2003-cü ilin oktyabr ayının ya 20-si, ya da 21-i idi. Axır ki, 15-16 oktyabr hadisələrindən 4-5 gün sonraydı. Bir neçə jurnalist Müsavat başqanı, “Bizim Azərbaycan” blokunun prezidentliyə namizədi İsa Qəmbərin evinə getmişdik – həm müsahibə alacaqdıq, həm ev dustağı vəziyyətində olan başqana dəstək verəcəkdik.
Küçədə sərt rüzgarlar əsirdi – hərbi-siyasi mənada. Elektron mediada nifrət püskürməsi baş qaldırmışdı, siyasi rəqiblərə “faşist”, “vandal”, “xalq düşmənləri” deyilir, onların sərt şəkildə cəzalandırılması tələb olunurdu. Adama elə gəlirdi ki, bu gün-sabah siyasi rəqibləri gecəylə evdən götürüb aparıb güllələyəcəklər. Ölkədə siyasi ehtiraslar apogeydəydi.
Belə bir vaxtda silahdaşları, tərəfdarları həbs edilmiş, özünün sərbəst hərəkət imkanı məhdudlaşdırılmış İsa Qəmbər məlum səbəblərdən qanıqara olsa da, sakit tövrünü pozmadan suallarımıza cavab verirdi. Növbəti sualımız ANS-in bazar günü buraxılışında Mirşahinin ona həsr etdiyi müəllif verilişi barədə oldu.
Həmin vaxt ANS də ölkədəki ümumi isterikaya qoşulmuşdu və qalib gələn qüvvənin tərəfində duraraq, hətta orada hamıdan hündür və sərt görünməyə çalışaraq məğlublara hücum edir, “yıxılana balta çalırdı”. Konkret olaraq, Mirşahin İsa Qəmbəri öz müəllif verilişində qorxaqlıqda ittiham edən ibarəli cümlələr qurmuş, verilişinin sonunda isə “artıq yoxdur İsa Qəmbər, üstündən xətt çəkildi” kimi bir ifadə işlətmiş, verilişin özündə isə xeyli canincidən sözlər demişdi.
Sualımız səslənəndə İsa Qəmbər yenə tövrünü pozmadı, təmkinini qorudu və suala lakonik şəkildə cavab verdi. Həmin cavabdan belə anlaşıldı ki, 1993-cü ilin aprelində Füzuli rayonu işğal təhlükəsi qarşısında qaldıqda İsa Qəmbər 9 nəfərlə birlikdə artıq boşalmış rayon mərkəzində gecələrkən Mirşahin də orda olub və onun qorxub-qorxmadığını öz gözləri ilə görüb. Həmin gecə Mirşahin özü daha bərk həyəcanlanıbmış və tam da ciddi səbəbdən. Çünki ermənilər adi bir kəşfiyyat manqası ilə gəlib onları əsir götürə, yaxud güllələyə bilərmişlər.
2003-cü ilin həmin günləri ağır-ağır olsa da ötüb keçdi, ehtiraslar soyudu, eyforiya səngidi, insanlar repressiyadan qurtuldular, depressiyadan çıxdılar, hər kəs öz məcrasına qayıtdı. Elə görünürdü ki, o hiss-həyəcanlı, isterika dolu günlər, hadisələr unudulub gedib.
Zaman bir çox kələfləri çözür, intriqaları korşaldır axı. ANS-in 2003-cü ilin oktyabrında müxalifətə qarşı tutduğu sərt mövqe də bir çoxları tərəfindən unudulmuş, bəziləri tərəfindən hətta bağışlanmışdı. Elə İsa Qəmbərin də sonrakı hərəkətlərində ANS-ə kin saxladığı hiss olunmadı. Hətta ANS 2006-cı ilin noyabrında MTRŞ tərəfindən bağlananda İsa Qəmbər və Müsavat telekanalın müdafiəsinə qoşuldu, bəyanat yaydı.
İndi ANS yenidən bağlanıb və ortalıqda ciddi polemika, xeyli canincidən replikalar var. “Yıxılanı baltalayanlar” da çoxdur. Demək ki, ANS-in 2003-cü ildəki fəaliyyəti unudulmayıb. Əslində 2003-dən sonrakı illərdə də ANS özünü qorumaq üçün hakimiyyətyönlü mövqe tuturdu, eyni zamanda peşə kodeksinə sadiq qalmağa, özləri demişkən, “sifətini qorumağa” çalışıb. Ancaq ölkədəki acı reallıq ondan ibarət idi ki, bir zamanlar xalqın (eləcə də müxalifətin) danışan dili, görən gözü olan bu media qurumu əvvəlki illərdə olduğu kimi fəaliyyət göstərə bilmirdi.
Mümkün deyildi və göründüyü kimi, nə qədər manevrlər etsə də, ölkənin yeganə müstəqil telekanalı özünü qoruya bilmədi.
Gələcəkdə necə olacaq, bəlli deyil. Amma özlərini demokratik düşərgədən hesab edən şəxslər bu media qurumunun başına gələnlərə “əcəb oldu, onlara bu da azdır” prizmasından yanaşa bilməzlər. Birincisi, bu qədər kinli olaraq siyasətdə uğur qazanmaq mümkün deyil. İkincisi, hər dəfə hansısa bir müstəqil media qurumu fəaliyyətini dayandıranda, bu, azad sözün meydanının kiçilməsi, çərçivəsinin daralması deməkdir. Qapılar qıfıllanıb bağlanıbsa, pəncərələr kip örtülübsə, nəfəsliklərin də qapanmasına necə sevinmək olar? Hermetik qapanışlar cəmiyyətdə əvvəl-axır partlayış törədir.
ANS-in fəaliyyəti bir çoxlarının canını incitsə də, hətta onlara bəzən ziyan gətirsə də, qapanışı heç kəsi xoşbəxt etməyəcək, heç kəsin işini irəli etməyəcək. Məsələ budur.