Bir xarici təşkilat sosioloji sorğu keçirib, zəhmətkeşlərimizin 96 faizi hakimiyyətdən razılıq edibdir. Əslində buna şübhəmiz yoxdur, hər gün dükan-bazarda, valyuta alqı-satqısında, bankların kredit şöbələrində, xəstəxana və məktəblərdə bu cür razı adamları görürük, ürəyimiz açılır. Sadəcə, məni narahat edən o narazı 4 faizdir.
Bu adamları tutub başa salaq, ölkəmizdə vətəndaş birliyi olsun. Bizə yaraşmaz ki, hansısa 4 faiz adamlar nəsə narazılıq edirlər, bəyaz dövlətçilik köynəyimizə mürəkkəb damcısı, göyərçin zılı, nə bilim, qoyun qığı kimi ləkə salırlar. Hamı razı qalmalıdır. Narazısan, çıx get Avropaya, Almaniyanın dağılmasına bax.
Sorğuda bir hissə də çox diqqətimi çəkdi. 77 faiz adamı Dağlıq Qarabağ münaqişəsi narahat edirmiş. İnsan haqlarının vəziyyətinə görə isə cəmi 3 faiz dilxor olubdur. Başa düşmədim, bəyəm bizdə Qarabağ bölgəsində hüquqları pozulan yüz minlərlə zəhmətkeşimizin insan haqları narahatlıq yaratmırdı? Belə deyirdilər axı. Sorğunu soran əməkdaşların məntiqindən elə alınır ki, Qarabağ probleminin insan hüquqlarına dəxli yoxdur. O cümlədən, torpaqların işğalına görə narahat olan həmin 77 faiz adamı dünən Ağdama tərəf yürüşə çıxan gördüm. İqtidar qabaqlarını güclə alırdı. Deyirdilər, amanın günüdür, imkan verin, bəlkə danışıqla nəsə oldu. Xalq da dedi, ə, nə danışıq? Nə deyirsən ə! Sən öl, başımızı 23 ildir aldadırsınız, bu saat ayaq altında qalarsınız, çəkil görüm ə! (Sonra tozanaq qopdu, mən qaçdım gəldim – yazını sizə çatdırmaq üçün.)
Referendumdan, konstitusiyadan da hamı razılıq eləmişdi. Camaat sorğu soranlara deyib ki, indiki konstitusiyadan razıyıq, sonrakı konstitusiyadan lap razı olacağıq, ümumiyyətlə, biz razıyıq, istəsək ölkənin adını Razıbaycan qoyarıq, gedin qarnınızı qaşıyın. Doğrudan da, razılıq elə pulsuz efir vaxtının istifadəsiz qalmasından göründü. Məzahir əkə 3 dənə təşviqat qrupu qeydə almışdı, bunların üçü də konstitusiya dəyişikliyini dəstəkləyirdi, ancaq efirə çıxmadılar. Söz tapa bilmədilər? Bəlkə bu referendum lap ağ eləyib, hətta yalançılar da danışmağa çətinlik çəkir? İstərdim sorğu soran yoldaşlar bunu araşdırsınlar, çünki bizim üçün çətin suallardır. Əks halda günah Məzahir müəllimin üzərində qalır. Sanki o, bu qrupları yalandan qeydə alıbdır, heç belə adamlar yoxdur. Çıxın danışın da bə. Neft pulu azalıb, istiqraz olacaq. Hələ qaz çıxmalıdır çoxlu. Həmçinin, pambıq əkinləri, velsəbet fabrikası, rayon icra başçılarının dəvət elədiyi minlərlə xarici investorun cahanşümul fəaliyyəti olacaqdır. Nadürüstlük eləməyin, bağda ərik olmasın, olsun soğan. Aqil müəllim demişkən, soğan əkin. Çıxın danışın.
Bu, belə. Bunu həll elədik getdi. Məni Akif müəllimin maraqlı söhbətləri düşündürür. Çovdarovu deyirəm. Hərçənd, indiki vaxtda “Akif müəllim” deyəndə adamın ağlına mütləq Çovdarov gəlməlidir, Akif Nağı gələsi deyil ki? Bax, Akif müəllim indi dustaqdır, çoxlu işləri də bala-bala üzə çıxır. Misal üçün, dedilər Metro Tağını vaxtilə tutub qışqırda-qışqırda 3 milyon dollarını alıbmış. (Turniketdən keçid kartı almağa imkanı olmayıb ona-buna 20 qəpik verən zəhmətkeşlərimiz üçün 3 milyon dollar anlaşılmaz miqdardır. Elə mən özüm də ilk baxışdan xeyli əziyyət çəkdim). Çovdarov bunu təsdiqlədi, dedi pulu özümə almırdım, dövlət üçün lazım idi. Deyir həmin pulla MTN üçün avtomobillər alınıbdır.
Bəh-bəh… Gör nə qəşəng dövlətdir. Hər kəs çalışır nəsə eləsin, dövlətçilik möhkəmlənsin. Bəlkə də Zakir müəllimin bu dəqiqə altındakı tankı Bakubus-un müdiri alıb veribdir, nə bilirsən? Kosmosa uçan raketimizi Semaşko xəstəxanasının kollektivi maliyyələşdirməsin? Kimsə tutulmasa, biz belə vətənpərvər işləri niyə bilmirik? Şair demişkən, sağlığında qiymət verək insanlara – hərə nə qədər pul gətirəcəyini, qiymət cədvəlini – preyskurantı dəqiq öyrənsin.