Bir də görürdün, atası babat vəzifədə işləyən tələbə yoldaşlarımızdan biri küçədə şütüyən qara “QAZ-24″ün dalınca həsrətlə baxa-baxa deyir: ”Maşın deyəndə budu ey. Ceyran kimidir”. Biz də nəsə deyirdik, o da əlavə edirdi ki, papasının pulu var, istəsə, bu gün alar, intəhası…
Söhbətin bu “intəhası”dan sonrakı hissəsi maraqlıydı və beləydi: “İntəhası, hökumət papamı dolaşdırar, tutub deyər, bu qədər pul səndə hardandır. Abaxeyis soyar, buraxar, keqebe tutar, buraxmaz”.
O vaxtlar “QAZ-24″ adlanan ”Volqa” markalı avtomobillərin qiyməti 15 min rubl idi. İndi içində sement, badımcan, soğan daşındığına baxmayın, o vaxt o maşını rayon rəhbərləri, böyük trestlərin rəisləri, bir də əmək qabaqcılları minirdilər. Hansısa ortabab, amma sosialist əmlakını dağıtmaq hesabına pullanmış müdir özünə “24″ alsydı, 24 saatın tamamında onu lazımi yerə çağırar, deyərdilər, vətandaş Filankəsov, bu qədər pul səndə hardandır.
O zamanlar hər rayonda el arasında adına “Abaxeyis” deyilən, rusca yazılışı abbreviatura ilə OBXSS olan, tərcümədə Sosialist Əmlakını Dağıdanlarla Mübarizə (SƏDM) Şöbəsi adlanan milis şöbələri vardı, qudurub “QAZ-24″, ”Jiquli” alanlara, ev tikdirənlərə belə suallar verirdilər, cavabla yanaşı, oğurlanmış sosialist əmlakından öz paylarını alırdılar.
Prinsipcə, SƏDM işçiləri ilə dil tapmaq olurdu, mərdimazar adam deyildilər, amma o da bir yerə qədər idi. Əgər bir adam sosialist əmlakını külli miqdarda dağıdıbsa, ona ən ürəyiyumşaq SƏDM rəisi də kömək edə bilməzdi və adamın tifağını dağıdardılar, gedərdi ağzıbirə. O vədələr də tamahkar adamlar vardı və vaxtaşırı ilişirdilər.
İlişməyin, “dolaşdırılmağın” qorxusundan pullu adamlar onu üzə çıxara bilmir, “bu qədər pul səndə hardandır” sualından qorxurdular.
Yadımdadır, sovet dövlətinin son illərində Pavlov adlı baş nazir vardı, bir gün qərar verdi ki, 50 və 100 manatlıq əskinaslar dəyişdirilməlidir. Pavlov ona görə belə etdi ki, milyonlarla sovet məmuru (və digər pullu adamlar) hərəyə bir neçə çamadan 50-lik, 100-lük yığıb atmışdılar evə, milyardlarla rubl dövriyyədən çıxarmışdılar.
Bu sərəncam veriləndən sonra ölkədə bir çaxnaşma, bir ajiotaj başladı ki, tarixdə analoqu olmayıb. Heç bir pullu adam 2 min rubldan artıq rubl dəyişə bilməzdi, əllərində isə azı 20 min, çoxu 2 milyon 50-lik, 100-lük əskinazlardan ibarət pul kütləsi vardı.
“Bu qədər pul səndə hardandır” sualı o pulluları vadar elədi ki, rayon yerlərində yaşayan kasıb qohum-əqrəbalarına, dost-tanışlarına müraciət eləsinlər, çamadanla pulu gətirib onların arasında 2000-2000 bölüb, sonra da təzə əskinaslarla yığıb aparsınlar.
“Demokrasidə çarə tükənməz” deyiblər, sovet məmurları, ali məktəb müəllimləri öz böyük paralarını bu yolla xilas etdilər. Bəlkə də ifşa olunmağın qorxusundan pulunu batıranlar da oldu. Bu da o adamlar ola bilərdi ki, heç vaxt heç bir qohumuna 5 manat verib əl tutmayıb, həmişə ağlayb, 1991-ci ildə də üzü gəlməyib ki, “mənim milyonlarımı öz adınızdan dəyişin” desin.
Sonralar, gərək ki, elə 1991-ci ildə SƏDM şöbələrini ləğv elədilər və daha sosialist əmlakını, eləcə də xalq malını dağıdanlara “”bu qədər pul səndə hardandır” sualı verən olmadı.
İş gəlib o yerə çıxdı ki, MTN generalı metropoliten rəisindən 3 milyon tələb etdi və aldı. İndi bəziləri media vasitəsilə rəisə “bu qədər pul səndə hardandır” sualı verir və onun “40 illik maaşımdır” cavabına qane olmur.
Eyni sualı generala versək, o da deyə bilər ki, 30 illik məvacibimdir. Amma hamımız bilirik ki, bu qədər pul maaşla başa gələn məbləğlər deyil. Hamı da Rəsul Quliyev deyil ki, 1995-ci ildə eyni sualla qarşılaşanda “ixtiralarımın qonorarıdır” desin və hamını borclu çıxarsın.
İndi SƏDM şöbələri yoxdursa da, amma korrupsiyaya qarşı mübarizə idarələri var. Belə görünür ki, onlar korrupsionerlərə “bu qədər pul sizdə hardandır” sualı verə bilmirlər. Hərgah versələr, korrupsionerlər onları işdən çıxartdırar, özlərini də tutarlar.