img1306318

“Rusiya prezidenti Vladimir Putin mənim kumirimdir”. Bu maraqlı, eyni zamanda da qəribə açıqlamanı Böyük Britaniyanın İstiqlal Partiyasının yeni lideri Diana Ceyms verib. Partiya sədri onu heyran edən digər siyasi fiqurlar arasında Uinston Çörçilin və sabiq baş nazir Marqaret Tetçerin də adlarını çəkib.

Adətən görmüşük ki, bu kumir söhbəti incəsənət, kino, şou-biznes, idman aləminə xas olur. Ancaq deyəsən, siyasət də istisna deyil. Bircə fərq var ki, siyasətçilər, dünyaca məşhur olsalar belə, əsəsən iki cür olur: pozitiv, yəni öz xalqına, bəşəriyyətə, onun inkişafına xidmət edənlər, bir də neqativ – yəni xalqına və bəşəriyyətə problemlər yaradan, bəlalar gətirən, dünyaya təhlükə yaradanlar.

Çörçili, Tetçeri başa düşdük. Əfsus ki, ingilis xanım siyasətçinin kumir saydığı Putini birincilərə aid eləmək olmur. Təzad da bundadır ki, İngiltərə kimi demokratik bir dövlətin partiya sədri Rusiya kimi avtoritar idarəçilikli, beynəlxalq hüququ ayaqaltı edərək, öz iki qonşusunun (Ukrayna və Gürcüstan) ərazisini işğal eləmiş bir dövlətin KQB keçmişli liderinə rəğbət bəsləyir, ona həsəd aparır.

Bu nədir: fiziki, hərbi gücə rəğbət-heyranlıq, qolu-zorluluğa sitayiş- bəraət, yoxsa?
Şəxsən mənə görə, ən güclü lider böyük ordu qurmuş lider deyil, ən əvvəl – apardığı daxili-xarici siyasət və islahatlar sayəsində öz xalqını rifaha qovuşdurandır; yaxud ölkəsini işğaldan qurtarıb da, yenə öz xalqını ağ günə çıxarandır – bunu ona qaxınc etməmək şərti ilə! Yoxsa ki, “ac ol, kişi ol…”

Ona qalsa, dünyanı daima həyəcanda saxlayan Şimali Koreya lideri də kimlər üçünsə rahatca kumir ola bilər, çünki öz xalqının miskin dolanışı hesabına olsa belə, ölkəsini nüvə dövlətinə çevirən “güclü lider”dir.

Bu mənada “Dostunu göstər, deyim kimsən” məşhur məsələsini belə də improvizə eləmək olar: “Kumirini söylə, deyim kimsən!” Çünki insanın kimə rəğbət bəsləməsi və hətta sitayiş eləməsi onun daxili aləminə, aparıcı keyfiyyətlərinə, xarakterinə dəlalət edən, güclü işıq salan mühüm amildir. Söhbət hakimiyyətə iddialı bir siyasi xadimin kumirindən gedirsə, vəziyyət daha da tündləşir, nədən ki, artıq bütöv bir xalqın, toplumun taleyi gündəmə gəlmiş olur.

Putinə gəlincə, vurğulandığı kimi, ona qarşı olan kumirliyin diktator Stalinə kumirlikdən ciddi fərqi yoxdur, ola bilməz. Yeri gəlmişkən, Rusiyanın hazırkı prezidentinin özü Satlinə rəğbətini zaman-zaman büruzə verib. Amma acı gerçək budur ki, Putin də Satlin kimi öz hakimiyyəti dövründə Rusiyanın ərazisini zor gücünə genişləndirsə də, Rusiya xalqı Stalin dönəmindəki kimi, indi də pis gündə yaşayır, beynəlxalq sanksiyalardan sonra isə daha ağır duruma ürcah olub.

Normalda xalq belə durumdan narazı olmalı, mübarizə aparmalıdır. Rus xalqı da istisna deyil və olmayacaq yəqin ki. Söz düşmüşkən, yalan söhbətdir ki, Rusiya əhalisinin 82 faizi Putinə rəğbət bəsləyir. Elə olsaydı, ötən bazar keçirilən parlament seçkilərində Putinin “Vahid Rusiya” partiyası bir o qədər səs toplayar, xalqdan dəstək alardı.

Lakin Rusiya elektoratının cəmi 44 faizi hakim partiyanı dəstəkləyib. Nəzərə alsaq ki, seçkilərdə indiki hakimiyyət dönəmində ilk dəfə olaraq, seçicilərin yarıdan da azı (47%) iştirak edib, o zaman bəlli olar ki, Rusiyanın ümumi əhalisinin cəmi 20%-i mövcud rejimə rəğbət bəsləyir, 80 faiz isə narazıdır, sadəcə, sərt avtoritar rejim səbəbindən seçki yolu ilə vəziyyətin dəyişəcəyinə inanmır…

Kumir-Putinin güclü lider kimi ölkəsində yaratdığı reallıq bundan ibarətdir. Odur ki, kumir seçəndə diqqətli olun, yoxsa özünüzü faş edərsiz!