Əgər aşağıdakı xəbəri bir psixiatra oxutdursaq və rəyini soruşsaq, Ceyms Qonsalesin psixoloji portretini cızmasını istəsək, doktor tərəddüd etmədən deyəcək ki, adam ruhi xəstədir.
Hətta doktor bir az düznəqulu və kəndalı adamdırsa, diaqnozunu bir az başqa cür də ifadə edə bilər: “Dəlidir”, “zırramadır”, “gijquludur” və s .
Xəbər isə belədir: “ABŞ vətəndaşı Ceyms Qonsales Ayfon-7-yə sahib olan ilk alıcı adını qazanmaq üçün 23 gün küçədə yaşayıb”.
İndi o, xoşbəxtdir, 23 gün səfil-sərgərdan olub küçədə it-pişiklərlə eyni şəraitdə yaşamasına baxmayaraq, Ayfon-7-nin ilk alıcısı olub.
Normal adamlar deyəcək ki, “ilk alıcı” adını qazanmaq üçün bu qədər əziyyətə dəyməzdi, ha 1-ci alıcı, ha 123456789-cu alıcı, nə fərqi var. Guya ilk alıcıya endirim edirlər? Ya ilk alıcının telefonu o birilərinkindən yaxşı işləyir?
Belə şey yoxdur. Bu, sadəcə, quru və ucuz şöhrət məsələsidir. Dərindən tanısaq, görərik ki, Qonsales ömründə heç nə ilə fərqlənməyən, istedadsız, qabiliyyətsiz bir adamdır və onun dünyada fərqlənə biləcəyi yeganə şey 23 gün səfil həyatı yaşayaraq ildə yeni bir marka buraxan telefon şirkətinin yeni məhsulunun ilk alıcısı olmaqdır.
Əgər bu onu xoşbəxt edirsə, ta nə etmək olar, qoy olsun. Hər kəsin xoşbəxt olmaq haqqı var, qoy Qonsales də “ilk alıcı” olaraq səadətə qovuşsun. Hətta yaxşı olar ki, o, gələn il Ayfon-8-in də ilk alıcısı olmaq üçün indidən tədbirlər görsün, yoxsa özü kimisinin biri şirkətin qabağında çadır və açılıb-yığılan çarpayı quraşdıracaq ki, qabağa düşsün. Amerika (Çilidən Kanadaya qədər) belə adamlarla doludur.
O cür adamlar bizdə də çoxdur. İntəhası, bizim ucuz və quru şöhrət həvəskarı olan həmvətənlərimiz nəinki 23 gün, heç 23 saat da hansısa şirkətin qabağında yatmazlar. Bizimkilər papalarına deyər və onlar o şirkətin qapısına surğuc vurub bağlayar, ilk məhsulunu lentlə sarınmış, paketlənmiş şəkildə, maşın konvoyunun müşayiəti ilə evə gətirərlər.
Təəssüf ki, bizdə Ayfon-7 kimi dünya şöhrətli məhsullar buraxılmır. Sahibkarlarımızın zülm-zillətlə buraxdıqları kapron aftafa-filandır, onun da ilk alıcısı olmaq o qədər fəxr ediləsi bir şey deyil.
Kimsə deyə bilər ki, yox, şişirdirsiniz, bizdə elə adamlar yoxdur. Bəs “bu maşın ves esenqedə yedinni məndədir”, “bu nömrəyə 10 min dollar pul saymışam”, “Bu ”Ferrari”ni zavodda xüsusi olaraq mənim üçün yığıblar” və sair və ilaxır bu kimi söhbətlərlə tay-tuşları arasında qürrələnənlər kimdir?
Bunların da bu dünyada fəxr edəcəkləri şey yalnız bahalı maşınlara sahib olmaları, məşhur müğənni ilə gəzmələri, 15 min manatlıq telefon gəzdirmələri, bir ziyafətdə 500 ədəd bahalı şampan şərabı açdırmalarıdır. Başqa bir şey yoxdur. Bəzilərinə arada “bacarıqlı iş adamı”-filan deyirlər, amma məlum olur ki, onların “bacarığı” yalnız papalarının himayədarlığı olan yerə qədərdir. Oliqarx ata gözdən düşən kimi, onların da biznesi iflas edir.
Ərəb şeyxzadələri də belədir. Onlar da avtomobilin özünə 100 min, nömrəsinə 2 milyon dollar verirlər, bir şərtlə ki, həmin nömrə ərəb dünyasında “yedinni” ona məxsus olsun. Bir ara dəb düşmüşdü, Hollivudun şöhrətli fahişələrini 1 milyon dollara ərəb saraylarına gətirirdilər ki, fəxr etməyə mövzu olsun.
Belə edənləri də psixiatra göstərsək, diaqnoz eyni olacaq. Təbii ki, qudurmuş varlıların başıxarablığı ilə 23 gün küçədə yatan Qonsalesin dəlibaşlığı eyni şey deyil. Yazıq Qonsales kimə nə edir ki. Sadəcə, küçədə yatır, bahalı məhsulun ilk alıcısı olmasıyla qürur duyur, xoşbəxt olur. Ancaq “bu maşına 300 min dollar pul saydıq” deyən oğlan cəmiyyət üçün təhlükəlidir. Çünki sabah onun bahalı maşınına yol verməyəni düşüb küçədə döyəcək, yüngülcə cızanı həm döyəcək, həm də evini satdıracaq. Hələ bir maşına sayılan 300 minin hansı yolla qazanıldığını, kimlərin soyulması hesabına toplandığını qoyaq qırağa.
Bu yerdə mütləq kimsə tapılacaq ki, öz aləmində ortaya dəhşətli bir arqument qoyacaq: “Guya sizin o qədər pulunuz olsa, oğlunuza ”Ferrari” almazsınız”?
Yox. Dünyada öz oğluna ən bahalı avtomobilləri almağa gücü çatan milyonlarla adam var, amma almırlar. Elələri bizim ölkəmizdə də var. Yəni bu, fərdi məsələdir, bir az da psixatrik hadisədir.