O gün facebook dostlarımızdan biri mühacirət havasına köklənən dostlarına dair status yazmışdı, mən də Aşıq Alının məşhur misrasını götürüb şərh yazdım: “Bir gün eşidərsiz, Alı da köçdü”.
Dostum ya musiqisevər deyil, ya da 35-40 il əvvəl Aşıq Alının sözlərinə bəstələnən və Zeynəb Xanlarovanın oxuduğu “Nə qaldı” mahnısının populyar olduğu vaxt körpə olub, ona görə də məşhur misra ona tanış gəlmədi və belə bir sual verdi: “Hansı Alı?”
Qısaca izah etmək lazım gəldi ki, söhbət nədən gedir. Dostum təkrarən, türkün sözü, gülücük işarələri qoyaraq yazdı ki, əvvəlcə elə bilib söhbət Rza Alıdan (“Azadlıq” qəzetinin əməkdaşı) gedir.
Düzdür, iqtibas etdiyim misrada söhbət Aşıq Alının Avropaya köçməsindən yox, dünyadan köçməsindən gedirdi, amma çoxlarının fikrində mühacirət və potensial mühacirlər olduğu üçün frekansların qarışması təbiidir.
Gerçəkdən də bu saat xeyli insan (özüm rəqəm və ya faizli göstərici yazmıram – yanlış olar) ölkədən köçüb getmək barədə düşünür. Çamadanlarını qablayanlarla yanaşı, oturub qara gününü qablayanlar da var.
Fikir vermişəm, hər dəfə ölkədə seçki-filan olanda ölkədən getmək istəyənlərin sayında artım olur. Bu niyə belədir, bunu görək sosioloq, politoloq, konspiroloqlar araşdırsın.
Filoloqların biləcəyi iş deyil bu. Onlara qalsa, yuxarıda etdiyim kimi, məşhur şeirlərdən misralar söyləyəcəklər: “Vətən mənə oğul desə, nə dərdim”; “Qürbətdə xan olunca, vətənində dilən gəz”; “Vətənin sevməyən insan olmaz” və s.
Amma köçmək istəyənlərin ovqatı poeziyalıq deyil. Onlar bu ovqata sonradan, ev, iş tapandan, uşaqları yerbəyer edəndən sonra köklənəcəklər. Vətən nostaljisi o zaman qabaracaq və kövrək, həzin sətirlər sosial şəbəkədə sellənəcək.
Əlbəttə, heç kəs vətənini, doğma şəhərini, kəndini, qohum-əqrəbasını kefindən tərk etməz. Bunun ciddi səbəbləri olmalıdır. Pis güzəran o səbəblərdən biri və ən yekəsidir. Amma köçüb xaricdə yaşayan milyonçular da var. Onlar burada bəy kefində yaşayırdılar, milyonlarını da götürüb gedib, orda lord kefində yaşayırlar. Hərçənd gözlərinin biri burdadır, hərdən hissə qapılır, qayıtmaq istəyirlər. Sadəcə, kimsə onları ayıldır ki, ağlınız Çovdarovun türmədə olmasına getməsin, ölkə çovdarovlarla qaynaşır, gedərsiniz, tutub basarlar ağzıbirə, əlinizdə-ovcunuzda nə varsa, alarlar, oturun oturum aldığınız yerdə.
Budur, keçmiş müdafiə naziri Səfər Əbiyev hazırda Çexiyada yaşayır. O boyda var-dövlətin yiyəsi ora niyə gedib? Baş-qulağı dinc olsun deyə. Sabah kisə gəlib deməsin ki, gəl ifadə ver, nazir olanda milyonluq maxinasiyalar eləmisən.
Şair Mirzə Sakit o gün yazmışdı ki, Səfər də Avropada sığınacaq tapırsa, politik statusumun boyunu yerə soxum. Şair haqlıydı. Bu necə ədalətli Avropadır ki, milyonçu sabiq nazirə də sığınacaq verir, cibində 20 qəpiklə gəliən dissident şairə də.
Odur, Qambiyanın sabiq daxili işlər naziri çamadanını götürüb cumub İsveçə, siyasi sığınacaq istəyib. Nə var, nə var, ölkə prezidenti onu işdən çıxarıb. Güman ki, sabiq nazir tutulacağını hiss edib, ona görə qaçıb. Heç demə, zamanında bu nazir insanlara işgəncə vermək, rüşvətxorluq da daxil xeyli qanunsuz əməlləri ilə ad çıxarıb. İndi adam dissident olub və İsveçə sığınıb. İsveç hökuməti ona sığınacaq verəcək, verməyəcək, sonranın işidir, amma o, hazırda əmin-amanlıqdadır. Ağlı olsa, vaxtında ev-zad da almış olardı – Əbiyev kimi.
Ancaq bu işin də zibili çıxıb. Avropa ölkələri miqrant qəbulunu dayandırıblar. Çünki Suriya və İraq camaatı məcburiyyət üzündən elliklə Avropaya axışıblar, yerləşdirmək çətindir. Hətta uzaq İslandiyaya da gedib çıxıblar. O gün bir video yayılmışdı: bir neçə ərəb qaçıb kilsəyə sığınmışdılar. Amma İslandiya polisi onların qolunu burub maşına basdı, aeroporta aparıb gəldikləri ölkəyə, Norveçə yolladı.
Biz elə bir ölkədə yaşayırıq ki, burada heç kim “mən heç vaxt mühacirət etmərəm” deyə bilməz. Dünya dolanar, dövran dəyişər, kələf dolaşar, üst-baş bulaşar, adamın səsi Finlandiya ilə İsveçin arasındakı Aland adalarından gələr.
Bir də görərik, Facebookda bayatı yazıblar:
Daği duman alanda,
Yox, bir salam alan da.
Fələk elə vurub ki,
Sığınmışam Alanda.