Dünən Mərkəzi Seçki Komissiyasının adından bir yekə jurnalı gətirib taxıblar qapıya. O dükanlarda hansı malın təzəsi gəlib, salfetka neçə qəpik ucuzdur, tualet kağızını rulonla alsan sərf edərmi tipində broşürlər olur ha, bax, onun fason bir zad idi. Sadəcə, bunun içində sentyabrda olacaq referendumda konstitusiyamızın hansı maddələrinə barmaq edəcəyik (pis mənada anlamayın, çünki səsvermədə barmaq çox önəmlidir, o səbəbdən üstünə ultrabənövşəyi mürəkkəb çiləyirlər – referendumdan sonrakı seçkilərdə bu da dəyişəcək, barmağımıza çiş edəcəklər), bu haqda geniş yazılmışdı.
Çox kövrəldim, Allah səni də kövrəltsin, Məzahir müəllim. Yenə yaxşı mənada, çünki ağlamağım sevincdən idi. Bəs necə, gör hökumət mənim kimi sadə zəhmətkeşlərə necə hörmət qoyur! Hansı maddəni dəyişəcəyik, bu haqda geniş məlumat verir. 25 ildir müstəqillik yollarına qədəm qoymuşuq, ilk dəfə idi belə şey görürdüm. Bəlkə də konstitusiyanın axır nəfəsidir, bir növ, vəsiyyətnamə şəklində qayırıblar. O axmaq videoda deyilən kimi: “Baxın, baxın, həsrət qalacaqsınız”.
Ancaq mən konstitusiya dəyişikliyinə tərəfdaram, bu haqda növbəti yazılarımda ətraflı bildirəcəyəm. Hələlik gəlin sizə təhsil sferasından xəbər verim.
Sən demə, bu il universitetlərin ödənişli ixtisaslarına qəbulda xeyli azalma varmış. Qabaqlar millət borc-xərc, kredit-filanla uşağı oxuda bilirmiş, indi isə devalvasiya, iqtisadi çətinlik, bankların çezməsi, kredit almaqda yaranan çətinliklər təsirini göstərib. İndi uşaq pulluya düşəndə valideyn deyir, bala, oxuyub nə edəcəksən, qələtini elə otur evdə.
Bu kimi məsələlərə modern.az saytı Hadı müəllimdən münasibət öyrənibdir. Çox maraqlı şərh ortaya çıxıb, istədim siz də oxuyasınız.
Demək, Hadı Rəcəbli deputatxanada sosial siyasəti qayıran komitənin şefidir. Xalqımız isə onu daha çox “müəllim dərsdən sonra gedib divar hörsün, soğan əksin, hamamda kisəçilik eləsin” sözləri ilə yadda saxlamışdır. Üzr istəyirəm, burda soğan təklifinin müəllifi, deyəsən, Aqil müəllimdir, əşşi, problem yoxdur, hamısı millətin qaymağıdır. Uzun sözün qısası, jurnalistin təhsil problemləri haqda sualına Hadı müəllim belə cavab verib: “Təhsilin keyfiyyətinin yaxşılaşması istiqamətində Bakı Dövlət Universitetində, Slavyan Universitetində dəyişikliklər olub. Məsələn, bu il Slavyan Universitetinə qəbul olunanların sayında ötən illə müqayisədə 10 faiz artım var. Universitetin yeni rektorunun imici də buna təsir edib. Nurlana Əliyeva Sabir adına Kollecə də rəhbərlik edəndə ora maraq yüksək idi. O vaxt deyilirdi ki, o texnikum təkcə peşə öyrətmir, həm də gəlin hazırlayır”.
Bəli, gözünüzə yanlış görünmədi, Hadı müəllim məhz gəlin hazırlamaqdan bəhs edibdir. Deyir indi Slavyan Universitetindən də yaxşı gəlinlər çıxacaqdır. Slavyan üslubunda gəlin. Bah. Əsl azərbaycanlı kişi arzusu. Ta insana nə gərəkdir?
Eyni zamanda yaxşı olar BDU da bəy hazırlasın, yoxsa BSU-nun hazırladığı gəlinləri kim almalıdır? Buna təhsilin inteqrativ islahatları, kurrikülüm və quqquluquim, Balonya prosesi deyilir! Misir müəllimin ruhuna və pedaqoji əmvatın cəminə bir salavat zikr edək, ilahi, amin!
Azərbaycan Pedaqoji Universiteti qayınana, Texniki Universitet bacanaq, Tibb Universiteti yengə, İqtisad Universiteti yeznə, Neft Akademiyası baldız hazırlamalıdır. Barı bir işə yarasınlar. Bədən Tərbiyəsi Akademiyasında isə “Toy gecəsi” ixtisası açılmalıdır.
Burda bir incə məsələ də var, oxucular mütləq bilməlidir. Məsələ ondadır ki, Nurlana Əliyeva BSU-ya rektor keçəndən sonra uca millətimizin diqqətini universitetin girişindəki gözəl bədii mozaikanı sökməklə çəkmişdir. Başqa bir islahat yox idi. Bəs Hadı müəllim niyə məhz onu misal çəkir, özü də gəlin hazırlamaq kontekstində? Vay-vay… Sən demə, Hadı müəllim özü bu pedaqoji islahatın maraqlı tərəflərindən biridir, şəxsən qayınata sifətində – Hadı müəllimin oğlu Nurlana Əliyevanın qızı ilə evlənibdir! Qudasını bizə örnək göstərir.
Sən də deyirsən konstitusiya… Məzahir müəllim, ayrı işin-gücün yoxdur sənin?