ABŞ-dakı prezident seçkisi dünyanın taleyinə təsir baxımından həmişə xüsusi diqqətdə olub. Qlobal siyasətdəki həlledici söz sahibliyi, “əlinin üstündə əl olmaması” səbəbi ilə bu fövqəldövlətə – ABŞ-a növbəti 4 il üçün kimin rəhbərlik edəcəyi məsələsi yenə irili-xırdalı ölkələrin hamısında yenə maraqla izlənməkdədir.
Budəfəki mübarizə sabiq dövlət katibi Hillari Klintonla milyarder Donald Tramp arasında gedir. Yəni, bir tərəfdə yetərincə siyasi təcrübəyə malik, vaxtilə yüksək dövlət postu tutmuş xanım Klinton, digər yanda isə sırf uğurlu biznes sayəsində böyük var-dövlət yığa bilmiş və yalnız buna görə tanınan milyarder Trampdır.
Onlar arasında başqa bir fərqli özəllik budur ki, Tramp indiyədək Klintondan fərqli olaraq, Ağ Evin üzünü belə görməyib. Hərgah, deyəsən son günlər daha bir fərqli xüsusat ortaya çıxıb. Bu da Hillari xanımın qəfil xəstələnməsi ilə bağlıdır. Deyilənə görə, Klinton pnevmoniyaya tutulub.
Ancaq qəribədir ki, ağır ağciyər xəstəliklərindən sayılan və müalicəsi az qala aylar tələb edən pnevmoniya Klintonun yataq rejiminə keçməsinə gətirmədi. Yalnız 1-2 antibiotik qəbulu və inyeksiyadan sonra onun təzədən təbliğat kampaniyasına davam etdiyi bildirilib. Bu da tibbdən xəbəri olan kənar müşahidəçidə şübhələr yaradır.
Yeri gəlmişkən, Klintonun 68 yaşı var. Tramp isə 70-i bu yay haqladı. Yəni hər ikisi ahıl yaşda olan insanlardır. Bu isə ölkə elektoratında müəyyən narahatlıq yaratmağa başlayıb. Amerikalılar əlbəttə ki, nüvə çamadanına məsul olacaq şəxsin ən əsası, zehni cəhətdən sağlam olmasına əminlik hasil eləmək istəyirlər.
70 yaş isə razılaşaq ki, az yaş deyil. Hətta belə bir deyim də var ki, qocalıqla uşaqlıq dönəmləri qırılmış ipin iki ucu kimidir – onlar bir-birinə uyğun gəlir (diqqət edin: qocalar da xüsusi qayğı-nəvazişə ehtiyac duyur, uşaqlar da; təbiət etibarilə qocalar da tez küsən olur, uşaqlar da; qocaların da diş problemi olur, uşaqların da; qocaların da sümükləri tez sınan olur, uşaqların da; qocalar da fiziki cəhətcə zəif olur, uşaqlar da; qocalar da tənhalıqdan bərk qorxur, uşaqlar da və s.)
Doğrudur, ABŞ tarixində yaşlı prezidentlər az olmayıb olub – Teodor Ruzvelt kimi, Ronald Reyqan kimi. Onların bəziləri vəzifədə ikən xəstəlikdən dünyasını dəyişiblər. R.Reyqanda isə prezidentliyinin sonuna yaxın çox ağır mərəz sayılan Altsheymer (yaddaşsızlıq) xəstəliyinin əlamətləri özünü göstərməyə başlayıb və bu xəstəlikdən də ölüb.
İndi də Klintonun xəstələnməsi. Söz düşmüşkən, həkimi onu da bildirib ki, Hillarinin zəkası, yəni İQ göstəricisi və ya müdrikliyi yerindədir. Şübhə eləmirik. Lakin təbabətə o da bəllidir ki, bir çox xəstəliklər, xüsusən xroniki xəstəliklər insanın ovqatına, demək, həm də qərar vermə qabiliyyətinə təsir göstərə bilir…
Sözü ona gətiririk ki, ABŞ “demokratiya beşiyi” sayılsa da, burada da demokratiyanın “fəsadları” ara-sıra özünü göstərir. Demokratiya isə Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin dediyi kimi, “ideal idarəçilik forması deyil, lakin bəşəriyyət hələ ki bundan yaxşını da fikirləşib tapa bilməyib”.
Məsələ də ondadır ki, nə vaxtsa tapsa, o zaman əmin olun ki, yüzdə yüz prezidentlik üçün yuxarı yaş həddi mütləq müəyyən ediləcək. Məntiqlə də, əksər dünyəvi ölkələrdə, o cümlədən Azərbaycanda təqaüdçü uzağı, 65-70 yaşadək dövlət qulluğunda işləyə bilər, ondan sonra yerini daha cavan kadrlara verməlidir. Ən məsuliyyətli vəzifə kimi prezidentlik də istisna olmaya bilər.
Bu, əlbəttə ki, insan haqqının pozulması demək deyil, insanın bioloji təyinatının və göstəricilərinin diktə elədiyi zərurətdir. Nə edəsən ki, nadir istisnalarla 70-80 yaşlı siyasətçilər 50-60 yaşlı həmkarları ilə müqayisədə çevik düşüncə və qərar qəbul eləmək qabiliyyətində, yaxud kafi dərəcədə enerjili olmurlar – təkrar edirik, istisnalar az deyil. Ömürlük prezidentlik isə ümumiyyətlə, sağlam məntiqə sığmır.
Lakin bu, əsla o anlama gəlmir ki, bütün cavan və çılğın prezidentlər daha ağıllı və müdrikdirlər. Hər kəs yaxın tariximizdən, indinin özündən son qənaətimizin xeyrinə istənilən qədər nümunə tapa bilər. Kəsəsi, eyni qaydada insanın bioloji və ilahi təyinatı diktə edir ki, prezidentlik üçün aşağı yaş həddi də qoyulsun. Demokratik ölkələrdə bu rəqəm 35-dir.