Milli Şuranın dünən keçirilmiş mitinqi ilə bağlı iqtidar və müxalifət düşərgəsində, sosial şəbəkədə polemikalar, qarşılıql öcəşmələr sürərkən adamın yadına 18 i öncənin bu günü, 12 sentyabrı düşür.
18 il öncə həmin gün Bakıda bir möhtəşəm etiraz aksiyası olmuşdu.
Sanki üstündən 18 il keçməyib, 1-2 il keçib. Təəssüratlar o qədər canlıdır, təfərrüatlar o qədər yaddadır.
O aksiyaya nə mitinq demək olardı, nə nümayiş, nə də yürüş-filan. O, sadəcə, etiraz aksyasıydı, nəsə xaotik, nizamsız, kor-təbii bir aksiyaydı, eləcə etiraz səciyyəsi daşıyırdı.
Həmin aksiyanı SİDSUH (abbreviaturanın açması – Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkat) adlanan, siyasi qüvvələrin məsləhət-məşvərət məclisi olan bir blok keçirirdi.
O vaxt ölkədə nə qədər özündən deyən siyasi müxalif qüvvə vardısa, hamısı bu və digər şəkildə o aksiyaya qatılmışdı.
Seçki iliydi, iki aydan sonra prezident seçkisi keçiriləcəkdi, Müsavat və AXCP-nin lider olduğu Demokratik Konqres bloku vahid namizəd müəyyən etməmişdi (sona qədər də etmədilər, “azad seçki mühiti yoxdur”, dedilər).
AMİP Etibar Məmmədovun namizədliyini irəli sürmüşdü və uğurlu seçki kampaniyası aparırdı.
Rəsul Quliyev indiki kimi okeanı o tayındaydı, ölkəyə gəlmək istəyirdi və hesab edirdi ki, liderlərindən biri olduğu SİDSUH etiraz aksiyaları vasitəsilə onun ölkəyə qayıdışını təmin edəcək.
Lalə Şövkət Hacıyevanın partiyası xeyli populyarlaşmışdı və o, artıq mitinqlərdə Əbülfəz Elçibəylə, İsa Qəmbərlə yanaşı dururdu, gurultulu şəkildə alqışlanan çıxışlar edirdi.
İqtidar komandası birləşmiş müxalifət qüvvələrinə şəhərin mərkəzində aksiya keçirməyə imkan vermirdi, onları hazırda beynəlxalq avtovağzal yerləşən əraziyə – motodroma göndərirdi.
Müxalifət qüvvələri həmin ərazidə iki dəfə çoxsaylı mitinq keçirəndən sonra öz qüvvəsinə inam qazanaraq, şəhərin mərkəzində, Azadlıq meydanında toplaşmaq istəyirdi.
Hakimiyyətdə belə bir stereotip, əminlik vardı ki, müxalifət Azadlıq meydanına girə bilsə, hakimiyyət əldən gedəcək. Bu, çox qəribə bir təlaş idi. Ona görə də hökumət nəyin bahasına olursa-olsun, Azadlıq meydanını müxalifətə vermək istəmirdi.
12 sentyabr aksiyası belə bir gündə reallaşdı. Şəhərin mərkəzi hissəsində, “Sahil” bağı ətrafında (o zaman Müsavatın və AXCP-nin qərargahları bu həndəvərdəydi) toplanan müxalifətçilərlə polis qüvvələri arasında qarşıdurma yarandı. Bir ara elə göründü ki, polis qüvvələri minlərlə aksiya iştirakçısının qarşısından çəkilir. Sonra daxili qoşunların əsgərləri köməyə gəldi. MTN-in və DİN-in mülki geyimli əməliyyatçıları həbslərə başladı və qısa müddətdə bir neçə yüz fəal saxlanıldı.
İqtidar adamları çox həyəcanlanmışdılar, elə bilirdilər ki, artıq hər şeyin axırıdır. Sonradan Rəsul Quliyev əminliklə deyirdi ki, müxalifət 1 saat da o cür müqavimət göstərsə imiş, dövlət rəhbərliyi ölkəni tərk edəcəkmiş. Lakin bu iddianın nə qədər doğru olduğunu təsdiqləmək mümkün deyil.
12 sentyabr aksiyasının ertəsi günü həbs edilənlərin taleyindən xəbər çıxmadı. Onları hara aparıblar, harda saxlayırlar, vəziyyətləri necədir, bilinmirdi. Axtarışlar səmərə vermirdi. Heç bir güc strukturu “tutulanlar bizdədir” demirdi. Sonradan anlaşıldı ki, bunu saxlanılanlara işgəncə verdikləri üçün ediblər. Üzə çıxarılmalı halda deyilmişlər.
Bir neçə aydan sonra onlara bir neçə illik şərti cəzalar kəsib buraxdılar.
12 sentyabr aksiyasının bircə xeyri oldu ki, müxalifət mitinq keçirmək üçün daha motodroma getmədi, öz aksiyalarını şəhərin nisbətən mərkəzi hissələrində keçirdi.
Həmin aksiyaların isə heç nəyə xeyri olmadı, birləşmiş müxalifət qüvvələri seçkini boykot etdi, onlara birləşməyən AMİP isə seçkiyə gedərək xeyli səs topladı. AMİP rəhbərliyi iddia edirdi ki, ən azı seçkinin ikinci turuna keçməyə bəs edəcək qədər səs yığıb.
Sonradan 12 sentyabr aksiyasına bənzəyən, hətta ondan da izdihamlı və dirənişli mitinqlər, aksiyalar oldu, amma heç biri işə yaramadı. Həmişə nəsə baş verdi, nəsə çatmadı və ölkədə siyasi dəyişiklik etmək baş tutmadı.
Ona görə də hər dəfə 5-10 min adam bir məkana yığılıb aksiya keçirəndə dərhal eyforiyaya qapılmaq, özündən müştəbeh olmaq, bundan başqa siyasi qüvvələri ikinci plana keçirmək üçün istifadə etmək lazım deyil.
İndilikdə bu ölkənin kütləvi aksiyalara qatılan siyasi fəallar kəsimi bu qədərdir. Artacaqmı, artmayacaqmı, bu, müxalifətdən daha çox, iqtidarın qeyri-populyar addımlarından asılıdır.
Xalid Kazımlı
Musavat.com 12 sentyabr 1998-ci il aksiyasına aid olan bir neçə fotonu dərc edir: