Загрузка...
img1261098
Bu da Amerika Konqresindəki Azərbaycan dinləmələrinin “nəticəsi”. Buyurun, bir qrup “demokratiya carçısı”nın Azərbaycan üçün nə dərəcədə can yandırdığına, ölkəmizin gələcək taleyi ilə bağlı hansı düşüncələrinin olduğuna şahidlik edin! 
Demə, onlar əslində ermənilərin əlinə bəhanə vermək üçün Azərbaycanla bağlı neqativləri önə çıxarır, Qarabağ ermənilərinin Azərbaycan daxilində yaşamasının “mümkünsüzlüyü” rəyini yaratmaq istəyirmişlər. Ötən həftə təşkil olunan dinləmələrə Qarabağdakı separatçıların lideri Bako Saakyanın oğlunu dəvət etməklə gerçək  niyyətlərini və “hansı yuvanın quşu” olduqlarını nümayiş etdirdilər.
Görün hansı vəziyyətdir ki, azərbaycanlı nümayəndə – Erkin Qədirli – Xocalı qatili Sərkisyanı tənqid etdiyi üçün iştirakçılar və məruzəçilər siyahısından çıxarılır. Bu, ona bənzəyir ki, ABŞ Konqresində Suriya barədə dinləmələr keçirilsin, orada balaca İŞİD-çi iştirak etsin, mikrofon alıb sözünü desin.
Azərbaycan ərazisində “ikinci erməni dövlətini” elan edən, elə bu yaxınlarda həmin oyuncağın 25 illiyini keçirən bir terrorçunun oğlunu təmtəraqla yuxarı başa keçirdilər. Özü də  Krım, Abxaziya, Osetiya separatçısını yox, məhz Qarabağ separatçısını! Bu, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə qəsddir, beynəlxalq qanunlara tüpürməkdir, terrorizmə, işğala dəstəkdir!
Əslində məhz erməni amilinə görə Azərbaycandan o tədbiri hər kəs boykot etməli idi. Ancaq iştirak edənlərin də şərtlərə boyun əyib erməni dığasının salondan çıxarılmasını tələb etməməsi adamı heyrətə gətirir. Qarabağ məsələsini hakimiyyət maraqlarına qurban vermək bağışlanmaz cinayətdir! Bəlkə hakimiyyət iddiasında olanlar Qarabağ əvəzinə…demokratiya vədimi alıblar. Belə demokratiya olmaz olsun!
 
Azərbaycanın xarici siyasət idarəsi də ölkəmizə qarşı böyük bir sayğısızlıq hərəkətinə reaksiya verməyib. Söhbət Konqres müzakirələrində bala separatçıya tribuna verilməsindən gedirsə, cavab olmalıdır. ABŞ-dakı binaları  yıxanlara Bakıda tribuna verilsə, amerikanların xoşuna gələrmi? 
Biz əvvəllər Bako Saakyana Amerikada, Avropada yaşıl işıq yandırılmasından və keçirilən telemarafonlarda Qarabağ canilərinə yardım yığılmasına, işğalçıya Konqresin ayırdığı milyonlara etiraz etmişik. Ancaq ABŞ Konqresi ata Saakyanla bağlı iradlarımıza cavab olaraq onun oğlu Armen Saakyanı da yuxarı başa keçirdi.
Biz demirik ki, Azərbaycanda hər şey yerindədir. Amerikanın özündə də polisin günün günorta çağı qaradərilərin başına güllə sıxmasını elə amerikanlar özləri lənətləyir. Ölkədəki problem onu bölüb-parçalamağa əsas vermir! Azərbaycan on illərdir erməni terroru ilə üz-üzədir və antiterror koalisiyasının üzvü kimi ABŞ-ın yaxın müttəfiqidir. Ən azı rəsmi Bakının bu mövqeyinin qarşılığında ölkəmizin kürəyinə xəncər vurulmasına imkan verilməməlidir.
Görünən budur ki, Azərbaycana qarşı təzyiqlərin və təhdidlərin növbəti mərhələsi başlayıb. Deyəsən, aprel müharibəsi təkcə ermənilərə yox, elə onların dəstəkçilərinə də yaman yer eləyib. Fikir verin, Rusiya paytaxtında separatçıların toplantısı üçün “Prezident” sarayında tədarük görülür, İranda keçirilən idman yarışına Qarabağ separatçıları “öz bayrağı” ilə qatılır, ABŞ Konqresindəki dinləmələrdə bala separatçı meymunluq edir.
Digər tərəfdən də amerikalı səfir, Roma kilsəsinin nümayəndəsi, başqaları “Qarabağ məsələsi ancaq sülh yolu ilə həll edilə bilər” çağırışları etməkdədirlər. Özü də Ermənistanda “Smerç” raketlərinin nümayiş olunduğu, “Putin NATO”sunun başına erməninin gətirildiyi bir vaxtda. Azərbaycanı təslimçi sülhə vadar etmək istəyirlər, şübhəniz olmasın!
“Canımı verərəm, Qarabağı vermərəm” deyən Sərkisyana güldən ağır söz deməyən qüvvələr Azərbaycanı sülhə çağırır. Yəni sakit durun, yatın fil qulağında, erməni torpağınızda at oynatsın. Özünü “demokrat” adlandıranlar da belə deyir, avtoritarlar da. Elə bu günlərdə Sərkisyanın sayıqlamalarına cavab verən yalnız Azərbaycan prezidenti oldu. Rusiya başda olmaqla MDB-dəki sülhə çağıran dəstə üzvlərindən kimsə bu canini yerində oturtmadı. 
 
İki həftə sonra Bakıya gələcək Roma Papası da yəqin sülh nağılları oxuyacaq. Bizi yuxuya verməyin yollarını arayırlar. Əgər yatmasaq, hətta sanksiyalara belə əl atacaqlar, şübhəniz olmasın. Necə ki, 1992-ci ildə “907″-ci ”iynə”ni vurdular. O Konqresi biz çoxdan tanıyırıq. Hələ onda separatçı küçüyü doğulmamışdı. İndi okeanın o tayından bizə hürür…