İnternetdə bir video virus kimi sürətlə yayılmaqdadır, həmin videoda YAP-ın Cəbrayıl rayon şöbəsinin üzvü referenduma aid nəsə iclasda çıxış edir. (Yenə Cəbrayıl? Məşhur “ingilis turisti Ceyms Bonnar” və monarxiya aşiqi Kamılxan arvaddan sonra bu, Cəbrayılın Azərbaycan ictimai fikrinə son 1 ildə atdığı artıq üçüncü selbədir və bir rayon üçün çoxdur.
Başqa rayonlardan da təşəbbüslər gözləyirik, yoxsa hakimiyyət sizin sədaqətinizdən şübhələnib Soğanverdilər-Cinqobulu-Qırdıqaçdılar kənd yolunun əsaslı təmirinə ayrılacaq 5 milyon manatı basıb yeyər, qəpik üzü görməzsiniz). Çıxış edənin ismi-şərifi İntiqam Azəri-dir, bunu istəsən çox simvolik saymaq olar – azərbaycanlıların intiqamı elə bu cür olur, bundan o yana getməz.
Söhbət ondadır ki, İntiqam bəy videoda gah iqtidarı tərifləyir, gah Elçibəyə xoş sözlər deyir. Ən gülüncü isə onun xaricdə – Norveçdə, Amerikada və sairə sivil dünya ölkələrində guya seçki saxtalaşdırılması, oralarda məmurların xalqın qanını içməsi, özlərinə oğurluqla villa ucaltması və sairə haqda dedikləridir. Videonu camaata maraqlı edən də elə bu parodiya hissəsidir, çünki hamı daxilən başa düşür ki, bunlar yalandır.
Ancaq gəlin bir az dərindən düşünək: guya yapistlərin bütün çıxışları İntiqam Azəri-nin çıxışından nə ilə fərqlənir? Burada sadəcə yüngülvari şişirtmə var, vəssalam. Elə eyni günlərdə Səyavuş Novruzovun “Bütün dünya bizə paxıllıq edir”, YAP qəzetinin şefi Hikmət əkənin “Qərb imperializmi ölkəmizə hücuma keçib” və Elmar Məmmədyarovun “Xaricilər gəlib bizim təcrübəni öyrənsin” sözləri yayılmışdı.
Bu mənada, İntiqam bəyi uzağı Ezop dilinin daşıyıcısı saymaq olar, Ezop isə qul idi, qul dilindən zövq almaq da qullara xasdır. Eyni zamanda, adam əgər bu siyasəti bəyənməyib parodiya edirsə, YAP sıralarında nə gəzir? Demək nə istədiyini bilmir. Nəticə budur.
Ümumiyyətlə, azərbaycanlılar hazırda nə istədiklərini bilməyən bir toplumdur. Biz gələcəyimizi necə görürük, ölkəmizin hansı istiqamətə getməsini arzu edirik – bu haqda heç kimdə aydın təsəvvür yoxdur. Nə iqtidarda, nə müxalifətdə. Nə millətçisi millətçidir, nə dindarı dindar. Yaltağı cəsura bənzəyir, qəhrəmanı qorxağa.
Referendum nə üçün keçirilir, iqtidar bununla nəyə nail olmaq fikrindədir, heç iqtidarın özünə aydın olmadı. O üzdən təbliğatsız-zadsız, sakitcə prosesi yola verdilər. Müxalifətin 3 ciddi sayılası qanadı var, bunların da konstitusiya referendumuna münasibəti iqtidardan çox az fərqləndi, misal üçün, Milli Şura iki gün qabaq tərəfdarlarına üz tutub “evdə oturun, məntəqəyə getməyin” tapşırığı verib. Dəhşət müqavimətdir! Əsl zen-buddizm üslubudur: “Heç nə etməmək ən böyük müdriklikdir”. Bir ara narıncı geyim də var idi, onu bərpa eləsək, tam buddizmdir. Divanda uzanıb ayaq barmağının ucuna, yaxud tavana baxsan respublikamız demokratik inkişaf edəcəkdir.
Müsavat Partiyası Milli Şuranın əvəzinə mitinq təyin eləməsi, REAL isə bir-iki vərəq imza toplayıb meydandan qaçması ilə yadda qaldı.
Əlbəttə, repressiya altında nəsə eləmək çox çətindir, ədalət naminə bunu unutmuruq. Hər üç qurumun üzvləri həbs edilir, sıxışdırılır, mühacirət edir və sairə. Ancaq bu ritorika – “bizi əzirlər, yoxsa belə-belə edərik” – iqtidarın ritorikasından nə ilə fərqlənir? Axı yapistlər də deyir xaric qoymur qabağa gedək, Qərb bizə təzyiq edir. Onlar bunları sıxır, bunlar onları, hamı sıxıntı içində yaşayır. Əcəb yerdir.
Təbii ki, hamısı bəhanədir, öz acizliyinin, daşıdığı ada layiq olmamağın əlamətidir. Təzəlikcə müxalifətin bir mitinqindən sonra rayondan gəlmiş müxalifətçilərlə söhbət edirdim. Onlar 100 mindən çox sakini olan bir rayonu təmsil edirdilər, soruşdum, məlum oldu orda bunların partiyasının cəmi 50-60 üzvü var. Səbəbindən asılı olmayaraq, bu, iflasdır. Əgər narazı adamlar varsa, niyə onları partiyanıza, siyasi qurumlara cəlb edə bilmirsiniz? Axı ölkəmizə, elə dünyaya da istənilən fors-major anında ərazidə idarəçiliyi üzərinə götürməyə layiq qüvvə lazımdır. Bu qüvvənin ayrı-ayrı elementləri həm iqtidarda, həm müxalifətdə var, ancaq pərən-pərəndir. Səbəbi yuxarıda yazdım: məqsəd məlum deyil.
Məşhur Çin müdrik məsəlində deyilən kimi: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də o pişik orda yoxdursa”. Məzahir müəllim bu gün məntəqələrdə həmin pişiyi axtaracaq. Təcrübə göstərir ki, tapacaq və axırda üzünü bizə tutub qəşəng bir “miyau” da eləyəcək. Biz də öz siçan deşiyimizdə daha dərinə çəkiləcəyik.