İki yüz il olar ki, dünyada gündən-günə güclənən bir trend var: əksər ölkələrdə dini siyasətə, dövlət işlərinə qatmırlar. Dindarlar ən yaxşı halda siyasi proseslərə yalnız sıradan bir seçici kimi qatılırlar.
Xristian ölkələrində bu məsələ uğurla çözülüb: rahiblər və rahibələr kilsə və monastırlarda fəaliyyət göstərir, seçkili orqanlarda təmsil olunmağa, hansısa şəhəri, qəsəbəni, kəndi idarə etməyə cəhd göstərmirlər.
İslam dininə tapınan ölkələrdə isə durum fərqlidir: demək olar ki, bütün islam ölkələrində din dövlətlə, siyasətlə iç-içədir. Birbaşa din xadimlərinin idarə etdiyi ölkələrlə yanaşı, hansısa dini təriqətin olduqca nüfuzlu olduğu ölkələr də var. Bunlardan başqa, dini icmaların siyasətçilərə təsir etdiyi , siyasətçilərin dini icmalardan yararlandığı dövlətlər də mövcuddur.
Bu xüsusda bütün islam dünyasına müsbət mənada örnək ölkə ola biləcək Azərbaycanda dinin, dindarların siyasət işlərindən kənarda saxlanması bir çox hallarda uğurlu alınsa da,son həftənin gedişatı göstərir ki, ayrı-ayrı siyasi qüvvələr dini amili gözardı etmir, yararlanmağa çalışırlar.
Budur, Bakı şəhərində fəaliyyət göstərən dini icmalar bəyanat yayıblar və siyasi proseslərə qarışmaq cəhdi göstəriblər.
Onların yaydığı bəyanatda belə bir fikir diqqət çəkir: “Heç bir siyasi perspektivi olmayan Milli Şura adlı qurumun və ”Müsavat” adlanan partiyanın referendum ərəfəsində keçirdiyi və keçirmək istədiyi aksiyalarda dindarlara yönəlik çıxışların olması və mömin insanların meydanlara çıxması üçün siyasi çağırışlar edilməsi bizdə dərin təəssüf və narahatlıq hissi doğurur. Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan ölkə dindarlarını bu cür siyasi məsələlərə cəlb etmək cəhdləri yolverilməzdir”.
İlk baxışdan bu bəyanatı yayan dini icmalar haqlı görünə bilər. Əgər “aksiyalarda dindarlara yönəlik çıxışlar” olubsa və olacaqsa, yəni onların mütəşəkkil qüvvə olaraq siyasi prosesə qatmağa təşəbbüs varsa, bu, düzgün deyil. Çünki dindarların mütəşəkkil qüvvə kimi siyasətə, seçkiyə qatıldığı bütün ölkələrdə qan-qada, qanlı qarşıdurmalar, hərc-mərclik var.
Qəribədir ki, yaydıqları bəyanatda “biz dindarlar Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi dini siyasətdən uzaq sayır və onun hər hansı dairələrin əlində siyasi alətə çevrilməsi cəhdini birmənalı şəkildə rədd edirik” – deyə qeydlər edən dini icma rəhbərləri bir abzas yuxarıda “heç bir siyasi perspektivi olmayan Milli Şura adlı qurum və ”Müsavat” adlanan partiya” kimi ibarə də işlədiblər. Bu ifadə onların artıq siyasətə qatıldıqlarını, tərəf tutduqlarını, siyasi hakimiyyətin əlində alət olduqlarını göstərir.
Bu da yolverilməzdir. Elə çıxır ki, dindarların müxalifəti dəstəkləməsi siyasətə qarışmaqdır, amma din xadimlərinin hakimiyyətdə olan siyasi qüvvəyə qahmar çıxması dövlətçiliyi müdafiə etməkdir.
Bu, ən azı ikili standart deməkdir. Prinsiplər dəyişməməlidir. Birdəfəlik qəbul etmək lazımdır ki, heç bir dini icmanı, təriqəti siyasi proseslərdə alətə çevirmək, onların mütəşəkkil qaydada mitinqə qatılmasını təmin etmək, eləcə də dini icma liderlərindən birgə bəyanat almaq olmaz.
Hər bir mömin ölkənin tamhüquqlu vətəndaşı olaraq seçkidə iştirak edə, istədiyi siyasi qüvvəyə səs verə bilər. Ancaq o bəyanat yayaraq və ya mitinqdə çıxış edərək “biz dindarlar” ifadəsi işlədirsə, artıq mənsub olduğu dini icmanı siyasət işlərinə qarışdırır.
Bu cür fəaliyyətin yolverilməzliyini ulu öndər Məhəmməd Əmin Rəsulzadə hələ 98 il öncə öz çıxışlarında, apardığı polemikalarda göstərib. Dövlətimizin banisi onun partiyasına opponentlik edən və əsasən din xadimlərindən ibarət olan qüvvənin liderinə təxminən belə bir söz deyib ki, din məsciddə olmalıdır, parlamentdə olmamalıdır, çünki parlament mübahisə yeridir, biz burda bir söz deyəcəyik, siz Allah adından çıxış edəcəksiniz və biz sizinlə mübahisə edəndə Allaha qarşı çıxış edirmiş kimi görünəcəyik.
“Dinin və dindarların siyasiləşdirilməsi kimi yolverilməz metodlardan yararlanmağa çalışanlar”ı pisləyən dindarlar isə təxminən eyni işi görürlər. Sözügedən bəyanat “dindarların siyasiləşdirilməsi”dir və bu bəyanatı Bakı şəhərində fəaliyyət göstərən 41 dini icmanın rəhbəri imzalayıb.