Rusiya indi də, deyəsən, Azərbaycanın “könlünü almağa” qərar verib. Xəbər yayılıb ki, Moskva Bakıya kiçik raket gəmisi göndərib – guya xoşməramlı jest kimi. Hər halda, xəbərin mahiyyəti belə təəssürat yaradır. Bəlli olub ki, bu gün həmin hərbi gəmi şəxsən Rusiyanın Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə Bakıya varid olacaq.
Bu da hamısı deyil. Səfər çərçivəsində qonaqların Fəxri Xiyabana ziyarəti Azərbaycanın Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri, həmçinin bu gün – sentyabrın 27-də Bakıda açılacaq “ADEX-2016″ 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Maraqlıdır ki, gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Üstəlik, Bakı sərgisinə Rusiya özünün döyüş vertolyotlarının yeni modifikasiyaları ilə qatılacaq ki, bu da şəkk-şübhəsiz, Ermənistanı qıcıqlandıran ikinci şok xəbər olacaq. O Ermənistan ki, orada dünənəcən “İsgəndər” kompleksləri ilə bağlı eyforiya yaşanırdı.
Beləcə, Moskva Bakıya etdiyi jestlə bir daha anlatmaq istəyir ki, eyforiyaya gərək yox – nə İrəvanda, nə də elə Bakıda. Çünki Rusiyadan ötrü əbədi dostlar deyil, əbədi maraqlar var. Məhz həmin maraqlar Kremli Azərbaycan kimi vacib ölkəni, özlərinin dediyi kimi, strateji tərəfdaş dövləti də yanında saxlamaq üçün gərəkən addımlar atmağa vadar edir.
Bu üzdən, Moskva vaxtaşırı öz strateji müttəfiqi ilə strateji tərəfdaşı arasında manevr etməyə, oynamağa, lap dəqiqi, ikili standart siyasəti yürütməyə, yeri gələndə isə “qamçı və kökə” siyasəti yürütməyə məhkumdur.
Zarafat deyil, həm işğalçı ilə, həm də işğala məruz qalan tərəflə eyni vaxtda dost olmaq, üstəlik, bu zaman ədalətli münsif, neytral vasitəçi imici saxlamaq asan iş deyil. Zira, ortada işğal, etnik təmizləmə faktları varsa, deməli, tərəflərdən biri yüzdə yüz haqsızdır.
Belə bir tərəf-ölkə ilə dostluq isə beynəlxalq hüquq bir yana, mənəvi prinsiplərə də düz gəlmir. Necə ki, Türkiyə işğalçı Ermənistanla sərhədlərini 24 ildir bağlayıb – yəni qardaş ölkə, Pakistan təcavüzkara münasibətdə əxlaqlı siyasət yürüdür.
Nə yazıq ki, müasir dünyamızda, siyasətdə mənəvi prinsiplər az keçərlidir – əgər o da keçərlidirsə. Bu gün Rusiyanın Azərbaycana, Qarabağ dərdimizə məlum münasibəti buna bariz sübutdur. Gerçək belədir ki, Kreml nə Azərbaycana, nə də Ermənistana münasibətdə əxlaqlı siyasət aparmır – ikisini də aldadır, ikisinə vaxtaşırı siyasi yalanlar danışır, yalan vədlər verir. Təki, Azərbaycan da, Ermənistan da onun orbitində qalsın, uzağa getməsin, Qarabağ məsələsi isə on illərlə uzana da bilər…
Moskva analoji siyasəti başqa qonşularına qarşı da aparır: öz maraqları naminə Gürcüstanın iki bölgəsini artıq işğal edib, Ukraynanın Krımını zorla özünə birləşdirib, indi də gözü Donbasdadır. Halbuki 1995-ci ildə Budapeştdə ABŞ, Böyük Britaniya, Fransa ilə birgə imzaladığı sənədlə Ukraynanın nüvə başlıqlarından imtina edəcəyi təqdirdə onun suverenliyi və ərazi bütövlüyünə yazılı zəmanət vermişdi. Ukrayna nüvə ölkəsi olmaqdan imtina etdi, amma bu, 19 il sonra Rusiyanın Krımı ilhaq eləməsinə mane olmadı. Keşkə, Ukrayna nüvə dövləti kimi qalaydı…
Rusiya bax, belə Rusiyadır – özünün qeyri-əxlaqi siyasəti və beynəlxalq hüquqdan kənar, proqnoz edilməyən davranışı ilə. Nə edəsən ki, bəxtimizə belə bir qonşu da düşüb.