlıqdır. Xalq görür ki, hər şey həmişə şahmat oyununda olduğu kimi baş verir: “ağlar” başlayır və iki gedişə “qaraları” mat edirlər (mat qoyurlar).
Özü də bu iki gediş elə gedişlərdir ki, “qaralar”ın qurtuluş variantı yoxdur, A variantında da mat olurlar, B variantında da.
Son 23 ildə xalq bu cür variantsız prosesləri, seçkiləri çox görüb. Ona görə də əbəs yerə növbəti dəfə fəallıq göstərib özünü bəlaya salmaq, gücü çatmayan qayadan yapışıb gücənmək istəmir.
Bu duruma görə kimləri qınamaq olar? Xalqın müqavimət gücünü amansızcasına qıran iqtidarı? Olar. Xalqın gücünü toparlaya bilməyən müxalifəti? Olar. Öz gələcəyinə şüurlu şəkildə yanaşa bilməyən, xırda, məişət qayğılarından başqa bir şey düşünməyən xalqı? Olar.
Əslində bu durum üçün məsuliyyət hər kəsin üzərindədir. Ancaq son vaxtlar qınaq obyekti axtararkən bir çoxları xalqa yüklənir.
Xalq kimdir ki? Sən, mən, biz, siz, onlar. Əgər onlar, siz, biz, sən və mən siyasi baxımdan passiviksə, avtomatik olaraq xalq da passiv olacaq. Çünki nə müxalifət, nə də xalq ayrıca götürülmüş, administrativ iyerarxiyaya malik olan nizami birləşmə, vahid orqanizm deyil.
Xüsusilə də vaxtilə müxalifət fəalı olmuş, hazırda xarici ölkələrdə yaşayan şəxslər bu mövzuda sərt açıqlamalar verir, öz düşüncələrini sosial şəbəkədə yayır, hamını susqunluqda, passivlikdə qınayırlar.
Bu məsələyə dair əvvəllər də yazmışıq, görünür, təkrar yazmaq lazımdır.
Bir var, bu sözü ölkədə yaşayan, məruz qala biləcəyi təqib-təzyiqin nədən ibarət olacağını yaxşı bilən və gözə alan adam desin, bir də var, 4-5 min kilometr uzaqda, azad bir ölkədə yaşayan, ölkədə baş verənlərdən internet resursları vasitəsilə xəbər tutan adam yazsın.
Fərqli durumlardır. Uzaqda olduğu halda xalqı fəallığa, sərt etiraza səsləyən, özünü hər kəsi qınamağa haqlı sayan insanların çağırışları səmimi görünmür və tez-tez belə bir ifadə ilə qarşılanır: “Özləri oturub azad Avropada, camaatı üsyana çağırırlar”; “Dəyişiklik istəyən oğlan gələr oturar burda, mübarizəsini aparar”; “İqtidarla döyüşmək belə asan idisə, özləri niyə qaçıb gediblər” və s. və i.a.
Bu ritorika ilə çıxış edənlər haqlı görünür. Doğrudan da azad ölkələrdə asudə yaşadığın halda onsuz da basqı altında olan adamları qınamaq onlara psixoloji təzyiq göstərməkdir.
Nə yazıq ki, bir çox mühacirlər illərdir bu xasiyyətlərini tərgidə bilmirlər. Düzdür, onlar bunu pis məqsədlə etmirlər, ölkənin gələcəyini, xalqın istiqbalını düşünüb edirlər, ancaq məsləhət, tövsiyə verərkən, çağırışlar edərkən, sərt tona üstünlük verməsələr, bir az həlim olsalar, sözləri daha effektiv olar.
Hazırkı passivliyin nə vaxt bitəcəyinə gəlincə, onun əbədi olacağını düşünüb eyforiyaya qapılanlar da, apatiyaya düşənlər də yanılır. Cəmiyyətlərin belə halı uzunömürlü olmur. Bəzən elə hadisələr baş verir ki, xalq vahid orqanizmə çevrilir və ovqatı dəyişir.