Bu gün Bakının daşnak-bolşevik tör-töküntülərindən azad edilməsinin 98-ci ildönümüdür. Azərbaycan xalqı üçün bu tarix həm də ona görə şərəfli və unudulmazdır ki, həmin gün paytaxtımız qardaş Türkiyənin birbaşa hərbi dəstəyi ilə, Qafqaz İslam Ordusu tərəfindən azad edilərək öz gerçək sahibinə qaytarılıb.
Yəni öncəliklə iki qardaş ölkənin ortaq hərbi zəfər nümunəsidir bu. Təsadüfi deyil ki, istiqlalımızın banisi böyük Məhəmməd Əmin Rəsulzadə 15 sentyabrın – Milli Qurtuluş Gününün 28 Maya bərabər dəyər daşıdığını xüsusi vurğulayıb.
Deyilə bilər ki, o illərdə tutaq ki, qonşu Gürcüstan da öz müstəqilliyini elan etmişdi, lakin Tiflisin azadlığı gürcülər üçün bunca aktuallıq kəsb etməyib, onlar öz paytaxtlarının azadlığı üçün xarici hərbi köməyə lüzum görməyiblər. Orası elədir, ancaq Bakı o zaman (elə indi də) regionda tamamilə fərqli, özünəməxsus, üstün bir status daşıyan, çoxlarının iştahla baxdığı şəhər, “yağlı tikə” idi. Bakı faktiki, bölgənin siyasi, geosiyasi mərkəzi, zəngin neftə malik mühüm iqtisadi və bənzərsiz energetik önəmə malik diyarı, Güney Qafqazın siyasi taleyində açar rola malik şəhəri, kəsəsi, döyünən ürəyi idi.
Bolşevik Rusiyasının əsas diqqəti, təhdidləri də məhz bu üzdən gənc müstəqil dövlət kimi Azərbaycana, Bakıya, Bakı neftinə yönəlmişdi. O səbəbə Bakının qurtuluşu avtomatik şəkildə qonşu Gürcüstanın müstəqilliyini möhkəmlətdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin XI işğalçı ordu tərəfindən süquta uğradılması da qısa zamanda Gürcüstandakı və Ermənistandakı respublikaların süqutuna gətirmişdi.
Azərbaycan indi də bölgənin siyasi taleyində vazkeçilməz dəyəri daşıyan ölkədir. Həmçinin Türkiyə 100 il öncəki kimi, bu gün də regionda həlledici, açar missiyasını davam etdirir. Gerçək bu ki, yenə böyük bir regionda sabitlik və sülhün bərqərar edilməsi məhz qardaş ölkənin siyasi iradəsindən asılı duruma gəlib. Yəqin ki, sonucda belə də olacaq.
Mənfur ermənilər də nə yazıq ki, 100 il öncəki kimi, öz bəd missiyasına sadiqdir, Rusiyanın, başqa böyük güclərin əlində regionumuzu qarışdırmaq üçün maşa rolu oynamaqdadırlar, bu rolun qarşılığında isə öz qonşularına qarşı işğalçılıq siyasətlərinə davam edirlər.
Ələlxüsus, Moskvanın əlində bir marionetə və ucqar quberniyaya çevrilmiş “müstəqil” Ermənistan hazırda Güney Qafqazın iqtisadi inkişafında əsas əngələ, daha dəqiqi, bölgənin vücudunda bəd xassəli şişə, metastaza çevrilib…
Sanki 100 ildə Qafqazda qüvvələr nisbəti dəyişməyib. Elə dost-düşmənlərin sırası da yerindədir və onların hamısı öz ampluasındadır – pisi pis, yaxşısı yaxşı rolunda. Demək, 15 sentyabrdan başlayan missiya, 15 sentyabr yolu hələ bitməyib. Demək, Azərbaycan bu gün də qardaş Türkiyədən möhkəm yapışması, öz siyasətini onunla sinxron şəkildə qurub xarici təhdidlərə qarşı birgə dirəniş göstərməsi labüddür.
Bunu öncəliklə ərazilərimizin işğal altında olması faktı diktə edir. Bu müqayisə də qüsurlu deyil: 98 il öncə əgər Bakı erməni-rus birləşmələrinin işğalı altında idisə, indi də 20 % ərazimiz yenə Rusiyanın sayəsində erməni tapdağı altındadır. Ortada yaxşıya dəyişən çox az şey gözə dəyir. Deməli, 15 sentyabr missiyası hələ bitməyib. Deməli, Qarabağın işğalına da yalnız Azərbaycan-Türkiyə tandemi həlledici faktor olaraq son qoya bilər.
15 sentyabrın ibrət dərsi elə budur. Zira, tarixdən dərs götürməyənlər onu təzədən yaşamalı olurlar.