472237_27

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın Milli.Az-a müsahibəsi

– Zülfiyyə, “Həyat sən nə qəribəsən” serialı sizi tamaşaçılara daha da çox tanıtdı. Çox insanlar bəlkə də bilmir ki, siz Bakı Bələdiyyə Teatrında çalışırsız. Niyə teatrda olarkən tamaşaçı kütləsi qarşısında bu qədər tanınmırdınız?

– Artıq 10-cu ildir ki, mən xalq artisti Amaliya Pənahovanın Bakı Bələdiyyə Teatrında çalışıram. Bu tanınmamaq təkcə mənə xas olan bir xüsusiyyət deyil. Hətta qardaş Türkiyədə də sənətçilər serial və filmlərdən məşhur olurlar. Çünki tamaşaçı kütləsi efirdə daha çoxdur. Efiri, serialları çox adam izləyir, amma teatra az insan gəlir. Bəli, bu doğrudur ki, mən “Həyat sən nə qəribəsən” serialından sonra tanındım və sevildim. Buna görə də tamaşaçılara öz təşəkkürümü bildirirəm.

– Serialdakı Ağca obrazı ilə həyatdakı Zülfiyyəni tam fərqli gördük. Ağca olduqca mənfi bir obrazdır. Ümumiyyətlə, nə vaxtsa kiməsə qarşı”Ağca” kimi davranmısınız?

– Heç bir vaxt, kaş ki, davrana bilsəydim. Həyatda mənfilik məndən uzaqdır. Biz tamam fərqli insanlar idik. Amma rolumu oynayanda çətinlik çəkmirdim. Verilən rolun xakaterini yaxşı analiz edə bilsən atacaqlar dənizə, üzəcəksən.

– Aktrisa rolda başqalaşmalıdır. Amma bəzən həmkarlarınız bütün rollarını eyni oynayır. Buna iradınız olurmu?

– Əlbəttə, olur. Məsələn, müsbət rolu canlandırır, eynilə əvvəlki serialındakı kimi oynayır. Və yaxud da mənfi rolu. Axı mənfilərin, müsbətlərin özlərinin də öz içlərində fərqli-fərqli jestləri, mimikaları, düşdükləri vəziyyətlərə reaksiyaları var. Bütün müsbətlər eyni olmadığı kimi bütün mənfilər də eyni deyildir. Məsələn, mənfi rol ola bilər soyuqqanlı, baxışı bıçaq kimi kəsən, təmkinli. Amma mənfi rolda ola bilər ki, emosional, tez əsəbləşən, ağlayan və s. kimi xüsusiyyətləri özündə cəmləşdirən. Bütün bunları eyni cür oynamaq olmaz.

– Bir aktrisa kimi kastinqlərə gedirsinizmi?

– Özüm gedirəm desəm, səmimi olmaz. Özləri zəng edib dəvət edəndə gedirəm.

– Könüllü olaraq kastinqə getməməyinizə səbəb nədir?

– Çünki məni azdan-çoxdan tanıyırlar, iş səviyyəmi bilirlər. Lazım olsam, əlaqə nömrəmi öyrənib, dəvət edə bilərlər. Kastinq elanı verilən kimi, üzr istəyirəm, evindən küsən hamı orada olur.

– Daha çox mənfi rollara dəvət alırsız, yoxsa müsbət?

– Mən mənfi rol oynamışam, bu tip rollara möhür vurmuşam. Buna görə də bütün rejissorlar məni mənfi rollara dəvət edirlər. Bu, məncə, qeyri-peşəkar davranışdır. Mən axı aktrisayam. Elə müsbət rol oynaya bilərəm ki, tamaşaçı mənfi roluma baxıb gözünə inanmaya bilər. Bütün rejissorlardan xahiş edirəm ki, aktrisaya damğa vurmayın. Belə bir şey dünya təcrübəsində də yoxdur.

– Belə başa düşdüm ki, rejissorlardan narazısınız.

