Biz də uzun illər bu adamın adına olan küçələrdən keçmiş, orta məktəbdə şeirlərini oxumuş, sözlərinə yazılmış musiqiləri dinləmişik. Biri beləydi:
“Hər aşiqin dövranı var,
Hər bir bağın bağbanı var.
Hər bağçanın reyhanı var.
Rahimin öz cananı var.
O bənzəməz gülə, bülbül”.
O isə əslində bir cəlladmış, əli qələmli cəllad. Söhbət sovet dövrünün alovlu kommunist şairi Məmməd Rahimdən gedir. Bugünlərdə onun 1937-ci ildə böyük şair Mikayıl Müşfiqin gənc yaşında ölümə göndərilməsinə səbəb olası “ifşaedici” məqaləsi dərc olunub. Bu yazı məqaləyə də yox, sovet prokurorlarının oxuduğu dövlət ittihamnaməsinə oxşayır.
Yazını oxuyursan və görürsən ki, onun müəllifi nə dərəcədə xəbis, məkrli, mərdiməzar biri olub. Adam rəsmən cəzalandırıcı orqanlara yazdığı donosa imza qoyub ölkənin birinci qəzetində dərc etdirib.
Müşfiqi və Stalin repressiyasının qurbanı olan digər görkəmli ziyalılarımızı məhz belə manqurt xislətli, üzəduran, evyıxan adamların açıq-gizli yazdıqları donoslar hesabına məhv ediblər. Yoxsa Stalin nə bilirdi ki, Müşfiq nə yazır, kimi, nəyi tərənnüm edir.
Ölkənin ən işıqlı adamlarını sata-sata, üzlərinə durub labüd ölümə göndərə-göndərə 37-ci il repressiyasından canlarını salamat qurtarmış Məmməd Rahim və digərləri bu hərəkətləri ilə əslində Azərbaycan ziyalılığına böyük zərbə vurub, ölkənin intellektual fondunu məhv ediblər.
Özlərini yabançı ideologiyaların, ad və qılıq dəyişdirən işğalçıların xalqa zorla sırıdığı ritorikanın və düşüncə tərzinin əsirinə çevirmiş bu şəxslər üçün bir ziyalının öz milli kimliyini dərk etməsi təhlükəli iş idi. Görün, M.Rahim Mikayıl Müşfiqi nədə ittiham edir:
“Pantürkist Müşfiq dildə osmanizmi təbliğ edirdi. O, müstəqil Sovet Azərbaycanının dilini tanımayırdı. O, pantürkist, panislamist bir dil ilə Azərbaycan xalqı dili arasında büllurlaşmağa doğru gedən doğma sovet ədəbiyyatı dili arasında heç bir fərq görməyirdi. O, öz fikirlərini yürütmək üçün ”gəliyor”, “gediyor”u rayonlarımızdakı “aleyir”, “gəleyir” ilə qarşılaşdıraraq Sovet Azərbaycanı ilə Türkiyə dili arasında heç bir fərq olmadığını iddia edirdi. Onun dildə pantürkist bir siyasət yürütdüyünü göstərmək üçün leksikonundan gətirəcəyimiz bir neçə misal kifayətdir. O, “vətən” deyil, “vatan”, “həftə” əvəzinə “hafta”, “şəfəq” deyil, “şafaq” işlədirdi”.
Bax, sovet rəhbərləri və kommunizm ideoloqları məhz belə manqurtların əliylə, diliylə Türkiyə və Azərbaycan arasında sədd çəkməyə çalışır, bu dövlətlərdə yaşayan və etnik kökü eyni olan xalqı parçalayır, bir-birindən uzqlaşdırır, onlara ayrı-ayrı millətlər olduqlarını təlqin edirdilər.
Üstündən 80 il keçib, biz hələ də Anadoluda və Azərbaycanda yaşayan xalqların eyni millət olduğunu, yüzdə doxsan eyni dildə danşdığını sübut etməyə çalışırıq. Müstəqillik qazanmağımızdan, Türkiyə ilə sıcaq (indi kimsə deyəcək ki, müəllif niyə “isti” yazmır, dilimizi korlayır) münasibətləri bərpa etməyimizdən 25 il keçir, hələ də rahimlərin dilimizə, etnik kimliyimizə rəhimsizcəsinə vurduqları zərbənin təsirini yox edə bilməmişik. Sovet dönəminin korafəhim, yaltaq və satqın ziyalıları araya elə bir qaratikan kolu əkiblər ki, tikanları hələ də əl-ayağımızı dalayır, cızır.
Bu sətirlər Azərbaycandan 1500 kilometr uzaqda, Türkiyənin ucqar şəhərində yazılır, amma burada Azərbaycan deyəndə hər kəsin üzü işıqlanır. Burada hər kəs doğmadır, kiminin “vatan”, kiminin də “vətən” deməsinin heç bir fərqi yoxdur. (Bu boyda vətən olduqdan sonra qalın sait-incə sait söhbəti etmək çox yersiz söhbətdir).
Bu gün nə Mikayıl Müşfiq həyatdadır, nə də Məmməd Rahim. Biri 78 il öncə amansızcasına güllələnib, o biri ondan 40 il sonra öz əcəli ilə, 70 yaşındaykən ölüb. Birindən parlaq misralar, ən azı “Yenə o bağ olaydı” kimi gözəl poeziya nümunəsi qalıb, o birindən 30 kitab qalıb, amma içində bir düz-əməlli misrası yoxdur, varsa da, şəxsiyyəti üzündən kitablarının arasını heç kim açmır. İndən belə heç olmayacaq. Məmməd Rahimin bu cür “ifşaedici” məqalələri onun bədii yaradıcılığını üstələyir, yerlə bir edir.