Ölkəmizdəki demokratiya və insan haqları probleminin səbəbi təkcə bizim cəmiyyətin, hakimiyyətin və müxalifətin mədəni-siyasi səviyyəsi, düşüncə sistemi ilə bağlı deyil.
Qonşu ölkələrdə, xüsusilə də Rusiyada keçirilən seçkilər və onun nəticələri göstərir ki, bu xüsusda “birləşmiş qablar” nəzəriyyəsi daha keçərlidir.
Necə ki, boru vasitəsilə bir-birinə birləşdirilmiş qabların birində maye artıb-azalanda avtomatik o birində də artıb-azalır, eynilə bir çox parametrlər üzrə bir-birinə bağlı olan ölkələrdə də sinxron proseslər gedir.
Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələri bir-birinə birləşmiş qablar kimidir. Hamısında bənzər ictimai-siyasi proseslər gedir, hamısı eyni hava ilə nəfəs alır, hamısında demokratiya və insan haqları məsələsinə yanaşma aşağı-yuxarı eynidir. Hətta bu ölkələrin konstitusiyaları, cinayət məcəllələri, digər qanunları da bir-birinin oxşarıdır, əsasən eyni mətnlərin milli dillərə tərcüməsindən ibarətdir.
Bu dəstədən qıraqda olan Ukrayna və Gürcüstan kimi ölkələrin üzləşdikləri çətinliklər, başlarına gələn müsibətlər hər kəsə bəllidir. Bu dövlətlərin azad seçki, demokratiya və insan haqları sahəsində fərqli davranış sərgiləmələri Moskvanın onlarla apardığı düşmənçiliyin başlıca səbəbidir.
Çünki Moskva bütün bunları “Qərb oyunları” sayır və əmindir ki, bu gün öz ölkəsində demokratik seçki keçirən hakimiyyət sabah gedib NATO-ya qoşular, Avropaya inteqrasiya edər, Rusiyanın “arxa bağçası” olmaqdan qurtular.
Bu baxımdan, ölkəsində keçirilən seçkilərdə həmişə qalib gələn hakim partiyalar Moskvadan daimi dəstək, himayə görürlər. Kreml vaxtaşırı sübut etməyə çalışır ki, onlar başqa dövlətlərin sırasından deyillər, daha “doğma”dırlar, “yaxın”dırlar.
Söz yox, bizim ölkənin iqtidarı da, müxalifəti də, bitərəf ictimaiyyəti də Rusiyanın, Moskvanın, Kremlin etibarına yaxşı bələddirlər. Bu xüsusda heç bir fikir ayrılığı yoxdur. Ancaq Moskvaya münasibətini açıq-aşkar ortaya qoyanlar var, əsl fikrini diplomatik bəlağətlə, hərəkətlərlə pərdələyənlər var. Azərbaycanın uzun müddətdən bəri müqavimət göstərərək MDB-nin bəzi strukturlarında iştirakdan imtinası, Avrasiya İttifaqına qoşulmaq istəməməsi ölkəmizdə Moskvaya bəslənilən etimadın tam olmaması ilə bağlıdır.
Bununla belə, Qarabağ münaqişəsi bizi bu ölkənin peyki olmaqdan qurtulmağımız yolunda böyük maneədir. Hamı aydın şəkildə anlayır ki, Qarabağ konflikti durduqca nə biz, nə də Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməyəcəyik.
Ona görə də biz seçkiləri Rusiyada keçirilən seçkinin bənzəri kimi keçirməyə məhkumuq. Təsadüfi deyil ki, Rusiyada gömrük, vergi, ədliyyə, təhsil, səhiyyə qanunvericiliyi dəyişəndən az sonra eyni şey bizdə də olur.
Budur, Rusiyada seçki keçirilib, yenə də hakim partiya qalib gəlib. Parlamentə hakim partiyanın loyal olduğu, hətta dəstəklədiyi partiyalar keçib, müxalifət partiyaları isə bu dəfə də Dumaya buraxılmayıb (guya ki, onlar 5 faizlik baryeri keçə bilməyiblər).
Bu nəticələr bizə çox tanışdır. Bu, Rusiyada seçkiləri izləyən Avropa ölkələri üçün də gözlənilməz olmayıb. Hətta onları prezident Putinin iki ildən sonra keçiriləcək prezident seçkilərindən qazanacağı “möhtəşəm qələbə”ni də indidən proqnozlaşdırıblar.
Hələlik regionda durum belədir, bir müddət də belə olacaq: Özbəkistanda Rusiyanın dəstəklədiyi namizəd prezident seçiləcək. Ermənistanda Rusiyaya meylli qüvvələr seçkilərdə (hansı olursa-olsun) qalib gələcək. Qazaxıstan, Belarus, Qırğızıstan da eləcə.
Ümumiyyətlə, Rusiya təkcə öz yaxın sərhədlərindəki avtoritar rejimlərin dəstəkçisi deyil, dünyanın dörd bir yanındakı diktaturaların, xuntaların himayəçisidir.
Uzun sözün kəsəsi, nə qədər ki, Rusiya özü demokratikləşməyib, ətrafındakı “peyk-ölkə”lərə demokratikləşmək, azad seçki keçirmək imkanı verməyəcək.
Alternativ yol Rusiyanın iradəsindən kənara çıxaraq dürüst seçki keçirməklə Avropa ailəsinə qovuşmaqdır, amma bu halda məruz qalacağımız itkiləri də hesablamalıyıq.
Rusiyanın indiki siyasətindən nə vaxt əl çəkəcəyi, yaxud buna məcbur olacağı gün isə çox məchuldur, bütün dünya, məşhur ifadə ilə desək, o X gününü gözləyir. Həmin gün Rusiya adlı qabda demokratiya artsa, yaxın ölkələrdə də artacaq.