Yaxud, irlandın bizə düşəni…
Bakıda Avropa Oyunlarını qayıran Patrik Hikki adlı kişi Braziliyada bilet oğurluğunda suçlanıb türməyə salınandan bəri məni düşündürən bir məsələ var, öncə bunu sizlərlə bölüşüm, ürəyimdə qalmasın.
Həmin kişi İrlandiya Olimpiya Komitəsinin sədri idi. İrlandiya dünyanın ən inkişaf eləmiş dövlətlərindən biridir. BMT insan inkişafı indeksində 2015-ci ildə 6-cı yeri tutub (Müqayisə üçün, Azərbaycan 67-ci yerdədir). Bəs bu adamı Azərbaycan kimi ölkələrdən rüşvət almağa, Braziliya kimi acından ölən üçüncü dünya dövlətlərində bilet oğurlamağa vadar edən nədir? İnsanın nəfsi, tamahı görün onu hara sürükləyir… Demək, tamahın inkişafa dəxli yoxdur.
Eyni zamanda o gündən bəri fikirləşirəm ki, ey dadi-bidad, bu irlandlara həmişə hörmətlə yanaşırdım, ancaq gör onlardan bizim bəxtimizə hansı fırıldaqçı düşdü… Təsəvvür elə, sivil dünya irlandları ingilis müstəmləkəsinə qarşı mübarizəsi, Samuel Bekketi, Ceyms Coysu, U 2 qrupu, turizmi, viskisi və sairə ilə tanıyır, biz isə Patrik Hikkisi ilə. Yazılası dərd deyil. Bizdəki populyar terminologiya ilə yazsam, Patrik müəllim irland həqiqətlərini dünyaya çatdırmaq işində böyük can qoyubdur (Adı da irlandların pərəstiş elədiyi Müqəddəs Patrikin adından götürülüb, lap uyğun gəlir).
İsveçdəki Azərbaycan səfirliyindən yenə şikayət yazıblar, onu dərc edim bu arada: “Prezidentin Azərbaycana turist cəlb eləmək üçün 4 ay öncəki fərmanıyla vizaların qiyməti 20 dollara salınıb. Ancaq bu, Stokholmdakı səfirliyə, deyəsən, aid olmayıb. Zəng edib soruşanda ”bu fərman bizə çatmayıb deyirlər”. Sanki fərman Bakıdan İsveçə eşşək arabası ilə yola salınıb. İsveçdə Azərbaycan vətəndaşının uşağı doğulanda doğum şəhadətnaməsi vermək üçün az qala valideynlərin ulu babasının doğum şəhadətnaməsini tələb edirlər. Mən xüsusi maraqlanmışam, İsveçdəki İran, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Suriya, Özbəkistan, Qazaxıstan səfirliklərinə zəng vurub bu ölkələrin vətəndaşlarının İsveçdə uşağı dünyaya gələndə hansı sənədlərin lazım olduğunu soruşmuşam. Hamısı yalnız 3 sənəd tələb edir: nikah şəhadətnaməsi, doğum evindən arayış, valideynlərin pasportları. Bizim İsveçdəki səfirlik isə bundan əlavə hər iki valideynin doğum şəhadətnaməsini tələb edir. Başa düşülmür ki, əgər valideynin pasportu təqdim edilibsə, doğum şəhadətnaməsi nəyə lazımdır? Səfirlik absurd arqument gətirir: müharibə şəraitində yaşayırıq. Guya o biri dövlətlərdə sülhdür. Eyni zamanda bu sənədlər rüşvət üçün istənilir, çünki çox adam pul verib doğum şəhadətnaməsi olmadan da istədiyi sənədi alır. Bizim eşitdiyimizə görə, İsveçdəki səfir Allahşükür Paşazadənin yaxın qohumu olmasına arxayındır, o səbəbdən istədiyi qanunsuz hərəkəti edir. Bunların üzündən İsveçdən turistlər də Azərbaycana gəlmir, çünki viza almaq üçün gərək 15 gün əlləşəsən”.
Məktub öz yerində, məndə zəhmətkeşlərimizin vətənə kor-koranə sədaqəti də heyrət doğurur. İsveçdə yaşayır, uşağı isə Azərbaycan vətəndaşı kimi qeydiyyata aldırmaq istəyir. Əgər insan buna məcbur deyilsə, niyə eləsin ki? Azərbaycan vətəndaşlığı o uşağa indi və yaxın gələcəkdə nə verəcək? İşsizlik, borclar, ağır sosial şərait, işğal, devalvasiya, inflyasiya, qanunsuzluqdan başqa hansı miras var? Böyük adamı yenə başa düşürəm, onsuz vətəni seçmirsən, birtəhər tale ilə barışıb yaşamaq olur. Ancaq yazıq təzə doğulan uşağın nə günahı var? Bəlkə də belə valideynləri İsveç qanunları, beynəlxalq insan haqları konvensiyaları əsasında uşaqlara zülm eləmək maddəsi ilə tutmaq lazımdır. Girov götürülən adamın onu girov saxlayana psixi bağlılığının yaranması haqda Stokholm sindromu deyilən bir hal var. Görünür, Stokholmda yaşayan azərbaycanlılar da bənzər sindromdan əziyyət çəkib onları uzun müddət girov saxlamış vətənin beləcə psixoloji əsirinə çevrilirlər. Azərbaycandan qaçırlar, ancaq içlərindəki, qəlblərindəki Azərbaycandan çıxa bilmirlər.
Guya konstitusiya referendumundan yazacaqdım, yenə əcnəbilər imkan vermədilər.