– Xeyr, bu aktyorlara damğa vurmamağın ricasıdır.

– Amma xaricən intiqam hissi ilə yaşayan simanız var.

– Üz cizgilərim bir az sərt ola bilər. Bu üz quruluşumdan aslıdır. Amma vəziyyətə görə mülayim, ipək kimi də ola bilirəm. Mən heç bir zaman heç kəsi o qədər önəmsəmirəm ki, intiqam hissim də olsun. Görüntüyə bir o qədər də inanan biri deyiləm. Bəzən o qədər sərt görüntü altında mələk kimi üzlər ortaya çıxır ki, adam heyran olur. Bəzən də baxırsan üzdən mülayimdir, amma içində iblis gizlənib. Amma məni şəxsən tanıyanlar bilirlər ki, sərt görüntüm altında tam başqa biri var.

– Özünüz də deyirsiz ki, dəyişkən rollar oynamaq istəyirəm. Bəs açıq-saçıq rollar necə?

– Düzü, mənə dəvət gəlib, amma bu cür səhnələri olan filmləri rədd etmişəm. Özü də dəfələrlə dəvət ediblər. Açıq-saçıq səhnəsiz də bəzən xarakteri göstərmək olur. Bəzən bir jest, bir baxış yetər. Dəyişik rol açıq-saçıq səhnələrdə oynamaq demək deyil. Hələ ki, bu rolları qəbul etmirəm, nə vaxtsa qəbul etməyi də düşünmürəm.

– Tamaşaçı, sizcə, necə tip rolları sevir?

– Tamaşaçı yazıq, yetim, əri tərəfindən atılmış, kimsəsiz uşaq saxlayan qadın, bir sözlə müsbət rolları sevir. Bizim kütlə bir az bu cür rollara həssasdır. Amma mənfi obraz kimi məni də sevdilər. Söhbət Ağca rolundan gedir.

– Hələ də bu rolun təsirindəsiz…

– Çünki ən son oynadığım mənfi rol, hələ ki, odur.

– Açıq-saçıq rolları sizə qadağan ediblər?

– Xeyr, heç kim qadağan etməyib. Qəbul etməmək öz qərarımdır.

– Zülfiyyə, yaxşı qonorar qarşılığında da bu tip rollardan imtina edərsiz?

– Xeyr, heç bir qonorar qarşılığında çəkilmərəm. Kim qəbul edib çəkilirsə, o, onun şəxsi işidir.

– Aktrisa nə vaxt yarımçıq olur? Məsələn, teatrda çalışan aktrisalar həmişə filmə çəkilməklə gündəmə gələn aktrisaları qınayır. Teatrda çalışmaq mütləqdirmi?

– İki film və 3 seriala çəkilib özünü ulduz hesab edib, öz üzərində işləməyəndə aktrisa yarımçıq olur. Teatr aktyoru daima işlək vəziyyətdə saxlayır. Teatrda daima hazırlıqlı olursan və üstəlik, təcrübə də qazanırsan.

– Özlərini ulduz hesab edənlər çoxdur?

– Kifayət qədərdir.

– Adətən ulduz xəstəliyi müğənnilər arasında daha çox yayılıb.

– Xəstəlik xəstəlikdir. Yoluxanda ünvan tanımır (gülür).

– Mane olanlar sizə çox oldumu bu sənətdə?

– Həddindən artıq çox.

– Nə qazandılar?

– Əslində, heç nə. Sadəcə, ola bilənləri bir az gecikdirdilər. Yaradıcılığı nəzərdə tuturam.

– Zülfiyyə, hazırda hansı seriala çəkilirsiz?

– Xəzər TV-də yayımlanan “İki ömür” serialında sizlərlə görüşəcəyik. Tam fərqli bir roldur. Xarakteri, yaşadığı, çalışdığı mühit başqadır. Son oynadığım rolla əlaqəsi yoxdur. Çalışacam ki, bu rolumu da obraz olaraq diqqət mərkəzində saxlaya bilim.