img1306318

Sərkisyan rejimi növbəti şouya start verib. Heç bir siyasi, iqtisadi müstəqilliyi olmayan Ermənistanda indi də guya koalision hökumət adı ilə kadr “islahatları” başlayıb. Baş nazir, əslən yerli erməni olan Ovik Abramyan artıq istefa verib. Onu qarabağlı, Serj Sərkisyanın adamı sayılan Karen Karapetyanla əvəzləmək qərara alınıb. Əsgəranlı başkəsən Vitali Balasanyan isə yeni müdafiə naziri postuna gətiriləcəyi gözlənilir.

Sözsüz ki, bununla hakim qüvvə ilk növbədə vasitəçi dövlətlərin, beynəlxalq birliyin diqqətini Qarabağ məsələsində vaxtı çatmış güzəştlər məsələsindən yayındırmağa, vaxt udmağa çalışır. Eyni zamanda Sərkisyan taym-autdan istifadə edib hakimiyyətdəki “Qarabağ klanı”nı daha da gücləndirəcəyinə ümid edir.

Amma nə olsun. Hakimiyyətdəki cinayətkarların yerini dəyişməklə cəm dəyişməz – elə Ermənistanın iqtisadi durumu da. “İlanın ağına da lənət, qarasına da” deyiblər. Nə qədər ki, baş cinayətkar – Xocalı canisi Serj Sərkisyan, onun mənsub olduğu “Qarabağ klanı” işğalçı ölkənin hakimiyyətində qalacaq, erməni xalqı da ağ günə çıxmayacaq.

Qonşu xalqın bədbəxtliyi də bundadır ki, iqtidardakı “müharibə partiyası”na dözüm göstərməklə özü də istəmədən Qarabağda yeni müharibəyə “yaşıl işıq” yandırmış olur. Çünki ötən böyük zaman kəsiyi göstərdi ki, Sərkisyanın kriminal dəstəsi sülh danışıqlarında öz xoşu ilə konstruktiv mövqe tutmayacaq. Onu ya Rusiya buna məcbur edəcək, ya da Azərbaycan Ordusu.

Ermənistanda “milli hökumət” adı altında aparılan son kadr dəyişikliklərinin, Qarabağ məsələsində vaxt udmağa hesablanmış növbəti siyasi şounun arxasındakı başlıca mesaj bundan ibarətdir. Demək, ən əvvəl Azərbaycan düşmən ölkədə baş verənləri ciddiyə alıb müvafiq ölçü götürməli, öz hərbi qüdrətini, işğalçı Ermənistandan əzici hərbi üstünlüyünü daha da artırmalıdır.

Eyni zamanda tarixi fürsəti gözləməli və buraxmamalıyıq. Fürsət isə Rusiyanın Ermənistanı nə vaxtsa öz regional maraqlarına qurban verəcəyi məqamla bağlıdır. Belə bir məqam yetişə bilər. Rusiyalı tanınmış politoloqlardan birinin dediyi kimi, Moskva hər an Ermənistanı öz regional maraqları naminə “xərcləyə” bilər.

Yeri gəlmişkən, ermənilərin böyük siyasətdə hər an qurban veriləcək “peşka” olduğu dünən bir daha təsdiqlənmiş oldu: Almaniya Türkiyənin şərtini qəbul edib və Bundestaqın az öncə saxta soyqırımı tanımaqla bağlı qərarının hüquqi qüvvəsinin olmadığını rəsmən öz xarici işlər nazirinin dilindən bəyan edib. Bu da Türkiyə ilə İncirlik bazası ətrafında siyasi anlaşma kontekstində reallaşıb…
***
Ancaq Ermənistanda hansı siyasi oyunlar və ya tamaşalar oynanılır-oynanılsın, Azərbaycan xalqı öz torpaqlarında heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Apreldəki 4 günlük müharibə ilə, blits-hərbi zəfərlə həm düşmənə, həm də bütün dünyaya çatdırılan başlıca mesaj zatən, bu idi. Bunu sonuncu baş məşq də adlandırmaq olar.

Hər necə olmasa, Qarabağa dair BMT qətnamələrini, AŞ PA-nın, Avropa Parlamentinin, NATO PA-nın, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrini, habelə bizə torpaqları zor gücünə azad eləmək hüququ verən BMT Nizamnaməsini heç kim ləğv eləməyib. Erməni saytlarından birində getmiş yazıya bir soydaşımız yaxşı şərh yazmışdı. Yazmışdı ki, özünüzü öldürməyin, Dağlıq Qarabağın “kupçası” bizdədir, dünya birliyi onu məhz Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Nə qədər ki, Qarabağın “kupçası” bizdədi, nə qədər ki, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, nə qədər ki, özümüz də bu “kupçadan” imtina etmək fikrində deyilik, Qarabağ heç vaxt erməninin olmayacaq.